Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cənubdan bəd xəbərlər


Hakimin vəfatı, toyda ölüm, intihar və elektrikdən dünyasını dəyişən
Son 2 gündə cənub bölgəsində bir neçə ürək ağrıdan hadisələr baş verib. Beləliklə, cənublu sabiq hakim dünyasını dəyişib, hamının döyüşkən bir müəllim kimi tanıdığı Asif Abbasın oğlu naməlum səbəbdən intihar edib, Astarada bir gənc toyda rəqs edərkən həyatla vidalaşıb. Lənkəranda isə bir nəfər elektrik vurmadan ölüb.
İndi isə internet saytların bu ölümlər barədə yaydığı məlumatları sizə təqdim edirik:

Masallılı, Bədəlan kəndində boya-başa çatmış, Ağır Cinayətlər üzrə Məhkəmənin hakimi işləmiş Ağababa Babayev dünyasını dəyişib

Bir neçə il əvvəl fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda axtarışda olan Elşad Abdullayev tərəfindən videosu yayılan Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Ağababa Babayev dünyasını dəyişib.
Bu barədə APA-ya A. Babayevin yaxınları məlumat verib.
Məlumata görə, 67 yaşlı A. Babayev ötən gün uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, E. Abdullayev video müraciətində qeyd edib ki, qardaşı Mahir Abdullayevin müəmmalı şəkildə yoxa çıxması ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Babayev Ağababa Fərman oğlu ilə söhbət edib.
E. Abdullayev bildirib ki, o söhbəti gizli lentə alıb. Bu video və audio yazıları Respublika Prokurorluğunda yaradılmış istintaq komissiyasına da təqdim edib. Sabiq rektor hakimlə söhbətinin 2007-ci ilin iyuluna təsadüf etdiyini bildirir.

Lənkəran rayon sakinini elektrik cərəyanı vurub.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 29-da saat 14.20 radələrində rayonun Kərgəlan kəndində qeydə alınıb.
Kənd sakini, 1990-cı il təvəllüdlü Siyavuş İnqilab oğlu Paşayev elektrik cərəyanı vurması nəticəsində ağır xəsarət alıb. Yaxınları onu Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırsalar da, gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı rayonun hüqiq - mühafizə orqanlarında araşdırma aparılır.

Masallıda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə bu gün rayonun Dəmirçi kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Aqil Asif oğlu Abbasov əmisinə məxsus fərdi yaşayış evində özünü asaraq öldürüb. Hadisənin hansı səbəblərdən baş verdiyi hələlik bilinmir.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

Astara rayonunda toy zamanı qonaqlardan birinin halı qəfil pisləşib.

BAKU.WS-in məlumatına görə, 1976-cı il təvəllüdlü Samid Tofiq oğlu Məmmədov qəfil yerə yıxılıb. Dərhal onun üçün təcili yardım həkimi çağırılıb. Lakin həkim gələnə qədər Samid Məmədov dünyasını dəyişib.
İlkin ehtimala görə, o, ürək tutumasından ölüb. Faktla bağlı araşdırma aparılır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10