Seçki ərəfəsi və günü Yardımlı Rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov və komandası bütün gücünü qoysa da Şiləvəngə ərazisindəki müstəqil düşüncəli insanları tam susdura bilmədi. Bələdiyyəyə üzv olmaq üçün seçkilərə qoşulmaq istəyən 700-dən yuxarı insanın təxminən yarısı təzyiqlər, hədələr və şirnikləndirici vədlərlə bu kampaniyadan kənarlaşdırıldı. Şiləvəngə bələdiyyəsinin sabiq sədri, əhali arasında kifayət qədər güclü nüfuzu olan Gülbala Əhmədlinin namizədliyi məsələsində isə yerli iqtidar Allahı da, Quranı da, Konstitusiyanı da bir kənara qoyub yüzəyüz saxtakarlıqla onun namizədliyini ləğv etdirdi. Lakin bütün bunlara baxmayaraq yerli fəallar həmin ərazidə seçkilərin obyektiv keçməsi üçün mümkün olanı etdilər. Nəticədə icra başçısının siyahısında olmayan 3 nəfər bələdiyyəyə üzv seçildi. İcra başçısı seçkidə layiqincə saxtakarlıq etmədiyinə görə Şiləvəngənin ərazi nümayəndəsini heç bir əsas olmadan daşıdığı vəzifədən azad etdi. Seçkidən sonra yerli iqtidar müşahidə aparıb gördü ki, bu arzuolunmaz şəxslər, yəni həmin 3 nəfər ərazidə daha böyük hörmətə malikdir. Hətta iqtidarın xətti ilə seçilən bir çox bələdiyyə üzvləri həmin 3 nəfərdən birinin - Ağasəf Ağayevin burada sədr seçilməsinə ürəkdən tərəfdardır. Yazının davamını elə Ədalət partiyasının Yardımlı təşkilatının sədri Ağasəf Ağayevin öz dilindən eşidək:
Yardımlı icra hakimiyyətinin başçısı Xəzər Aslanov bələdiyyə üzvlərinin məni sədr seçəcəyinə əmin olandan sonra bütün təxribat üsullarını işə saldı. Ümidimiz gələn bütün yerli və beynəlxalq təşkilatlara etdiyimiz şikayətlər qulaq ardına vuruldu, bələdiyyə üzvlərinə müxtəlif təzyiqlər edildi. Bu işdə, yardımlıların haqq səsinin boğulmasında Xəzər Aslanova onun bu rayondan olan müavinləri Mahir Mirzəyev (O həm də bu rayonda YAP rayon təşkilatının sədridir) və Azər Əkbərov yüksək fəallıqla kömək göstərdilər. Onlar biləndə ki, sədrliyə ən real və şanslı namizəd mənəm və bələdiyyə üzvlərinin əksəriyyəti məni sədr seçmək istəyir, ən çirkin saxtakarlıqlardan belə çəkinmədilər. Normal, aşkar sədr seçkisi keçirməyə cəsarətləri çatmayan, gündüzlər adam içinə çıxmağa üzləri olmayan bu şəxslər-icra başçısının müavinləri - RİH-nin 1-ci müavini Etibar Fərruxov, Mahir Mirzəyev, Azər Əkbərov gecə kanalına üstünlük verib yanvarın 30-da axşam saat 21-24 arası bələdiyyə üzvlərinin daha çox olduğu Şiləvəngə ərazi vahidinin Cavran kəndində bələdiyyə üzvlərinin evlərinə qapı-qapı baş çəkib, əvvəldən hazırladıqları sədr seçkisi ilə bağlı hazır protokolu onlara müxtəlif təzyiq yolu ilə imzalatdırıb, RasimXəlilovu sədr seçiblər.
Hansı bələdiyyə üzvünə necə təzyiq edilib?
-Seyran Mustafayevi əvvəllər, bələdiyyələrin birləşməsindən öncə çalışdığı bələdiyyədəki fəaliyyətini yoxlatdırmaqla:
-Gülpəri Əsgərovaya onu işlədiyi kitabxanaçı işindən çıxarmaqla:
-Təyyar Ağayevi əmisi Kamil Ağayevi məktəb direktoru vəzifəsindən uzaqlaşdıracaqları hədəsi ilə:
- Emin Rəhimovu işlədiyi Mərkəzi Xəstəxanada tibb işçisi vəzifəsindən çıxartmaqla hədələyərək, bəzilərini isə qohumları vasitəsilə dilə tutaraq (hətta Rusiyadakı qohumlarına zəng etdirməklə) zərərsizləşdirib hazır protokollara imza atdırıblar.
Qeyd edim ki, rayonun 30 bələdiyyəsinin əksəriyyətində sədr seçkisi belə əndrabadi yolla reallaşıb. Bu da əhali tərəfindən ciddi narazılıqla qarşılanıb, kəndlərdə əksər qohum-qardaş üz-üzə qoyulub, insanları güc-bəla qazandıqları bir tikə çörəkdən də məhrum edəcəkləri ilə hədələyiblər.
Halbuki mövcud qanunçuluğa görə icra hakimiyyətinin bələdiyyənin işlərinə qarışmaq səlahiyyəti yoxdur. Bu müdaxilə cinayət sayılır.
Lakin Xəzər Aslanov və onun müavinləri belə əməllərdən çəkinmir.
Şikayətlərə biganəlik göstərilsə də biz bu qanunsuzluqlar barədə ölkə başçısına, müvafiq dövlət qurumlarına, eləcə də Beynəlxalq təşkilatlara kütləvi şəkildə şikayət edib öz hüquqlarımızı müdafiə etmək üçün mübarizəmizi davam etdiririk. Sizə müraciət etməyimizin də məqsədi odur ki, yazılı şikayətləri ört-basdır edənlər mətbuatda rüsvayçı əməllərini görüb bəlkə xəcalət çəkələr, əgər bu hissləri hələ də itirməyiblərsə.
Asəf Ağayev,
Şiləvəngə bələdiyyəsinin üzvü,
Ədalət Partiyası Yardımlı rayon təşkilatınIn sədri