Çeçenistan Respublikası Müsəlmanları Ruhani İdarəsi avtomobil sahiblərindən Quran ayələrindən tonlama, yəni maşınlarına həkketmə kimi yararlanmaqdan imtina etməyə çağırıb.
Cenub.az xəbər verir ki, “Qroznı-inform” portalının yaydığı məlumatda belə deyilir.
Paytaxt Qroznı müftisinin müavini, qazı Adam İlyasovun sözlərinə görə, bu cür davranışlar Uca Allahın kəlamlarını təhqir etmək deməkdir.
“Avtomobillərinin üzərinə Quranı-Kərim ayələri həkk edilmiş sürücülərdən onları kənarlaşdırmağı xahş edir və Quran kəlamlarını ləkələməməyə çağırırıq. Bu, yersizdir. Bununla oynamaq olmaz. Bilirik ki, Qurana yalnız dəstəmazlı şəkildə toxunmaq olar. Siz isə Quran ayələrini avtomobilin ən çox çirklənən hissəsi olan arxa pəncərəsinə yapışdırırsınız. Belə davranış bu gün gənclər arasında yayılır. Dəbə çevrilir. Biz xahiş edirik ki, bunu etməyəsiniz. Əcdadlarımız Quranın olduğu otaqda soyunub-geyinməkdən belə, çəkinərdilər. Müqəddəs Yazılara hörmət göstərərək hər hansı bir məkana Quran daxil olanda dədə-nənələrimiz ayağa qalxardılar. Çünki bu, sünnədir. İndi çoxları bunu aradan çıxarıb. Ona görə də bu Müqəddəs Yazıları yapışdıran, onların əksini reklam məhsulu kimi istehsal edən və satanları Allahdan qorxmağa və Quran ayələrini murdarlamamağa çağırırıq”- deyə din xadimi bəyan edib.
Müfti müavini qeyd edib ki, bütün müsəlman dünyasında İslam qanunlarının biliciləri - fəqihlər də Qurandan ayələr yazıb maşınlara yapışdırmağı qadağan edib.