Vətəndaş məcburən Gürcüstandan maşın alır, gürcü nömrəsi ilə ölkəyə daxil olur və hər 3 aydan bir sərhədi keçib qayıdır
Dövlət Gömrük Komitəsi növbəti dəfə məntiqsiz, öz fəaliyyətinin nədən ibarət olduğunu hələ də anlamadığını və ya anlamaq istəmədiyini sübut edən açıqlama yayıb. Deyirlər ki, ölkəyə xarici nömrə ilə maşınların daxil olub, 90 gün qalma icazəsindən sui-istifadə edənlər var və buna görə də bu məsələyə nəzarəti gücləndirəcəklər.
Azərbaycan müstəqillik qazanandan sonra iş adamlarına, vətəndaşlara “dağ çəkmək” üzrə lider olan qurum həmişə Gömrük Komitəsi olub. Çünki hökumət də, Komitə rəhbərləri də bu günə qədər Gömrük orqanlarının fəlsəfəsini anlaya bilmir. Gömrük orqanları tarixən daxili bazarı qorumaq, daxili istehsalçılara dəstək olmaq üçün yaradılan qurum olub. Amma Azərbaycanda hələ də bu prinsip işə düşməyib, Gömrük “Domokl qılıncı” kimi biznesin, vətəndaşın başı üzərində asılmış, ən çox korrupsiyaya uğramış qurumlardan biridir.
Azərbaycan avtomobil istehsal etmir, əvvəl Şamaxı və Naxçıvanda, indi də Neftçalada mənasız maşın yığımı ilə məşğul olan zavodlar olub. Dəfələrlə qalstuklu müəllimlərə başa saldıq ki, avtomobil istehsalı adlandırmaq üçün maşının detallarının, ən azı 25%-i ölkəmizdə istehsal olunmalıdır. Bizdə isə yerli olan ancaq maşınların təkərinə vurulan havadır – vəssalam. Qalan bütün detallar valyuta ilə xaricdən alınır, dollar xaricə axır, vintaçan ilə yığılan maşınları isə ancaq dövlət büdcəsi hesabına satırlar. Yəni dövlət ikiqat ziyan görür, həm büdcə pulu hesabına yığım sexləri açılıb adına avtomobil istehsalı deyirlər, həm dövlət büdcəsi hesabına həmin keyfiyyətsiz maşınları alırlar, həm də həmin büdcə manatı sonra dollara çevrilib xaricə gedir.
Paralel olaraq da Azərbaycan hökuməti avtomobillərə yüksək rüsum, aksiz vergisi qoyur, hələ bir ƏDV də alır. Şanlı Gömrük Komitəsi isə vətəndaşların xaricdən aldıqları maşınlara qanuni yazılmış qaimələri tanımır, özlərindən hoqqa çıxardıb maşınlara yüksək qiymət qoyub rüsum və vergiləri öz bildikləri kimi hesablayırlar. Məzlum vətəndaş da məcbur qalıb Gürcüstandan maşın alır, gürcü nömrəsi ilə ölkəyə daxil olur, hər 3 aydan bir də sərhədi keçib bir də qayıdır – bu, sui-istifadə halı deyil, gömrüyün yaratdığı rəzalətə vətəndaşın qanuni cavabıdır.
Bu gün Azərbaycan hökuməti gömrük rüsumları və vergiləri vasitəsi ilə hər maşından istehsalçı ölkədən daha çox pul qazanır. Rusiya büdcəsi hər “Lada”dan cəmi 600 dollar qazandığı halda, bizim hökumət bundan 3 qat artıq büdcəyə pul toplayır. Ya da yazıq “nemes” mühəndisi maşın düşünür, fəhləsi istehsal edir, amma Almaniya büdcəsi bir (məsələn) “Mercedes”dən maksimum 2000 avro qazanırsa, bizim hökumət əlini ağdan-qaraya vurmadan hər “Mercedes”dən, ortalama 6000-7000 min manat pul qazanır. Budur Gömrük siyasətinin fəlsəfəsi?!
Biz dəfələrlə təklif etmişik ki, heç olmasa hibrid avtomobillər üçün rüsumları sıfırlayın, ƏDV-ni ləğv edin. Bir neçə ay öncə Gömrük Komitəsinin rəsmisi yenə bəyan etmişdi ki, “belə etsək, bu sui-istifadə hallarına səbəb olacaq, camaat daha çox hibrid gətirəcək”. Adam anlamır ki, elə məqsəd də budur ki, camaat daha çox hibrid avtomobilləri gətirsin, ölkənin avtoparkı yenilənsin, ekologiyaya müsbət təsiri olsun.
Bax, belə insanlar gömrüyü idarə edirlər və bərk-bərk yapışıblar ki, Komitə ləğv edilməsin. Amma edilməlidir – Gömrük Komitəsinin ayrıca qurum kimi qalması məntiqsizlikdir və ölkə iqtisadiyyatı üçün ziyanlıdır...
ayna.az