Hindistandan olan bir zərgərlik maqnatı Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) 700 məhbusun borclarının və ölkələrinə yol pullarının ödənilməsi üçün 1 milyon dirhəm (təxminən 272 milyon 480 min dollar) göndərib.
Bu haqda “The National” nəşri yazıb.
“Pure Gold Group”un qurucusu və rəhbəri Firoz Merçant bu xeyirxahlığı BƏƏ-nin 48-ci Müstəqillik günü və "Dözümlülük ili" şərəfinə etdiyini bildirib.
1 milyonluq ödəmə müsəlman iş adamının 2008-ci ildə əsasını qoyduğu “Unudulmuş cəmiyyət” adlı proqramın tərkib hissəsidir. Bu təşəbbüs məhkumlara ikinci bir şans vermək və öz ölkələrinə qayıtmalarına şərait yaratmaq məqsədi daşıyır. İllərdir ki, cənab Merçant cəzalarını bitirmiş, lakin borcları səbəbindən azad edilə bilməyən məhkumları müəyyən etmək üçün hökumət qurumlarıyla işləyir.
"Biz BƏƏ-də “Dözümlülük ili”ni qeyd edirik. Buna görə də insanlara sevdikləri ilə yenidən qovuşmaları üçün onlara dəstək oluruq. Sərbəst buraxılan məhkumlar müxtəlif millətlərin və inancların nümayəndələridir”- deyə xeyirxah biznesmen vurğulayıb.
Proqrama əsasən BƏƏ-də Əfqanıstan, İraq, Hindistan, Pakistan, Filippin, Rusiya və Tailand da daxil olmaqla 30-dan çox ölkədən olan məhbuslar sərbəst buraxılaraq doğmalarına qovuşub.
moderator.az