Ruh mücərrəd olduğu üçün zaman və məkana tabe deyildir. Zaman və məkan anlayışı adətən maddi olan şeylərə aiddir.
Ruh bədənə daxil olan və onu diri saxlayan mücərrəd bir qüvvədir ki, Allah tərəfindən xəlq edilmişdir. Allah əvvəl insan bədənini maddi olan torpaqdan yaratmışdır. Ona forma vermişdir. Sonra isə Öz ruhundan ona üfürmüşdür ki, dirilsin. Ona görə də insan varlığının əsas hissəsini ruh təşkil edir. “Səndən (hər bir canlının həyat mənbəyi olan) ruh(un həqiqəti və sifətləri) barəsində soruşurlar, de: «Ruh mənim Rəbbimin əmrindən (meydana gəlmiş)dir (və onun hər hansı bir canlıda qalması və yox olması da Onun əmri ilədir) və sizə elmdən (xüsusilə ruhun həqiqəti barəsində olan elmdən) yalnız az (bir miqdar) verilmişdir»”. (“İsra” 85).
Başqa ayədə oxuyuruq: “Sonra nütfəni ələqə etdik (laxta qana çevirdik), sonra ələqəni muzğə etdik (çeynənmiş ət şəklinə saldıq). Ondan sonra muzğəni (yumşaq) sümüklər etdik. Beləliklə sümüklərə ət (libası) geyindirdik. Sonra onu (inkişaf etmək qabiliyyəti olan həmin cismi ruh üfürməklə ağıl və elmə layiq) başqa bir (canlı) məxluq (şəklində) vücuda gətirdik.
Buna görə də afərin Allaha! Yaradanların ən yaxşısı olan Allah, çox xeyir-bərəkətlidir!”. (“Muminun” 14).
Bu ayədə insanın yaranmasının mərhələləri bəyan edilmişdir ki, bir canlı məxluqa çevrilməsi üçün mütləq ruha ehtiyacı vardır. Bu ruhdur ki, onu diri saxlayır. Ona görə də ruh cisimdən fərqli bir şeydir. Əgər ruh olmazsa, bədən ölər. Cisim bitkilərə bənzəyər.
Ruh ilə cismin rabitəsi vardır. Bədən ruhun qəlibidir. Bu ikisi arasında xüsusi rabitə vardır. Onlar bir-birinə təsir edə bilirlər. Misal üçün, ruhun halları cismə təsir edər. İnsanı ya şad edər, ya da qəmgin və bu hissləri insanın üzündən oxumaq olur.
Ruh bədənin sayəsində kamala çata bilir. Misal üçün, natiqlik qabiliyyəti, İlahi maarifi qulaq və göz vasitəsilə qəbul etmək – bütün bunların hamısı ruh və cismin sıx rabitəsi sayəsində meydana gəlir.
Bədən ruhu kamala doğru aparır.
Ruhun fəzilətlərindən biri də budur ki, bədən ruhun ixtiyarındadır. Ruh nə istəsə, bədən də onu yerinə yetirər. Ancaq elə ki, bədəni tərk edər – bədən lazımsız bir şeyə çevrilər və napak olar. (Hədənə)
Beləliklə deyə bilərik ki, ruh mücərrəd olduğu üçün zaman və məkan anlayışı ona aid edilmir. Ona görə də ruhun eyni zamanda iki məkanda olması mövzusu qeyri-mümkün olan mövzulardandır.
/Deyerler.org/