Bildiyimiz kimi, marşrut avtobuslarında əsas xərclər istifadə olunan yanacaqla bağlı olur.
Cenub.az yeniavaz.com-a istinadla xəbər verir ki, bu səbəbdən də marşrut avtobuslarında gediş haqqı müəyyən olunarkən yanacağın qiyməti əsas götürülür. Dəfələrlə müşahidə etmişik ki, ölkədə yanacağın qiyməti artan zaman marşrut avtobuslarında da gediş haqqı artırılır. Onu da qeyd edək ki, şəhərdaxili marşrut avtobuslarında yanacaq növü kimi əsasən dizeldən istifadə olunur.
Bir ölkənin marşrut avtobuslarında gediş haqqını digər ölkələrlə müqayisə edən zaman təkcə gediş haqqını deyil, həm də yanacağın qiymətini müqayisə etmək lazımdır. Çünki yanacağın baha olduğu ölkələrdə gediş haqqının da yüksək olması lazımdır. Lakin, maraqlıdır ki, iki qonşu ölkədə - Gürcüstan və Ermənistanda yanacağın qiyməti Azərbaycanla müqayisədə yüksək olsa da, marşrut avtobuslarında gediş haqqı Azərbaycanla eyni səviyyədədir.
Azərbaycanda dizelin 1 litrinin qiyməti 60 qəpik (0,35 dollar) təşkil edir. Paytaxt Bakıda xidmət göstərən marşrut avtobuslarında gediş haqqı 30 qəpiyə (0,18 dollar) bərabərdir. Rəqəmlərdən də göründüyü kimi Azərbaycanda gediş haqqı yanacağın (1 litr) qiymətindən cəmi 1,9 dəfə azdır.
Ermənistanda dizelin 1 litrinin qiyməti 420 dram (0,88 dollar) təşkil edir. Paytaxt İrəvanda xidmət göstərən marşrut avtobuslarında gediş haqqı isə 100 dram (0,21 dollar) bərabərdir. Rəqəmlərdən də göründüyü kimi Ermənistanda gediş haqqı yanacağın (1 litr) qiymətindən 4,2 dəfə azdır.
Gürcüstanda isə dizelin 1 litrinin qiyməti 2,7 lari (0,91 dollar) təşkil edir. Paytaxt Tbilisidə xidmət göstərən marşrut avtobuslarında gediş haqqı isə 50 tetri (0,17 dollar) bərabərdir. Rəqəmlərdən də göründüyü kimi Gürcüstanda gediş haqqı yanacağın (1 litr) qiymətindən 5,4 dəfə azdır.
Dizel (1 lt - dollar) | Gediş Haqqı (1 gediş - dollar) | Fərq (dəfə) | |
Gürcüstan | 0,91 dollar | 0,17 dollar | 5,9 |
Ermənistan | 0,88 dollar | 0,21 dollar | 4,2 |
Azərbaycan | 0,35 dollar | 0,18 dollar | 1,9 |