Xəbər verdiyimiz kimi sosioloq Əhməd Qəşəmoğlunun saytımıza açıqlaması zamanı ailədə üç uşaq olmasının vacibliyini vuruğulaması yazıçı Səfər Alışarlı tərəfindən də müsbət qarşılanıb.
Məsələyə münasibət bildirən S.Alışarlı açıqlamasında ailədə çoxuşaqlı olmağın heç də səfalətə gətirib çıxarmadığını deyib:
“Sosioloqun fikirləri ilə razıyam. Hər bir azərbaycanlı ailəsi ailədə iki uşağı artım saymamalıdır. Ailələrdə uşaqların sayı üç və daha çox olmalıdır. Bəzi adamlar hesab edir ki, ailələrdə uşaqların sayı, ölkədə isə əhalinin sayı az olsa, firavanlıq, rifah bir o qədər artar. Amma bu tamamilə yalnış, öz xalqına qarşı düşmən münasibətidir. Xalq çox, böyük olmalıdır və böyüdükcə öz tarixini, mədəniyyətini əbədiləşdirməyi bacarmalıdır. Ailədə uşaqların çoxluğu heç də səfalətin, aclığın artması demək deyil, çörəyi verən hökumət yox, Allahdır. Ailədə uşaqların çoxluğu rəqabət hissi, uşaq mühiti, ailələr üçün mənəvi nümunələr yaradır, insanları daha məsuliyyətli böyüdür. Əlbəttə, ailədə 5-10 uşaqdan biri o standartlara uyğun gəlməyə bilər, amma bunun doqquzu faydalı və mənəviyyatlı vətəndaş olursa, bu nemətdən imtina etmək olmaz.
İkinci bir məsələ ondan ibarətdir ki, Allah ölkəmizə xoş nəzərlə baxıb, ona çoxlu təbii sərvətlər, gözəl iqlim şəraiti verib və bizim babalarımız da döyüşərək bunları qoruyub. Bu gün bizim isə borcumuzdur ki, torpağımızı göz bəbəyi kimi qoruyaq, işğalda olan hissələrini düşmənin böyüklüyünə-kiçikliyinə baxmadan azad edək və gələcək nəsillərimizə bunu ötürək. Eyni zamanda, bizim xalqımızın böyük bir hissəsi Arazın o tayındadır, biz burda əhalimizin sayını artırmaqla, dövlətimizi möhkəmləndirməklə, iqtisadi potensialmızı yüksəltməklə düşünürəm ki, bu birliyə də nail ola biləcəyik İnşallah. Bu gün bir çox “bülbüllər” var ki, sanki onlar xalqı aşağılamağı özlərinə məqsəd qoyublar, çox mötəbər kürsülərdə ictimai həyata və birgə yaşayışa uyğun gəlməyən fikirlər səsləndirirlər. Hətta təhqiramiz fikirlərə yol verirlər. Hesab edirəm ki, Azərbaycan dövləti hər bir uşağa “uşaqpulu” verməyə qadirdir, bankları dağıdan oğruların qarşısını almaq yetər ki, Azərbaycanda hər bir uşağa “uşaqpulu” verəsən və onların sosial rifahını minimum da olsa, təmin edəsən. Düşünürəm ki, Azərbaycan dövləti “uşaqpulu” nun verilməsi üçün özündə güc tapacaq və bu, xalqımızın rifahına xidmət edəcək”.
moderator.az