Mediaturda Cənub Ərazi Baş Gömrük İdarəsinin İran ilə sərhəddə yerləşən Astara gömrük postu haqqında ətraflı məlumat verilib. Bildirilib ki, mediaturun məqsədi media nümayəndələrinə gömrük sistemində aparılan islahatları, əldə edilən nəticələri əyani şəkildə nümayiş etdirməkdir. Səfər zamanı media nümayəndələri ixrac və idxal gömrük nəzarət xəttində həyata keçirilən əməliyyatları izləyib, sərnişin keçid xətlərində gömrük nəzarətinin təşkili prosesi ilə tanış olublar.
Astara gömrük postunun rəisi Habil Mehdiyev jurnalistlərə məlumat verib ki, gün ərzində 8 minədək sərnişin və 300-dən çox yük nəqliyyat vasitəsinin, eyni zamanda, 50-dək yüngül minik nəqliyyat vasitəsinin bu gömrük postu vasitəsilə keçidi təmin olunur.
Gömrük sistemində kadr və struktur islahatları hesabına dinamik idarəçilik mexanizminin tətbiq olunduğunu bildirən H.Mehdiyev artıq sərhədkeçmə proseslərində intensivliyin təmin olunduğunu, vətəndaş-məmur münasibətlərinin minimuma endirildiyini, vaxt və vəsait itkisinin aradan qaldırıldığını diqqətə çatdırıb.
Eyni zamanda, media nümayəndələrinə müvəqqəti saxlanc anbarlarının təyinatı, bu anbarlarda malların saxlanılması qaydaları, mobil gömrük nəzarətinin tətbiqi, "Yaşıl dəhliz" buraxılış sistemi ilə malların və nəqliyyat vasitələrinin hərəkəti və qeydiyyatı ilə bağlı məlumat verilib.
Günün ikinci yarısında isə təlim çərçivəsində təqdimatlar nümayiş etdirilib.
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı "İslahatlar prosesindən sonra qaçaqmalçılıqla mübarizə fəaliyyətində baş verən dəyişikliklər", Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Xarici ticarət iştirakçıları ilə iş şöbəsinin böyük inspektoru Elmin Allahverdiyev "İslahatlar prosesində gömrük nəzarətinin təkmilləşdirilməsi və ticarətin asanlaşdırılması ilə bağlı tətbiq edilən yeniliklər", Gömrük Risklərinin İdarə Olunması və Audit Baş İdarəsinin Operativ araşdırmalar şöbəsinin böyük inspektoru Orxan Vahabov "Gömrük sistemində həyata keçirilən şəffaflıq fəaliyyəti çərçivəsində bəyanetmə prosesində meydana çıxan problemlər, onların həlli yolları", Gömrük-Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Transsərhəd əməkdaşlığı şöbəsinin rəisi Cəfər Quluzadə "İslahatlar çərçivəsində gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən tədbirlər və bu tədbirlərin sərhədkeçmə prosesindəki rolu" mövzusunda təqdimatla çıxış ediblər.
Astara gömrük postunun rəisi, gömrük xidməti mayoru Habil Mehdiyev Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postundan müvafiq olaraq piyadaların idxal-ixrac xətti ilə gün ərzində bir istiqamətdə 3000-4000 vətəndaş hərəkət edir:
"Ümumilikdə isə, idxal- ixrac xəttində gün ərzində 7000-8000 arası vətəndaşın hərəkəti təmin edilir. Bayram günlərində, həcc və Kərbəla ziyarətlərində bu rəqəm artır. Belə ki, idxal-ixrac xəttində keçən vətəndaşların sayı bu günlərdə 10 minə çata bilir" . H. Mehdiyev qeyd edib ki, sıxlıq əsasən nəqliyyat vasitələrinin hərəkətində müşahidə olunur: "Belə ki, gün ərzində idxal-ixrac xəttində 60-70 avtobus və minik vasitələrinin keçidini təmin edirik. Ziyarət dövründə isə gün ərzində bu rəqəm 300-400 avtobusa və nəqliyyat vasitələrinə qədər çata bilir. Sıxlığın qarşısını almaq üçün də "Elektron növbə" sistemi də tətbiq olunur".
"Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər" mövzusunda təlim noyabrın 30-da başa çatacaq.
Musavat.com