Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Əfqanıstana qoşun yeridilməsinə qarşı çıxan marşal – Oqarkovun enişli-yoxuşlu karyerası


Onun marşal rütbəsi almasının əsas təşəbbüskarı Nikolay Podqornı olub. Podqornı SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işlədiyi sonuncu il, 1977-ci ildə Nikolay Oqarkova bu ali rütbənin verilməsini Leonid İliç Brejnevlə çox çətinliklə razılaşdırıb. Sonralar Brejnev Oqarkovun ölkənin ordu quruculuğundakı fəaliyyətini yüksək qiymətləndirsə də, baş katiblə marşalın arasında fikir ayrılıqları da olub.

Nikolay Oqarkov Tverdə anadan olub. Yeddillik təhsildən sonra ilk əmək fəaliyyətinə satıcı köməkçisi kimi başlayıb. O, əvvəlcə Kuybışev adına Moskva mühəndis-tikinti institutunda, daha sonra isə Hərbi-mühəndis Akademiyasında təhsil alıb.
1941-ci ildə müharibə başlananda Oqarkov cəbhəyə yollanıb və müharibənin sonuna qədər döyüş bölgələrində xidmət edib. Bacarıqlı zabit olmasına, xidmətdə fərqlənməsinə baxmayaraq, Nikolay Oqarkovun müharibə illərində hərbi karyerası çox da uğurlu olmayıb. Amma buna baxmayaraq, marşal Jukovun, marşal Vasilevskinin diqqətində və yaddaşaında Oqarkov səriştəli və peşəkar zabit kimi qalıb.

Müharibədən sonra Uzaq Şərq hərbi dairəsində yüksək hərbi vəzifələrdə, o cümlədən hərbi dairənin qərargah rəisi vəzifəsində xidmət edəndə baş qərargahda onun Moskvaya gətirilməsi bir neçə dəfə müzakirə olunub, amma müxtəlif səbəblərdən yeni təyinat məsələsi təxirə düşüb.

Nikita Xruşov hakimiyyətə gələndən sonra Silahlı Qüvvələrdə ixtisara başlayanda Nikolay Oqarkov bu “islahat”dan kənarda qala bilib. Hətta əksinə, o, ilk ali rütbəsini, general-mayor rütbəsini məhz bu ərəfədə, 1957-ci ildə alıb. Həmin dövrdə müdafiə naziri olan marşal Georgi Jukovun təqdimatı ilə Nikolay Oqarkov Baş Qərargah yanında Ali Hərbi Akademiyaya göndəriş alıb.

Oqarkovun hərbi karyerasındakı yüksəliş dövrü məhz 1950-ci illərin sonlarından başlayıb.

1961-ci ildə Belarusiya hərbi dairəsinin komandan müavini, 1965-ci ildə Volqa hərbi dairəsinin komandanı olan Nikolay Oqarkov 1968-ci ildə SSRİ Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini təyin edilib.

SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Nikolay Podqornı ilə dostluq münasibətləri Oqarkovun daha yüksək vəzifəyə təyin olunmasında böyük rol oynayıb. Hələ həmin vaxtlar Podqornı ilə Brejnevin yaxın münasibətləri olduğundan 1974-cü ildə Podqornı Oqarkovu müdafiə nazirinin müavini təyin etməyə nail olub.

Podqornının hərbi vəzifələrə təyinat məsələsinə müdaxilə etməsi Brejnevin xoşuna gəlməsə də, o, komanda üzvü kimi onunla razılaşmağa məcbur olub. Əslində isə Oqarkov öz hərbi-nəzəri biliklərinə, təcrübəsinə görə təyin olduğu vəzifələrə layiq bir hərbçi olub. Əgər belə olmasaydı, Podqornı mədəni şəkildə vəzifəsindən qovulduqdan sonra Brejnev bir gün də olsa belə Oqarkovu vəzifəsində saxlamazdı. Əksinə, Brejnev 1977-ci ildə Oqarkovun baş qərargah rəisi vəzifəsinə təyinatına məmnunniyyətlə razılıq verib.

Hərbi araşdırmaçıların və müasirlərinin qənaətinə görə, Oqarkovun baş qərargaha rəhbərliyi dövrü yeniliklərlə zəngin olub. Bu vəzifədə xidmət etdiyi ərəfədə onun rəhbərliyi ilə keçirilən genişmiqyaslı təlimlər Silahlı Qüvvələrin təkmilləşməsində böyük rol oynayıb. Yüksək qərargah mədəniyyəti, döyüş hazılığının hərbi elmə əsaslanması, şəxsi heyətin hərbi-siyasi bilgilərinin daha yüksək səviyyəyə çatması məhz Oqarkovun xidmətləri ilə bağlı olub.

Sözsüz ki, bu fəaliyyət Brejnevi də qane edib. Amma baş katiblə marşalın arasında münasibətlər 1979-cu ildə gərginləşib. Belə ki, sovet qoşunlarının Əfqanıstana yeridilməsi məsələsi müzakirə olunanda Oqarkov müdafiə naziri marşal Dmitri Ustinova sərt şəkildə etirazını bildirib, nazirlə baş qərargah rəisi arasında konflikt yaranıb. Ustinov Oqarkovun məsələyə bu cür kəskin münasibətini Brejnevə çatdırıb. Brejnev Oqarkovu qəbuluna dəvət edib.

Oqarkov məsələyə münasibətini Brejnevə də açıq şəkildə bildirib:

- Leonid İliç, mən bir hərbçi kimi, marşal kimi, baş qərargahın rəisi kimi, nəhayət, dünyanın hərbi-siyasi müstəvisinə bələd olan olan bir şəxs kimi sovet qoşunlarının Əfqanıstana yeridilməsini məqsədəuyğun saymıram...

Brejnev ona sözünü davam etdirməyə imkan verməyib:

- Nikolay Vasilyeviç, mən də sizin kimi marşal rütbəsini daşıyıram. Amma sizdən fərqli olaraq istənilən məsələyə təmkinlə yanaşıram. Digər tərəfdən isə bu cür ciddi məsələlər bir fərdin, bir marşalın iradəsindən asılı ola bilməz. Son qərarı Siyasi Büro qəbul edir. Gedin və sizə həvalə olunan əmrləri icra edin.

Sözsüz ki, belə bir məqamda marşal Oqarkovun iradəsi Siyasi Büronun “qərarları” qarşısında aciz qalıb.

Oqarkov 1984-cü ilə qədər baş qərargah rəisi vəzifəsində qalıb. Andropovun hakimiyyəti dövründə marşalla baş katibin münasibətləri normal olub. Konstantin Çernenko isə Oqarkova öz vəzifəsindən getməyi məsləhət görüb və belə əsaslandırıb ki, Qərb istiqaməti üzrə qoşunların baş komandanı vəzifəsində o, dövlətə daha çox xeyir verə bilər. Beləliklə, marşal Oqarkovun vəzifəsi aşağı salınaraq Qərb istiqaməti üzrə qoşunların baş komandanı təyin edilib.

Araşdırmaçıların qeyd etdiyinə görə, Mixail Qorbaçov hakimiyyətə gələndə onun üçün ən həssas və təhlükəli kontinget hərbçilər olub. Təhlillərdə Qorbaçovun Oqarkovdan çəkindiyi xüsusilə vurğulanıb. Məhz elə buna görə də Qorbaçov bir müddət Oqarkovu vəzifəsindən uzaqlaşdıra bilməyib. Nəhayət, o, 1988-ci ildə Kremli köhnə kadrlardan təmizlədikdən sonra Oqarkov da vəzifəsindən kənarlaşdırılıb.

Marşal Nikolay Oqarkov 1990-1992-ci illərdə Müharibə Veteranları Şurasını sədri, 1992-1994-cü illərdə isə Rusiya Federasiyasının Müdafiə Nazirliyində müşavir vəzifələrində çalışıb.

Nikolay Oqarkov 1994-cü ildə, 76 yaşında vəfat edib, marşal Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub. /MUSAVAT/






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10