“Mən heç bir partiyanın üzvü deyiləm, olmaq fikrim də yoxdur”.
Bu sözləri, adı keçmiş səhiyyə naziri Əli İnsanovun təsis etmək istədiyi Haqq Ədalət Partiyasının (HƏP) Təşkilat Komitəsinin üzvləri sırasında yer alan hüquqşünas Mirədalət Talışxanov deyib. Məlumat üçün deyək ki, Mirədalət Talışxanov vaxtilə Masallı rayon Məhkəməsinin sədri və Baş prokurorunun köməkçisi vəzifələrində çalışıb.
O, bildirib ki, Əli İnsanovun təşkil etdiyi tədbirə hüquqşünas kimi dəvət alıb. “Bir dostum dəvət etmişdi. Mən partiya quruculuğuna aidiyyatım yoxdur. Orada təklif edildi, lakin mən heç bir partiyaya üzv olmaq istəmədiyimi dedim”, - deyə hüquqşünas vurğulayıb.
Tədbir iştirakçiları ilə fotoya gəlincə, Mirədalət Talışxanov deyib: “Dedilər şəkil çəkdirək, çəkdirdim. Ondan sonra çıxıb getmişəm. Sonradan adımı Təşkilat Komitəsinin üzvlərinin sırasına salıblar. Lakin yenə deyirəm ki, mən bu işdə yoxam”.
Yenisabah.az