Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Oliqarx, alverçi deputatlardan xilas olmaq lazımdır”



Parlamentin buraxılması qərarı gənc siyasətçilərdə ümidlər yaradıb

 

Məlum olduğu kimi, YAP Siyasi Şurasının dünən keçirilən təcili iclasında parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib. Sözügedən qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.

 

Bu gün isə Milli Məclisin plenar iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq. Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət olunacaq.

Bu qərar gözlənilən idimi? Habelə, Parlamentin buraxılacağı və növbədənkənar seçkilərin keçiriləcəyi təqdirdə, gəncləşmə siyasətinə yer veriləcəkmi?

 

Cenub.az xəbər verir ki, ayna.az sözügedən qərarla bağlı gənc siyasətçilərin fikirlərini öyrənib.

 

Ağ Partiyanın sədri Tural Abbaslı qərarın qəfil olmadığını deyib: “Siyasi dairələrdə bu, qəfil qərar kimi qəbul olunmadı. Çünki uzun müddət idi ki, Parlamentin buraxılması gözlənilirdi. Səbəb də o idi ki, iqtidarın həyata keçirdiyi kadr islahatlarının məntiqi ardıcıllığı Parlamentin buraxılmasını tələb edirdi. Çünki heç kəsə sirr deyildi ki, hazırkı Parlament və onun tərkibi ölkə başçısının elan etdiyi standartlara cavab vermirdi. Ona görə də bu qərar əvvəlcədən gözlənilən idi”.

 

“İlk növbədə 20-25 il ərzində ard-arda deputat seçilib və heç bir fayda verməyən, Parlamentdəki çıxışları ilə sosial şəbəkə və mətbuatda gülüş doğuran, yaxud da hakim komandaya utanc gətirən insanlar kənarlaşdırılmalıdır. Düşünürəm ki, onların içində, əsasən yaşlılar nəzərdə tutulur. Amma bir məsələ də var ki, Prezident son çıxışlarında yaşlıları kampaniya şəklində uzqlaşdırmağın əleyhinə olduğunu bildirmişdi. Bu baxımdan da burada ziddiyətlər yaranır. Buna baxmayaraq, oliqarx, alverçi deputatlardan xilas olunmalı, dövlət və dövlətçiliyi başa düşən insanlara yer verilməlidir”, - deyə Abbaslı vurğulayıb.

 

Ümid Partiyası sədrinin təbliğat-təşviqat məsələləri üzrə müavini Tamilla Qulami də qərarın gözlənilən olduğunu bildirib: “Son zamanlar millət vəkillərinin çıxışlarının ictimailəşdirilməsi nəticəsində, cəmiyyət bir çox deputatların Milli Məclisdə oturmağa layiq olmadığını gördü. Çünki millət vəkilləri Parlamentdə xalqın haqlarını müdafi edəcək fikirlər səsləndirmirdilər. Elə buna görə də cəmiyyət bir daha əmin oldu ki, Parlamentdə oturanlar, ümimiyyətlə mandatdan məhrum olmalıdırlar”.

 

“Düşünürəm ki, bu, Azərbaycan stereotiplərinə görə qəfil qərar sayılsa da, eyni zamanda gecikmiş və doğru bir qərardır. Çünki Azərbaycanda bir çox gənclər cəmiyyətin ictimai-siyasi həyatında kifayət qədər əhəmiyyətli rol oynayılar. Buna görə də xalq istədiyi namizədi seçirsə, bunun üçün yaş heç bir əhəmiyyət kəsb etmir. Ümid edirəm ki, bundan sonra seçkilərin demokratik və şəffaf keçirilməsi üçün də şərait yaradılacaq”, - deyə Qulami əlavə edib.

 

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu da sözügedən qərarın gözlənilən olduğunu qeyd edib: “Bu prosesin olacağı aylar öncədən nəzərdə tutulurdu. Sadəcə proses bir qədər uzun çəkdi. Ki, bu da ölkə Prezidentinin ölkədə gəncləşmə siyasəti aparması ilə bağlıdır. Prezident ortaya qəti mövqe qoyaraq müəyyən reformalar aparır. Klassik, müasir innovasiyalardan xəbərsiz, bir qədər köhnə düşüncə tərzinə malik olan kadrları müasir innovasiyalardan anlayışı olan, sürətli qərarlar qəbul edən gənclərlə əvəzləyir. Parlamentin buraxılması da bu islahatlarla bağlıdır. Hesab edirəm ki, namizədlərin mütləq əksəriyyəti də gənclərdən ibarət olacaq”.

 

“Parlamentdə bəzi deputatlar var ki, iş görmək əvəzinə Milli Məclisdə yatmaqla məşğuldurlar. Hesab edirəm ki, yaranmış yeni siyasi vəziyyət müxalifət üçün ən əlverişli şəraitdir. Müxalifət də iqtidarın gəncləşmə siyasətinə özündə güc tapıb, mütləq formada cavab verməlidir. Yəni müxalifətin namizədlərinin də mütləq əksəriyyəti gənclərdən ibarət olmalıdır. Bir sözlə, müxalifət toparlanmalı və öz daxilində potensiallı gəncləri irəli sürməlidir. Bu proses siyasətdə birqütblü islahatları ölkə miqyaslı islahatlara çevirə bilər. Məncə, müxalifət bu barədə ciddi-ciddi düşünməlidir”, - müsahibimiz söyləyib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10