Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sizin icra başçınız - İmişlidə Vilyam Hacıyevdən narazılar çoxdu, razılar?..



Azərbaycanda rayon və şəhər İcra hakimiyyətlərinin fəaliyyətinə heç vaxt birmənalı yanaşılmayıb. Bu da ondan irəli gəlir ki, bəzi icra başçıları onlara etimad olunan vəzifədən sui-istifadə etməklə necə deyərlər, “qurunun oduna yaşı da yandırıblar”.
Nəticədə də yaxşı işləyən icra başçıları pislərin fonunda itib-batıblar.

Məsələn, yerli icra hakimiyyəti başçılarının rəsmi vəzifə maaşları əhalinin sayına müvafiq olaraq 800 -1000 manat arasında dəyişdiyi halda onlardan kiminsə bahalı maşın kolleksiyasına malik olduğu, şəxsi mühafizəçilər saxladığı haqda təkzibedilməz xəbərlər yayılır. Ya da görürsən ki, sosial şəbəkədə hansısa icra başçısının övladının Avropanın ən bahalı otellərində lüks həyat tərzini əks etdirən fotoşəkilləri yayılır.

Bu cür halları az qala adiləşdirən bəzi icra başçıları yerlərdə əhalinin şikayət və təkliflərinə də biganə yanaşır, süründürməçiliyə yol verirlər. Nəticədə də vətəndaşlar yerlərdə həll olunmalı problemlərinə laqeyd yanaşıldığından nicatı daha yuxarı dövlət orqanlarında, o cümlədən Prezident Administrasiyasına müraciət etməkdə axtarır.

Hesablama Palatası da tez-tez hansısa rayon İcra hakimiyyətində korrupsiya faktları açıqlayır və bu barədə məlumatı ictimailəşdirir.

Təcrübə, eləcə də əhalinin müraciətlərinin təhlili danılmaz bir həqiqəti üzə çıxarır ki, vətəndaş öz problemi ilə əlaqədar müraciət etdiyi ilk instansiyadan əsaslı və konkret cavab alarsa, heç vaxt yuxarı orqanlara yazılı müraciət etməz və uzun məsafəni qət edərək, paytaxtdakı müxtəlif idarələrin qapısını döyməz.

Əlbəttə, biz yuxarıda sadalanan neqativ halları bütün rayon və şəhər İcra hakimiyyətlərinə aid etmirik. Yaxşı işləyən, yerlərdə əhalinin hörmət və ehtiramını qazanan icra başçıları da var.

Cenub.az xəbər verir ki, modern.az saytında yer alan “Sizin icra başçınız” adlı bu rubrikasında bölgələrə rəhbərlik edən rəsmi şəxslərin fəaliyyətindən söz açılır. Rubrikamızda icra başçılarının işinə verilən qiyməti həmin regionun deputatı və eks-deputatı, jurnalisti, ziyalısı və müxalifət nümayəndəsinin fikirlərində görə biləcəyik. Baxaq görək, onlar  icra başçılarının fəaliyyəti barədə hansı qənaətdədirlər?


Rubrikanın növbəti təqdimatı İmişli rayon İcra Hakimiyətinin icra başçısı Vilyam Hacıyevə həsr olunur.

 

Vilyam Hacıyev 14 aprel 2012-ci il tarixdən İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir.

 

Deputat Əsabil Qasımovun köməkçisi Rauf Həşimov:



“Vilyam Hacıyev yüksək tərbiyəyə malikdir və insanlarla ünsiyyəti yaxşıdır. Vilyam Hacıyevin savadı yüksəkdir deyə, insanları da başa düşür, onları yaxşı qarşılayır. Bakıda yaşasam da, mənim də əslim İmişlidəndir. Vilyam müəllim haqqında Əsabil müəllimin və mənim fikirlərimiz olduqca yüksəkdir. Hətta mən deyərdim ki, Vilyam Hacıyev kimi başçılar çox azdır”.


Rauf  Həşimov qeyd edib ki, Əsabil Qasımovun da hesabına İmişlidə bir çox işlər görülüb.


“Vilyam Hacıyev fəaliyyətə başladığı andan rayonda abadlıq işləri aparılıb, məktəblər təmir olunub. Qeyd edim ki, rayonun su və qaz problemi tamamilə aradan qaldırılıb. Vilyam müəllim icra başçısı təyin olunduğu vaxtdan rayon mərkəzindən başlayıb, kəndlərə qədər hər yerdə abadlaşdırma işlərinə start verib. Təbii ki, hələ də işlər davam etdirilir, mən və Əsabil müəllim Vilyam Hacıyevin fəaliyyətini yaxından izləyir və yüksək qiymətləndiririk”.

 

İmişli-Beyləqan seçki dairəsinin deputatı Çingiz Qənizadə:



“Mən belə hesab edirəm ki, Vilyam müəllimin fəaliyyətini normal qiymətləndirmək olar. Çünki Vilyam Hacıyev rayona icra başçısı təyin edildikdən sonra İmişlidə həddindən artıq çox iş görülüb. Əvvəla qeyd edim ki, son 6 ildə rayon abadlaşdırıldı, çoxlu sayda yeni binalar tikildi, yollar çəkildi, su-kanalzasiya problemi həll olundu. Cənab prezident də bu rayona səfərləri zamanı bir çox müəssisələrin açılışını etdi. Bu baxımdan belə hesab edirəm ki, icra başçısı kimi Vilyam müəllim ona göstərilən etimadı kifayət qədər doğrulda bilib. Seçildiyim İmişli-Beyləqan seçki dairəsi üzrə yerlərdəki problemlərlə bağlı mənə daxil olan şikayətlərin böyük əksəriyyəti ayrı-ayrı qurumları, hüquq-mühafizə və bələdiyyə orqanlarına aid olur. Onu da qeyd edim ki, bu tipli şikayətlər son vaxtlarda çox azalıb, yəni ay ərzindən bir və ya iki ərizə daxil ola bilər. Şikayət ərizələri daha çox Respublika əhəmiyyətli icra orqanları, nazirliklərlə bağlıdır. Yerli icra hakimiyyətinin işindən, onun fəaliyyətindən son illərdə demək olar ki, mənə şikayət daxil olmayıb”.

 

Çingiz Qənizadə qeyd edib ki, bu baxımdan Vilyam Hacıyevin fəaliyyətini normal qiymətləndirmək olar:

 

“Mən artıq 9 ildir ki, İmişli-Beyləqan seçki dairəsi üzrə fəaliyyət göstərirəm və fəaliyyət göstərdiyim müddətdə bir dəfə də olsun, həm İmişli, həm də Beyləqanın icra başçısı ilə aramızda hər hansı narazılıq olmayıb. Mən bu durumu müsbət dəyərləndirirəm. Əlbəttə ki, rayonda tamamlanmalı bir-sıra işlər var. Bu günlərdə bununla bağlı Milli Məclisin plenar iclasında İmişli rayonunda tamamlanmayan kənd yollarının, qaz çəkilməyən kəndlərin adlarını çəkdim və Maliyyə Nazirliyindən xahiş etdim ki, bu məsələlərin həllinə dair addımlar atılsın. Artıq Nazirliklərdən rayonla bağlı maraqlanmalar olub, arayış istəyiblər. Bu işlər də əslində icra başçısından asılı deyil. Bu tip məsələləri o da, mən də zaman-zaman qaldırmışıq. Bu istiqamətdə də işlərimiz davam edir”.

 

 
İmişlinin sabiq deputatı İltizam Əkbərli:


“Mən vaxtilə Vilyam Hacıyevin fəaliyyəti, idarəçiliyi ilə əlaqədar çox məsələ qaldırmışam. Hətta bir dəfə bizim bununla bağlı məhkəmədə qarşıdurmamız da olub. Düzdür, mən məhkəməni qazandım, amma artıq onunla bağlı heç bir fikir səsləndirmək istəmirəm”.

 

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev:



“Mən təbii ki, Vilyam Hacıyevin fəaliyyətini yüksək qiymətləndirirəm. Vilyam müəllim fəaliyyətə başladığı andan rayonda çox işlər tamamlanıb və hələ də görülən işlər var. Vilyam müəllim sayəsində İmişlidə abadlıq, quruculuq, sosial obyektlərin tikintisi, parkların salınması, yolların çəkilməsi məsələləri öz həllini tapıb. Təbii ki, hələ də işlər davam etdirilir. Rayonun qaz, su və digər bütün problemləri həll olunub”.

 

Azərbaycan Demokrat Partiyasının (ADP) İmişli rayon üzrə təşkilat sədri Məhbub Zülfüqarlı:


“Vilyam Hacıyevin mənfi xüsusiyyətləri də böyükdür, müsbət də. Bu yaxınlarda bir məsələyə görə mən həbs edildim. Mən əvvəl elə zənn edirdim ki, bu işin arxasında Vilyam Hacıyev də var, lakin sonradan öyrəndim ki, icra başçısının məni tutduran  bəzi oliqarxlara gücü çatmayıb. Bu yaxınlarda iştirakçıları 150 nəfərdən çox olan mitinq tşkil olunub. Mitinqçilərin tələbi xəyanət üstündə öldürülən bir xanımın qatillərinin əl-qollarını sallayaraq, çöldə rahat gəzməsiylə bağlı idi. Belə ki, mitinq iştiraşçıları qətli törədənlərin həbs olunmasını tələb edirdi. İştirakçılar hamısı həbs olunacaqdı, mən gələndən sonra Vilyam müəllimə iradımı bildirib “belə çıxır ki, mən gəlməsəydim bu 150 nəfər tutulacaqdı?”-deyə, sual verdim”.



Məhbub Zülfüqarlı qeyd edib ki, İmişlidə indiyə qədər 4 qətl hadisəsi olub, lakin öldürülənlərin hamısı kasıb olub deyə, qatilləri həbsdən azad olunublar:


“İmişlinin vəzifədə oturanlarının hamısı oğurluq işlərlə məşğuldur. Vilyam Hacıyev istəsəydi bu məsələ ilə bağlı prezidentə xəbər çatdırar və bir tədbir görərdi. Bundan əlavə, qeyd edim ki, İmişlinin Heydər Əliyev adına parkı özəlləşdirilib. Mən müxalifətçi və siyasi məhbus olsam da, Heydər Əliyevə qarşı müsbət fikirdəyəm. Ona görə ki, Əbülfəz Elçibəy özü də uyğun bilməsəydi, Heydər Əliyevi hakimiyyətə dəvət etməzdi.

Rayonun su problemi həll olunub, amma o qədər çirklidir ki, biz onu laboratoriyaya verdik. O suyu içmək faciədir. Az sayda kənd qalıb ki, qazla təmin olunmasın”.

 

Redaktor.az saytının baş redaktoru Eldəniz Vəliyev:


“Mən indiyə qədər İmişli rayonunda Vilyam Hacıyevdən zəif başçı görmədim. O, rayona gələn kimi mərkəzi küçədən başlayaraq indiki Heydər Əliyev küçəsində yaşayan vətəndaşların gül kimi qapılarını zorla çıxartdıraraq, hardansa baha qiymətə "silinmiş" taxta qapıları yerləşdirdi. Yollar, səkilər bərbad vəziyyətə düşdü, onlarla iri ağacı kəsdirdi. Yəni rayonumuz hazırda zəif dövrünü yaşayır. Açığı, vəzifədən uzaqlaşdırılan icra başçıları sırasında Vilyam Hacıyevin də adının olacağını gözləsəm də, təəssüf ki, bu baş vermədi”.

 


Eldəniz Vəliyev qeyd edib ki, rayonun kanalizasiya sistemində ciddi problemlər var:

 

“Bir ara bu istiqamətdə işlər intensivləşsə də, sonradan müxtəlif səbəblərdən ləngimələr baş verdi. Normadan bir qədər artıq yağıntılar olanda, insanların yaşadığı evlərin zirzəmisi suyun içində olur. Mavi qazın təzyiqində də mütəmadi olaraq problemlər yaşanır. Təhsil ocaqlarının vəziyyətinə gəlincə, ümumilikdə bu sahədəki vəziyyətə Heydər Əliyev Fondunun xüsusi diqqəti var. Əgər hansısa məktəbdə əsaslı təmir işləri aparılıbsa və ya yeni məktəb binaları inşa olunubsa, bunun İcra hakimiyyətinə heç bir aidiyyəti yoxdur. Rayonumuzda vətəndaşların asudə vaxtlarını səmərəli keçirmələri üçün, mədəniyyət mərkəzlərinin şəraiti ürəkaçan səviyyədə deyil. Bir sözlə, Vilyam Hacıyev özündən əvvəlki başçıların dünyadan köçənlərinə rəhmət oxutdurur”.

“Talk TV” internet televiziyasının icraçı direktoru Vüsal Qarayev:

 

“Vilyam Hacıyevdən razı adam çətin tapıla. Hətta iddia edirəm ki, yoxdur. Söhbət sakinlərdən gedir. Mən yaxşı bilirəm ki, doğulub, boya-başa çatdığım rayonun camaatı bu başçıdan çox narazıdır. Ona ən uğursuz başçı belə demək olar. Heç bir müsbət fəaliyyətiylə yadda qalmayıb”.

 


Vüsal Qarayev qeyd edib ki, sadəcə yeni vəzifəyə gələndə gərəksiz bir neçə iş görüb.

 

“Məsələn camaatın darvazalarını dəyişdi, divarları rənglədi. Mən dəfələrlə sakinlərlə söhbət aparmışam, müxtəlif tədbirlərdə onları dinləmişəm, bu başçı vətəndaşları qəbul belə etmir, onların dərdini-sərini dinləmək üçün addımlar atmır, müavinləri də həmçinin. Mən anlaya bilmirəm, niyə kadr islahatlarının aparıldığı bir zamanda vətəndaşın narazı olduğu Vilyam Hacıyev vəzifəsindən azad edilmədi? İmişliyə yeni nəfəs lazımdır, gənc kadr, intellektual, kreativ, çalışqan, işinə, İmişliyə, imişlilərə can yandıran. Ümid edirəm Prezident İmişli sakinlərinin narazılığını nəzərə alacaq…”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10