Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

BDU-nun zəhərlənən tələbələri ilə bağlı FAKTLAR



Noyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) 2 saylı yataqxanasında 3 tələbə qız zəhərlənib. Onlardan biri – fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı qidadan vəfat edib.

1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı (Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi) və 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı (Kitabxanaçılıq və informasiya fakültəsinin tələbəsi) zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Dərhal polis, prokurorluq, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, qida nümunələri götürülərək laborator müayinəsinə göndərilib. Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Cenub.az xəbər verir ki, “musavat.com”un əməkdaşı Bakı Dövlət Universitetinin yataqxanasında və universitet binasında olub, hadisə ilə bağlı bəzi məlumatlar əldə edib.

Əvvəlcə BDU-nun Tələbə şəhərciyində olduq. Bura “Tələbə şəhərciyi” kimi tanınsa da, söhbət etdiyimiz komendant Pərviz Əsgərovun sözlərinə görə yataqxana binasında cəmi 130 tələbə yaşayır. Eyni zamanda həmin binada məcburi köçkünlər də məskunlaşıblar. Universitetin 3 yataqxana korpusu ötən illərdə sökülüb. Yeni yataqxana binası tikilsə də, hələ tamamlanıb istifadəyə verilməyib. Pərviz Əsgərov bildirdi ki, istintaq aparıldığı üçün tələbələrin zəhərləndiyi otağa kimsənin daxil olmasına icazə verilmir:

“Burada əvvəllər məcburi köçkünlər yaşayıblar. 2014-cü ildə məcburi köçkünlərin bir qismi köçürüldükdən sonra boş qalan yerlərdə tələbələr yerləşdirilib. Hazırda binada tələbələr, məcburi köçkün ailələri və BDU-nun əməkdaşlarının ailələri yaşayırlar. Köhnə yataqxana olduğu üçün burada yeməkxana fəaliyyət göstərmir. Tələbələr qidaların hamısını kənardan gətirirlər. Ya alırlar, ya da onlara rayonlardan göndərilir. Əsasən də rayonlardan ailələri onlara qidalar göndərirlər.

Hadisə gecə saatlarında baş verib. Gecə saat 2-yə qalmış gözətçi bizə məlumat verdi ki, təcili tibbi yardım xidmətinə zəng edilib və maşını qarşılamağa gedir. Təcili tibbi yardım xidmətinin əməkdaşları 1 saatdan çox həmin qızların yanında olublar. Qızlara təklif olunub ki, onlarla birlikdə xəstəxanaya getsinlər. Ancaq qızlar bildiriblər ki, özlərini yaxşı hiss edirlər və buna gərək duymurlar. Həkimlər gedəndən sonra bizim gözətçimiz də otağa qalxıb. Qızlar deyiblər ki, heç bir problem yoxdur. Zəhərlənən qızlar qonşu otaqda qalan tələbələrə deyiblər ki, səhər əgər yatıb qalarsaq, bizi də oyadarsız. Səhər oyadan zaman isə görüblər ki, qızların ağzından köpük gəlir. Daha sonra isə 3 təcili tibbi yardım maşını gəlib və onlar xəstəxanaya aparılıb. Tələbələrin hər üçü 4-cü kursda oxuyublar və bir otaqda qaldıqları üçün ehtimal olunur ki, onlar eyni qidanı yeyərək, zəhərləniblər”.

Pərviz Əsgərov digər suallara cavab verməkdən imtina edib, fotosunu çəkməyimizə icazə vermədi…

Daha sonra dünyasını dəyişən Xasmətova Şəkər Faiq qızının təhsil aldığı universitetin Fizika fakültəsinə yollandıq. Fizika fakültəsinin yerləşdiyi BDU-nun əsas binasının girişində Şəkər Xasmətovanın çiçəklərlə bəzədilmiş fotosu qoyulmuşdu. Fakültədə söhbət etdiyimiz tələbələr bildirdilər ki, Şəkər Xasmətovanı intizamlı tələbə kimi tanıyıblar və baş verən hadisədən çox kədərləniblər.

Dilrubə Quliyevanın təhsil aldığı universitetin Kitabxanaçılıq və İnformasiya fakültəsinə də yollanıb, fakültənin sosial məsələlər, tələbələrlə iş üzrə dekan müavini Ələmdar Cabbarlı ilə söhbət etdik. Ə.Cabbarlı bildirdi ki, Dilrubə Quliyeva onun dərs dediyi qrupun tələbəsidir:

“Dilrubəyə 4 ildir dərs deyirəm. Həm dərslərini çox yaxşı oxuyur, həm də ictimai işlərdə kifayət qədər aktivdir. Bizdən universitet rəhbərliyi beynəlxalq tədbirlərlə bağlı nümunəvi tələbə istədikləri zaman onun adını vermişik. Təəssüf ki, bu cür hadisə baş verib. Hadisə baş verən kimi dərhal rektorumuz Elçin müəllim xəstəxanada olub. Mən də noyabrın 21-də saat 20-də xəstəxanaya yollandım. Saat 21-də Elçin müəllim içəridən çıxdı. Yəni səhər saaatlarından axşam saat 9-a qədər Elçin müəllim tələbələrin müalicə aldıqları xəstəxanada olub, həkimlərlə, valideynləri ilə görüşüb. Dünən eyni zamanda tələbələrin qrup yoldaşları da xəstəxanada idilər. Elçin müəllim həkimlərdən xahiş etdi ki, qrup yoldaşlarına, yaxınlarına zəhərlənən tələbələrin səhhətləri ilə bağlı məlumat versinlər. Dünən tələbəmizin valideynləri də xəstəxanada idi. Tələbəmizin valideynləri Göyçayda yaşayırlar. Onlar oradan gələnə qədər artıq bizim rəhbərliyimiz xəstəxanada idi. İlkin rəy budur ki, zəhərlənmə qidadan baş verib. Lakin hansı qidadan olması məlum deyil”.

Qida ilə bağlı məlumatlar belədir ki, tələbələr ayın 18-də suşi sifariş ediblər. Versiyalardan biri budur ki, həmin suşini saxlayıb, sonradan yedikləri üçün zəhərlənə bilərlər. Eyni zamanda tələbələrin zəhərlənmədən öncə yaşıl noxud, dovğa yedikləri və arıqlamaq üçün istifadə edilən çaylardan içdikləri bildirilir.

Biz Ələmdar Cabbarlı ilə görüşdüyümüz zaman Dilrubə Quliyevaya baş çəkmək üçün xəstəxanaya gedən qrup yoldaşları da gəldilər. Onlar bizə tələbənin yeni çəkdikləri fotosunu göstərdilər. Fotoda tələbə oturaq vəziyyətdə kameraya əl sallayırdı. Bildirdilər ki, zəhərlənən qrup yoldaşlarının və digər tələbə Həmidə İbadovanın vəziyyəti normaldır. Onlar özləri gəzə, yanına gələnlərlə normal qaydada söhbət edə bilirlər…

Məsələ ilə bağlı Baş prokurorluğun mətbuat xidməti aşağıdakı məlumatı yayıb:

Noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında universitetin tələbələri – 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızının qidadan zəhərlənərək vəfat etməsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddinovnanın zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilməsi faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis, prokurorluq, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, qida nümunələri götürülərək laborator müayinəsinə göndərilib.

Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Tələbələrin zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Hadisə zamanı zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olmuş Həmidə İbadova və Dilrubə Quliyevanın müalicəsi Səhiyyə nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb, stasionar şəraitdə müalicələri davam etdirilir.

Hazırda iş üzrə Qida Təhlükəsizlik Agentliyinin mütəxəssisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10