“Rayonlardakı insanlar da paytaxtdakı vəziyyətə baxıb gördülər ki, qadağalara burda riayət olunmur. Problem ona görə də həll edilməmiş qalır. Bir sözlə, hər dəfə yas mərasimləriylə bağlı məsələyə səhlənkar yanaşılır”
Bunu açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Əkrəm Həsənov deyib. İlahiyyatçı bu istiqamətdə konkret addımların atılmasını tövsiyə edib:
“Yas mərasimlərinin eyni şəkildə təşkil edilməsi məsələsi bir neçə ildir ki, müzakirə olunur. Hətta bununla bağlı rayonlarda icra başçılarına da tapşırıqlar vermişdilər. Bu gün isə Bakıda mərasim evləri çoxalıb və həmin yerlərdə hər şeydən geninə-boluna istifadə edilir. Rayonlardakı insanlar da paytaxtdakı vəziyyətə baxıb gördülər ki, qadağalara burda riayət olunmur. Problem ona görə də həll edilməmiş qalır. Bir sözlə, hər dəfə yas mərasimləriylə bağlı məsələyə səhlənkar yanaşılır. Ona görə də yas mərasimlərinin eyni şəkildə təşkil edilməsi üçün mərasim evlərinə ciddi tapşırıqlar verilməlidir ki, qaydalara riayət etsilər”.
İlahiyyatçı yeddi və qırx mərasimlərinin keçirilməsinə də münasibət bildirib:
“Yeddi mərasiminin yığışdırılması müsbət addımdır. Dinimizdə yeddi mərasimi deyilən bir qayda yoxdur. Bunlar ümumi olaraq türk xalqlarının adətidir. Bütün bunlar isə İslam dininə qarşı ziddir, yəni dində yeddi və qırx mərasimləri yoxdur. Elə bölgələrimiz var ki, orda 52 mərasimi də verilir. Məzar daşlarıyla bağlı deyilənlər də tətbiq olunmadı, sanki insanlar buna əməl etmək istəmədilər. Düşünürəm ki, bununla bağlı konkret bir proqram qəbul etdikdən sonra icrasına başlayacaqlar”.
Qeyd edək ki, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov jurnalistlərə açıqlamasında deyib ki, “Ölkədə yas mərasimlərinin eyni qaydada təşkil olunması üçün 2 üsul mövcuddur. Birinci üsul sərt cəzaların tətbiq ediləsi, ikinci üsul isə təbliğat yoludur. Biz hələ təbliğat yoluna üstünlük veririk.
moderator.az