Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Nəsimini soyan bıçağı korşalmağa qoymadın - Rafiq Tağıya...



Mehman Qaraxanoğlunun "Xoş halına, Rafiq Tağı" şeirini təqdim edirik.

Xoş halına,
Rafiq Tağı!
Adam adamı çap olunan şeirinə,
ad gününə,
nəvəsinə elədiyi sünnət toyuna görə təbrik edər.
Eşitdim,
səni öldürdüklərinə görə
“qeyrətli müsəlman qardaşlar”
bir-birini təbrik edirlər.

Xoş halına,
Rafiq Tağı!
Mən də bütün müsəlman qardaşlarımı təbrik edirəm!
Müsəlman qardaş
müsəlman qardaşı öldürməsə ,
nə müsəlman qardaşdı ki?

Sən Allah, 
yalandan ölmə,
Altı bıçaq zərbəsi nədir ki?
Portefilində özgə dindən olan
qardaşının kitabını zərbələrdən qorudun.
Düşündün ki,
bir millət kimi bizə nə deyərlər?
Məgər millətimin içində
öldürüləsi adamlar yoxdu ki,
indi də durub kitabları bıçaqlayırlar?

Bir həkim kimi
özün öz halına qiymət verdin:
“Mənim vəziyyətim stabil-ağır”
Nəyə işarə verdin, ay saqqalı ağarmış.
(nə yaxşı ki, saqqalını ağarmağa qoymadılar)
Bu gün
nə qədər namuslu qələm əhli var,
onların halları - stabil-ağır.

Bilməmiş deyilsən,
kütlə fitə uyandı –
hansısa bir fit verənin -
fitva verənin qorxusundan
Tiflisin qərib bir məzarlığında
gecə dəfn etdilər böyük Mirzə Fətəlini.
Yasinsiz… filansız.

Sən də gecə vuruldun –
Özü də necə?
Sonra da durub deyirsən ki,
Şairlərin dostudu gecə.
Xoş halına,
Rafiq Tağı!
Səni gündüz dəfn etdilər.
Yasinli… filanlı…

Fəqət
az qala
Allahsız deyirlər sənə
əlləşib nəyəsə edirlər müncər.
ay Allah,
nə qədər dindaş gizlənib
Quran arxasında-
əlində xəncər?

Xoş halına,
Rafiq Tağı!
Ölüb getdin –
dostlarını kam almağa qoymadın.
Nəsimini soyan bıçağı
Korşalmağa qoymadın.    /kulis.az/






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10