Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

19 avqust 2015-ci il. Çəpərüstü söhbət


19 avqust 2015-ci il. Çəpərüstü söhbət- Qıza, bu istilərlə neynirsən, kurort-filan barədə heç fikirləşirsən?
- Bacı qurban, hər gün elə xəbərlər eşidirəm ki, elə onun sərinliyi, soyuqluğu mənə bəs eləyir. Qaldı ki, kurort məsələsinə, bizdə istirahət məkanlarını elə günə qoyublar, elə hala salıblar, adam heç bilmir nə etsin.
- Onları da sökürlər?
- Söksələr, bundan yaxşıdır. Onlardan o qədər haqq alırlar, elə soyurlar ki, heç keçmişdə İstisudakı “Donuz ütən” adlı yerdə donuzları belə ütmürdülər. Yalan-doğru, bir istirahət mərkəzinin rəhbəri pıç-pıçla danışırdı ki, hər il 16 “toçka”ya haqq veririk, yoxlayıcılar da heç bir-birinin kitabını oxumur. Yəni, mənimkini mənə, qalanları ilə özün bilərsən. İstirahət məkanlarının işçiləri da adam gələndə gizlənir, qabaqlarına qaçmırlar ki, birdən yoxlama olar. İstirahət mərkəzlərinin rəhbərləri gələn “qonaqlar”a verdiklərini də yükləyirlər ora istirahətə gələn qonaqların kürəyinə. Çoxlarını belə yerlərdən qaçaq salandan sonra isə qiymətləri 2 dəfə ucuzlaşdırsalar da, “klent” tapa bilmirlər. Hələ axşamlar, gecəyarısı istirahətdən qayıdanların maşınlarının üzərinə desant kimi tökülüşən, onları mühasirəyə alıb, istirahətlərini burunlarından gətirən “QAİ” işçilərini demirəm.. (Adamın yadına Gürcüstan düşür – yüz kilometrlə yolda nə Radar var, nə “Post QAİ”, bir neçə saatdan bir polis maşını ya görəsən, ya görməyəsən. Hər min nəfərə düşən qəzaların da sayı bizdən qat-qat az. Onu da xatırladım ki, ölkəmizdə 1,5 milyon maşın var, 6 ayda sürücülər 1,7 milyon dəfə cərimə olunub).
- Bəs bu yazıqlar nə ilə dolanır?
- Ümid qalır “o məsələ” ilə məşğul olanlara. Çünki “o məsələ” elə sahədir ki, dünyanın ən ac vaxtında da bu işə pul xərcləyənlər olur. Bu yaxınlarda Nil bağından Göl bağınadək və digər yerlərdəki “o məsələ” yuvalarından internetdə nələr paylaşmamışdılar. Heç biri də təkzib olunmadı. Hələ hacılardan birinin rəhbərlik etdiyi istirahət obyektlərinin birində “namus keşikçiləri” ilə hacının qohumları arasında olan əməlli-başlı davanı, məşhur qardaşların ora gələnlərin maşınlarına xəsarət yetirməsini demirəm. Düzdür, bəzən qurunun oduna yaş da yanır, amma bu işdə ta bineyi-qədimdən həmişə qazanc olub. İndi axşamlar bəzi istirahət mərkəzləri şami-qəribana dönsə də, qaranlıq dəliləri orada necə lazımdırsa, kefə baxa bilirlər.
- Onsuz belə şeylərdən mini ola, çoxlarının ruhu ölüb, tərpənən deyil. Elə yapışıblar 1-2 qəzetçinin boğazından ki, onu yazmadın, bundan yazmadın.
- Bir balaca saxla, “ölü” dedin, yadıma maraqlı bir fikir gəldi. Deməli, bizdə hər şey “ölür”, adamdan başqa.
- Bu necə sözdür, qıza?
- Qoy açıqlayım. Baxırsan, işıq var, amma heç çayı qaynatmağa gücü çatmır, yəni işıq “ölüb”. Qaza əl atırsan, görürsən, bapbalaca hamamı belə qızdıra bilmir, yəni qaz “ölüb”. İnternetə girirsən, bir videoya baxmaq üçün az qala bir saat vaxt sərf edirsən, yəni, internet “ölüb”. Yelağac kimi ucqar yerdə gözəl-göyçək həkim məntəqəsi tikirlər, amma məlum olur ki, burada işləməyə həkim yoxdur, yəni burada səhiyyə “ölüb”. Məktəbə girirsən, yaraşığı göz deşir, amma illərlə bir tələbə yetişdirə bilmir, yəni orada təhsil “ölüb”... Qısası, bu “ölülərdən” çox sadalamaq olar - yəni kiminin ruhu ölüb, kimin bədəninin əsas, strateji hissələri ölüb. Amma maraqlı orasıdır ki, bizdə hər şey “ölür”, adamdan başqa. Məsələn, onlarla insan dünyasını dəyişir, amma qəbrə gedəndən sonra da illərlə pensiya alır. Yaxud, dünyadan köçən insanın 40-ı çıxandan sonra da kimlərisə övladlığa götürür. Qəbirdən DSMF-yə, notariusa sənəd yollayır ki, mən filankəsi övladlığa götürürəm və buna görə onlarla adam illərlə pensiya alır. Yəni bizdə ölülərin dirilərə verdiyi xeyr dirilərin dirilərə verdiyi xeyirdən çoxdur.
- Allah səni güldürsün. Sənin bu söhbətin yadıma bir lətifəni saldı. Deməli, sovet dövründə qadın deputatlarımızdan biri gedir Türkiyəyə. Söhbət əsnasında ona sual verirlər ki, siz, sovet müsəlmanları öləndə dəfn zamanı dini ayinlərə əməl edirsiniz? Sovet qadın deputat bilmir nə desin. Fikirləşir ki, birdən çaşıb eləyərəm, biabırçılıq olar. Birtəhər özün toparlayıb qürurla bildirir ki, sovet adamı ölmür. Baaax, indi o ölməyən ölülər bilirsən dirilərin başına nə oyunlar açır? Hərbi komissarlıqda məşhur bir İbrahim var e... Bütün dövrlərin yeyib-içən, qaz vurub-qazan dolduran, həmişə də sudan quru çıxan İbrahimi. Həzrəti İbrahim bir nəfərin başın kəsə bilməsə də, o, az qala hər gün hörmətli, şövkətli komissarımızla birgə o qədər çağırışçının “başını kəsir” ki, bir də görürsən sapsağlam oğlanlar da alt-paltarların batırıb və həmin diaqnozla da hərbidən yayınıb. Belə getsə, bizdə “ne qodni”lərin sayı sağlamlardan çox olacaq. Necə deyərlər, ANA VƏTƏN ÇAĞIRIR - müharibə gedən ölkənin səfərbərlik idarəsini rüşvətxorluq idarəsinə, haram pulların meydanına çevirənlərin cəzasını kim verəcək, görəsən?
- Amma öz aramızdır, keçmişdə belə fırıldaqlar yox idi ha!?
- Hər dövrün öz fırıldaqları, lap obrazlı desək, öz sevgiləri olur.
- Amma məni təəccübləndirən başqa məsələ də var. Bax, bu qədər yazırıq – komissarlıqda filan fırıldaqlar, təhsildə korların da gözünə girən rüşvətxorluqlar, nə bilim pensiya, ünvanlı yardım idarələrində yerə-göyə sığmayan əliəyriliklər... Bəs bunları heç cəzalandıran yoxdur?
- Deyirlər, hər mərd qadının arxasında mərd bir kişi dayanır. Bizdə də hər saxtakarlığın arxasında daha böyük saxtakarlar, daha vicdansız bir məmur dayanır. Onların hər biri bu saxtakarlığı bir cür himayə edir. Hərəsinin öz dəllalı, öz iş verəni, öz üzəduranı var. Keçmişdə deyərdilər ki, hamı dəli olanda mollanın yanına qaçır, bəs molla dəli olanda hara getsin. Dünyanın hər yerində haqsızlığın, ədalətsizliyin qarşısının alındığı son ünvan ədalət məhkəmələridir. Bəs bizdə? Elə ən böyük ədalətsizliyi, vicdansızlığı bəzi hakimlər edir. Maşınlarına, vid-fasonlarına baxanda elə bilirsən ki, bu da bir çayıldır. Əməlinə, danışığına baxanda deyirsən, tutub ağzına-ağzına vurasan. (Allahtərəfi bəzi yaxşıları, savadlıları, əqidəliləri də var). Gah televizordan, gah sağdan-soldan eşidirsən ki, filan-filan oğurluqlar olub, filankəsləri belə qandallayıblar və sair. 2 aydan sonra görürsən ki, bizim ədalətli hakimlərimiz 2-3 min manat alıb, həmin oğru-quldurları buraxıb azadlığa. Həmin şəxslər də başlayır daha böyük oğurluğa -axı hakimlər sırasında day-day tapıblar.
- Onsuz da indi çoxu ad çəkmir, bəlkə bir az da detalları xırdalayasan ki, hansı hakim hansı murdarlığı edib?
- Deyim də. Necə deyərlər, təsvir etmək məndən, adın tapmaq sizdən. Neçə illərdir ki, 200 minlik rayona rəhbərlik edən bir hakim var. Təki ona pulun ucunu göstər, hansı cılızlığa, daha nələrə, nələrə gedir. Bu yaxında rayonda 15 yaşlı bir qıza təcavüz ediblər. Bu hakim də nə etsə yaxşıdır. N adlı bir dəllalın vasitəsi ilə 2 min manat alıb, bu əməli edəni buraxıb azadlığa. Həmin azyaşlının da gücü məhkəmə binasında özünü yandırmağa çatıb - benzini əlindən güclə alıblar. (Qoy, kimisi ibrət, kimisi nifrət, kimisi də, üzdəniraq, nümunə götürüb, öyrənsin ki, bəzi “qeyrətli” hakimlər qeyri-ənənəvi işlərdən, qeyr-ənənvi yollarla necə pul qazanırlar). Eşq olsun. Burada deyirlər e, “qeyrətüvə” qurban olum. Hələ onu demirik ki, onun qəbuluna düşən, çıxılmazlığa düçar olan qadınlara hansı əxlaqsız təkliflər edir. Bəzi hacılarımız da onu görəndə salamı ikiqat verir. Həmin hakimin “savadı”na da söz ola bilməz, neçə ilin hakimidir, “xüsusi icraat qaydası” ilə “xüsusi iddia icraatı qaydasını” bir-birindən ayıra bilmir.
- Kimdir e, o elə?
- Bax bura qədər mən dedim, qalanını da siz deyin (xəlvəti yox a, adınızı, soyadınızı göstərməklə). O vaxt mən də belə qondarma hakimlərin digər əməllərini qoşum böyrünə, işıqlandırım, verim zəhmətkeşlərin istifadəsinə, görsünlər ki, nemətsə də, gözəl qanun, hakim olan pul da (...) yeyir. (3 nöqtə olan yerə hərə öz bənzətməsin yaza bilər).
Elcan Zahir





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10