Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəmiyyət barmağından tikan çıxmış kimi zoqquldayır



Az qalırsan, deyəsən ki, sizə elə seçmək imkanı verməsələr, yaxşıdır

 

“Cinayətləri məhv etmək kifayət deyil, adətləri dəyişdirmək lazımdır”

V.Hüqo, “Səfillər”

 

Son həftələrdə ölkənin siyasi arenasında əməlli-başlı silkələnmə hiss olunur. İllərdir sakitliyə öyrəşmiş, adi bir MKİS (Mənzil Kommunal İstismar Sahəsi – xalq arasında daha çox “JEK” (!) kimi tanınır) rəsinin belə, dəyişdirilməsi təəccüblə qarşılanan cəmiyyətdə, birdən-birə bu miqyaslı dəyişikliklər, sözsüz ki, silkələnmə yaradacaqdı.

 

Yanaşmalar müxtəlifdir, kimi adəti üzrə gedəni söyüb, gələnə xoş sözlər yağdırır. Kimi sabiqlərə sədaqətini sübut etmək üçün dəridən-qabıqdan çıxır. Kimi gözləmə mövqeyindədir. Kimi də...

 

Bir sözlə, mövqelər müxtəlifir (bu da təbiidir). Açıq etiraf edək ki, son dəyişikliklər – Prezident Administrasiyasındakı dəyişikliklər cəmiyyətdə daha çox səs-küy yaratdı. Əslində bu qərarın veriləcəyi artıq çoxlarına sirr deyildi, gözlənilən idi.

 

Bir haşiyə çıxım. Uşaq olanda bəzən barmağıma tikan batırdı və o tikanı çıxarmağa qorxurdum. Tikansa orda qalıb irin edirdi və nəhayət cəsarətə gəlib tikanı çıxarırdım. Tikanı çıxaran kimi əvvəlcə barmağım möhkəm zoqquldayırdı, sonra isə zoqqultu dayanırdı və canıma ləzzətli rahatlıq gəlirdi.

Bu haşiyəni ona görə yazdım ki, son dəyişiklikdən sonra cəmiyyətdə gedən müzakirələr mənə o zoqqultunu xatırlatdı. Məncə, cəmiyyət “barmağından” tikan çıxmış kimi “zoqquldayır”. Gözləyirəm, görüm “zoqqultu” çəkiləndən sonra cəmiyyətə ləzzətli rahatlıq gələcəkmi, yoxsa yox.

 

Söhbət, təbii ki, xüsusən mətbuatdan gedir. Mətbuatımızın vəziyyətinin düzəlməsini ürəkdən istəyirəm. Ən azı, ona görə ki, bir ölkədə əhali öz mətbuatına inanmadısa, o zaman öz ölkəsi ilə bağlı informasiyanı da başqa ölkələrin mətbuatından almağa çalışırsa, bu, çox təhlükəlidir. Bir də arzu edirəm, yeni məmurlar elə olsunlar, elə işləsinlər ki, onlardan sonra kimsə onlardan intiqam almaq həvəsində olmasın. Bir sözlə, Nemezidanın (antik yunan əsatirlərində intiqam ilahəsi) tərəfdarı olmağa zərurət qalmasın.

 

“Baş verən hər şeyin öz səbəbi var, ipin ucu kələfi axıra qədər açır”

V.Q.Yan, “Çingiz xan”

 

Əlbəttə ki, baş verən hər şeyin öz səbəbi var, həmçinin elə yeni parlament seçkilərinin keçrilməsi xəbərinin də. Ancaq biz burda səbəb, başqa sözlə ipin ucunu axtarmaq fikrində deyilik. Bu yazını yazmaqda məqsədim diqqətimi çəkən bəzi məqamlara toxunmaqdır. Onlardan biri də, yuxarıda qeyd etdiyim kimi, tezliklə keçrilməsi gözlənilən nöbədənkənar parlament seçikləridir.

 

Mətbuatdan oxudum ki, hakim partiyadan olan deputatlar yığışaraq dövlət başçısına müraciət ediblər və o müraciətin əsasında da hazırkı parlamentin buraxılacağı gözlənilir. Bunun hüquqi tərəfi necədir, YAP-dan olan deputatlar nə yazıblar, niyə yazıblar və s. bu kimi suallar mənə maraqlı deyil. Maraqlı olanı indi yazacam.

 

Ancaq bir də başqa məqam maraqlı gəldi: YAP-dan olan bir neçə deputatın bununla bağlı açıqlamalarına baxdım və o nəticəyə gəldim ki, bunları dinləyən istənilən sadəlöhv adamda belə təəssürat yarana bilər ki, bu adamları zorla deputat ediblər və bunlar illərdir parlament binasında özlərini qəfəsdə oturmuş quş kimi hiss ediblər.

 

Gələk mətləbə (niyəsə çox vaxt mətləbə gec gəlirik). Yeni Parlament seçkilərinin keçiriləcəyi məsələsi gündəmə gələn kimi müxtəlif saytlar, şəxslər sorğular keçirməyə başladılar və xüsusən də sosial şəbəkələrdə belə sorğulara rast gəlmək olurdu. Qoyulan sual isə təxminən belə idi: Kim(lər)i parlamentdə görmək istəyirsiniz?

 

Açığını deyim ki, verilən cavabları, sorğuların nəticələrini görəndən sonra “elə sizə seçmək imkanı verməsələr, yaxşıdır”, - deyə düşündüyüm də oldu. Yenə də aktyorların, aktrisaların adlarını öndə çəkmişdilər. Nədir-nədir, sözünü deyən adamlar imişlər. Harda deyiblər bu sözü, nə deyiblər, bu, başqa mövzudur.

 

Kimlər yox idi ki, siyahıda: hansısa xarici mətbuatda bir-iki dəfə çıxış edib (kriteriya budursa, elə ən yaxşı namizədlərdən biri də mən ola bilərəm, qeyri-təvazökarlıq olsa da), filan yerdə bunu edib, filan yerdə onu edib və s.

 

Düzünü etiraf edim ki, verilən cavablar, çəkilmiş adların əksəriyyəti məni xəyal qırıqlığına uğratdı. Deyəsən, çoxumuz anlamırıq ki, parlament ali qanunverici orqandır. Orda siyasət adamları, dünya siyasətindən, iqtisadiyyatdan, hüquqdan və s. baş çıxaranlar olmalıdır. Əlbəttə ki, bu şəxslərdə də vətən, millət sevgisi olmalıdır. Çünki onların əməldəki vətən sevgisi xalqımıza birbaşa təsir edə bilər.

 

Nədir vətən sevgisi? Cavabı çox sadədir: öhdənə düşən işi vicdanla görmək (səhv etmirəmsə, yazıçı Anarın sözüdür). Parlamentdə bizim, dolayısı ilə ölkənin taleyini həll edə biləcək qanunlar qəbul olunur və olunacaq. Orda oturacaq adamların yaş həddi (yuxarı) önəm daşımamalıdır. Guya ki, gənc olmaq hər şey deməkdir? Bir sözlə, məsələ yaşda olmalı deyil, önəmli olan baş və başın içindəkidir.

 

Gənc vaxtlarımda yüksək vəzifədə işləyən, yaxından tanıdığım biri mənə çox məsuliyyətli iş (hər halda o vaxt mənə elə gəlmişdi) təklif etdi. İstəmədim və səbəbini də belə izah etdim ki, hələ çox gəncəm, bu işin məsuliyyəti böyükdür. Öhdəsindən gələ bilməsəm, çox adama zərərim dəyə bilər (“Bakılı oğlanlar”ın məşhur səhnələrinin birində deyildiyi kimi, gül kimi tər-təmiz uşaq idim).

 

Açığı, çox istəyərəm ki, parlamentə (və həmçinin istənilən vəzifəyə) iddialı olanlar unutmasınlar ki, onlar insanların və hətta dövlətin taleyini həll etmək imkanında olacaqlar. Onların səhvləri bağışlanmaya biləcək səhvlər də ola bilər. Ən başlıcası, unutmasınlar (unutmayaq) ki, bu dövlət bizimdir, bu xalq bizimdir. Biz sözdə deyil, əməldə ölkəmizlə fəxr edə bilməliyik. 

 

Nəhayət, parlament seçkili orqandır. Ora ayrı-ayrı adamların deyil, seçicilərin seçdiyi şəxslər getməlidir. Deputatlar (dünyanın çox yerində) onları seçənlərin maraqlarına xidmət edirlər (ən azından, növbəti seçkiləri düşünərək”. Odur ki, “Parlamentdə kimləri görmək istəyirsiniz?” sualına mənim cavabım belə olar: “Parlamentdə seçdiklərimizi görmək istəyərdim”. 

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10