Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İnsan hüquqları sahəsində gözləntilər: Ümid, məyusluq və tərəddüd



Ombudsman yeniləndi, bəs onun məsul olduğu sferada hansı yeniliklər gözlənilir?

 

Nəhayət, İnsan hüquqları üzrə müvəkkilimiz (Ombudsman) yeniləndi – 82 yaşlı Elmira Süleymanovanı, 39 yaşlı Səbinə Əliyeva əvəzlədi. Bəs cəmiyyətin, hüquqşünasların, hüquq müdafiəçilərinin bu dəyişiklikdən gözləntiləri nədir? Suala ayna tutmağa çalışdıq.

 

Hüquqşünas Nicat Gözəlov dəyişikliyə nikbin yanaşır: “Yeni ombudsman həkim, diplomat və ziyalı ailəsindəndir. Hüquqşünas olması daha yaxşı haldır, baxmayaraq ki, hüquq müdafiəçisi, ombudsman olmaq üçün başqa ixtisas sahibi də ola bilərsən. Bu məqam vəzifə üçün əsas tələb kimi qoyulmyıb. Məsələn, keçmiş ombudsman ixtisasca hüquqşünas deyildi”.


“Gümanlarımız, gözləntilərimiz çoxdur. Yeni gənc ombudsmandan operativ reaksiyalar gözləyirik. İnsan hüquqları baradə bilikli, Konstitusiya Məhkəməsinin işçisi olması, inzibatçılıq bacarıqları olması səbəbindən inanıram ki, baş verənlərə obyektiv münasibət sərgiləyəcək. Ümid edirəm ki, əvvəlki iş sistemi olmayacaq, təkcə məktubları qəbul etmək, şikayətlərə qulaq asmaq iş deyil. Vətəndaşların müraciətlərinə baxılırdı, amma nəticələr yox idi. Ötən illər ərzində ümidlərimiz heç bir formada doğrulmadı. Ombudsman daha çox cəsarət, döyüşkənlik tələb edən institutdur. Burada bilik, bacarıqla yanaşı, qətiyyət də lazımdır”, - Gözəlov bildirib.

 

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə müsbətə doğru ciddi bir yenilik gözləmir: “Fikrimcə, müstəqil şəxs deyil. Qohumluq hesabına dəstək alıb, bu dəstəyi doğrultmağa çalışacaq. Tələb onun isə obmudsman kimi işləməsidir. İstəyərdim ki, media yeni təyin olunmuş xanımın kiminsə həyat yoldaşı olmasını deyil, onun mütəxəssis kimi cəhətlərindən yazsın. Keçmiş Ombudsman Elmira xanımı çoxdan tanıyıram. QHT rəhbəri idi, pis çalışmırdı. Onun yerinə isə peşəkar yox, qohuluq əlaqələrindən dolayı birini gətirdilər, öz adamları kimi. Düzdür, Elmira xanım da öz adamları idi. Yəni dəyişən bir şey olmadı”.

 

“Hər bir qurumu insanlar onun fəaliyyəti ilə qiymətləndirirlər. Gürcüstanda, Moldovada bu qurum haqqında müsbət fikirlər var. İnsanlar inanır və hörmət edirlər. Əgər bir qurumun varlığını cəmiyyət hiss etmirsə, düşünürəm ki, bu quruma çəkilən xərc büdcəyə zərbədir. Amma yaxşı, peşəkar, müstəqil Ombudsman Aparatına ciddi ehtiyac var”, - Qəhrəmanlı vurğulayıb.

 

Hüquqşünas Fərhad Mehdiyev isə hesab edir ki, yeni ombudsmanın fəaliyyətinə bir müddət sonra qiymət vermək mümkün olacaq: “Yeni ombudsmanın əvvəlki fəaliyyəti barədə xəbərsizəm. Bu işin nəzəriyyəsi var, “kimlər ombudsaman ola bilər”, deyə. İxtisasca hüquqşünas olmasa belə, onun fəaliyyətində insan hüquqları əsas xətt olmalıdır, təcrübəsi, vətəndaş cəmiyyətində nüfuzu vacibdir. Ombudsmanın dünya səviyyəsində də əlaqələri olmalıdır. Çünki burada əsas hədəf vətəndaşa yaxın olub, onun probleminin həllinə yardım etməsidir. Ombudsman qərarverici şəxs olmasa da, hər halda onun bəzi məsələlərin həllində, hətta qanunların işləmə mexanizminə təsiri ola bilər. Bu səlahiyyət sahibinin işinin öhdəsindən gəlməsi üçün təcrübəsi vacibdir”.  


“Yeni ombudsmanın haqqında bildiyim tək məqam onun Konstitusiya Məhkəməsində işləməsidir. Ancaq insan hüquqları sahəsində tutarlı fəaliyyəti nəzərə çarpmır. Keçmiş ombudsmanın bəzi məsələlərdə, azca da olsa, fəaliyyətləri vardı, hansısa quruma onun adından məktublar yazılırdı, araşdırma aparırdılar. Amma ombudsmanın daha geniş miqyaslı işlər görmək imkanları var. Bir çox sahələrdə yarıtmaz idarəçilik halları var, qanunun tənzimləməsində çatışmazlıqlar mövcuddur. Yeni ombudsman problemlərin həllində çox müsbət dəyişikliklər edə bilər, həbsaxanalardakı vəziyyətlə bağlı, şikayətlərlə bağlı sözünü deyər, insan hüquqları sahəsində şəffaflığın təminatına töhfə verə bilər”, - Mehdiyev əlavə edib.

 

Qeyd edək ki, Azərbaycanın ilk ombudsmanı 2002-ci il iyulun 2-də Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyi üç namizəd arasından 111 səslə (112 səsdən) seçilib. Həmin tarixdən indiyədək İnsan hüquqları üzrə müvəkkil vəzifəsini Elmira Süleymanova icra edib. Onun səlahiyyət müddəti 2017-ci ildə başa çatsa da, bu günə qədər vəzifəsinin başında idi. 


ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10