Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Öz anasının dəfninə gedib ağlamayan, milyonlarla insanın anasını ağladan “çar” – Stalinin qorxusu


Məlum olduğu kimi, 1900-cü illərin əvvəllərində həbsxana və qaçaqlıq həyatını yaşayan İosif Stalin oktyabr inqilabından sonra Moskvada məskən salıb. Leninin vəfatından sonra hakimiyyəti ələ alan və birincilik kürsüsünü saxlamaq üçün ən amansız tədbirləri həyata keçirən Stalin 30 illik hakimiyyəti dövründə paytaxt Moskvadan çox az hallarda çıxıb, hətta Tiflisdə yaşayan anası ilə də çox nadir hallarda görüşüb.

Bu illər ərzində o, anasına, Yekaterina Cuqaşviliyə cəmisi 18 məktub yazıb. Anası yalnız gürcü dilini bildiyindən, Stalin isə öz doğma dilində yazmaqda çətinlik çəkdiyindən məktublar çox qısa və konkret olub.

1930-cu ildə Yekaterina Cuqaşvili Moskvaya gəlsə də, o, oğluna paytaxtda uzun müddət yaşaya bilməyəcəyini söyləyib və onun təkidinə baxmayaraq yenidən Gürcüstana qayıdıb.

Sovet hökuməti qurulduqdan sonra Stalin anasını Qoridən Tiflisə köçürüb, keçmiş general qubernatorun dəbdəbəli malikanəsi onun ixtiyarına verilib. Tək yaşayan Yekaterina Cuqaşvilinin təhlükəsizliyi, təminatı, sosial-məişət problemləri ilə Lavrenti Beriya məşğul olub.

Stalin anası ilə sonuncu dəfə 1935-ci ilin oktyabr ayında görüşüb. Həmin sonuncu görüşdə Yekaterina Cuqaşvilinin həkimi Nikolay Kipşidze də iştirak edib və sonralar o, bu görüş haqqında yazıb:

“Onlar hal-əhval tutdular, bir az söhbətləşdilər, ana tez-tələsik oğlu üçün süfrə açdı. Stalin məndən anasının səhhəti ilə maraqlandı, mən nəsə demək istəyəndə Yekaterina Cuqaşvili sözümü yarımçıq qoydu, üzünü Stalinə tutub, “sən öz sağlamlağını qoru” dedi. Sonra Stalin anasına sual verdi:

- Ana, sən məni uşaqlıqda niyə möhkəm döyürdün?

- Döyməsəydim, belə yaxşı adam olmazdın.

Sonra ana oğluna sual verdi:

- İosif, indi sən kimsən, nəçisən?

Stalin özünəməxsus cavab verdi:

- Ana, yəqin ki, çarı xatırlayırsan. Məni indi təxminən elə çaram.

Anası başını buladı və təəssüflə dedi:

- Kaş ki, keşiş olaydın, bu mənim ən böyük arzum idi...”

Yekaterina Cuqaşvili (Geladze) 1858-ci ildə indiki Qorinin Qambareuli kəndində anadan olub. Uşaq vaxtı onu Keke deyə çağırıblar. O, 17 yaşında Vissarion Cuqaşvili ilə ailə həyatı qurub. Onların dünyaya gələn ilk övladları Georgi və Mixail elə uşaq ikən ölüblər. Üçüncü övlad isə sağlamlığı heç də ürək açmayan İosif olub.

Yekaterina Cuqaşvili qətiyyətli və iradəli qadın olub. O, həyat yoldaşının əyyaşlığıyla, tüfeyli həyat tərzi ilə barışmayıb və sonda ayrılıblar. Ana yeganə oğlunu böyütmək, təhsil vermək üçün bütün əziyyətlərə qatlaşıb, dərzilik sənətini öyrənib. Bununla da heç kimə möhtac olmayan Yekaterina Cuqaşvili oğlunun ehtiyac işində yaşamağına imkan verməyib. O, oğluna kilsə təhsili vermək istəsə də, onun keşiş olmağını arzulasa da, Stalin anasının bu arzusunu həyata keçirməyib.

Svetlana Alliluyeva öz xatirələrində Stalinlə anasının münasibətləri haqqında da yazıb:

“Heç kimdən qorxmayan atam yalnız anasından qorxurdu. Planetin altıda bir hissəsinə sahib olan Stalin anasının yanında çox aciz bir uşağa bənzəyirdi. Nənəm onun siyasəti haqqında çox şeyləri anlamırdı, amma çarpayısının üzərinə Stalinlə Leninin birlikdə olduğu şəkli vurmuşdu və onun haqqında qürurla danışırdı...”

Yekaterina Cuqaşvili 1937-ci ilin iyun ayında Stalinin “Böyük terror”unun və repressiyaların qızğın vaxtında vəfat edib. Onun vəfatı ilə bağlı Gürcüstanda rəsmi məlumat verilsə də, Stalin SSRİ-nin digər bölgələrində bu xəbərin yayılmasına icazə verməyib.

Maraqlı məqamlardan biri də odur ki, İosif Stalin anasının dəfninə getməyib. O, dəfnin təşkilini Lavrenti Beriyaya həvalə edib. Araşdırmaçıların qənaətinə görə, Stalinin Tiflisə, anasının dəfninə getməməsi terror və repressiyaların tüğyan etdiyi bir vaxtda ona qarşı sui-qəsd ediləcəyi ehtimalı olub.

1937-ci ilin iyunun 8-də Yekaterina Cuqaşvili Beriyanın və yüksəkçinli “NKVD” əməkdaşlarının çiyinlərində son mənzilə yola salınıb. Dəfn mərasiminin digər təşkilatçılarından biri isə SSRİ müdafiə komissarı (naziri) marşal Kliment Voroşilov olub.
Yekaterina Cuqaşvilinin məzarı üstə Stalinin adından rəmzi olaraq üzərinə gürcü dilində “əziz və sevimli anasına oğlu İosif Cuqaşvilidən” yazılmış böyük əklil qoyulub.

Stalin həmçinin öz övladlarının, Yakovun, Vasilinin və Svetlananın da dəfndə iştirakına icazə verməyib.

Dəfndən sonra Yekaterina Cuqaşvilinin bir məktəbli dəftəri həcmində gürcü dilində yazdığı xatirələri tapılıb. O, həmin dəftərdə yazıb:

“Balaca Sosonun (Stalin nəzərdə tutulur) şəklini mən həmişə ürəyimin başında gəzdirirəm. O, həmişə mənə şirin yuxular bəxş edir və o, mənim məzarım üstündə ağlayacaq yeganə doğma adamımdır...”

Anasının dəfninə getməyən Stalin isə nəinki ana məzarı üstündə ağlamayıb, o, qanlı 1937-ci ilin yay günlərində milyonlarla günahsız insanların analarını ağladıb.

Qeyd edək ki, Yekaterina Cuqaşvili 79 yaşında ağciyər xəstəliyindən vəfat edib. O, Tiflisdə Mtatsminda məzarlığında dəfn edilib. Həmin dövrdə bu qəbirstanlıqda Gürcüstanın tanınmış dövlət, elm, incəsənət və mədəniyyət xadimləri dəfn olunublar.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10