Nə baş verib?
Ata Abdullayev adlı birisinin İtalıyada kilsədə Ermənistan baş naziri N. Paşinyanla Qarabağ problemi barədə polemika aparması kimi hal bütün dünyada baş verir. Belə cür tədbirlərdə prezidentlərə ayaqqabı atılır, dünya dağılmır, bu nə küydü bizdə? Və bu nə sensasiya, nə də ki, böyük problem də olmazdı, əgər Atanın öz şəxsiyyəti və əxlaqındakı problem olmasaydı.
Lap bunu bir azərbaycanlı savadsız çoban, ya bir ana etsəydi də problem olmazdı.. İnsandır, səmimi olaraq vətən, Qarabağ təəssübü çəkib, tədbirə girib ürəyindəkini desə, bunu savadsız ya aciz formada deyib öz torpağını istəsə belə. Qaldı ki, sual verən ən savad, siyasi bilgili olsa belə, bilməliyik ki, üstünlük suala cavab verən tərəfdə olur həmişə. Sualçı öz konkret sualını verir oturur, cavab verən, cavabı istədiyi kimi..
Ata Abdullayev kimdir?
Amma ki, bu Ata! Problem o Atadadır! Ata nə sadə, vətənpərvər çoban, ya ana, nə də ki, bir normal jurnalist, siyasətçi səviyyəsində deyil. Ata istənilən cəmiyyətdə ola biləcək, kriminal keçmişli, xassəli, pozğun elementdir. Özü də kriminal aləmin tör-töküntüsü, mənliyini itirib sınmış (ya sındırılmış). Onun üçün həyatda nə xalq, nə insanlıq, nə dövlət, nə onun rəhbərliyi, nə vətən məna daşımır. Aşagı, səviyyəsiz, hər fürsətdə, utanmadan özünü reklam edən biri.
Üstəlik də bu insanda güclü psixoloji və hətta psixi problemlər var ki onu fərqli qeyri-normal gözlənilməz qəribə, arsız hərəkətlərə yönəldir. Məsələn, Rusiya XİN Lavrov, prezidentlər və s. kimi dövlət xadimlərinin alicənablığı və yaxud demokratikliyindən sui-istifadə edib, onları bir an, fakt qarşısında qoyaraq, şəkil çəkdirmə və sonra da bunu öz xeyri, yalan xarizması üçün yayma hərəkətləri. Necə ki Paşinyanı Milanda "siz axı demokratsız" deməklə fakt qarşısnda qoyurdu. Bu kimlik, bu xüsusiyyətlər də kilsədə, ilk oncə məqsədinə çatmaq üçün kömək olsa da, sonra o detekt olundu, kimliyi aydınlaşdı və ermənilər bu hadisəni Azərbaycan tərəfinin təxribatı kimi təqdim etdi. Beynəlxalq aləmdə mənfi baxılan, xüsusi hazırlanmış kimi təqdim edilən, pozucu aksiya kimi. Rəqib düşmən tərəf təbii ki, dərhal bundan istifadə etdi. Kim olsa, istifadə edərdi.
Yəni Atanın bu səviyyəsiz avara hərəkəti səfeh ziyankarlıq oldu bizim üçün. Amma Paşinyanın cavablarına da haqq qazandırmaq olmaz, qələt edir. Erməni guya, İlham Əliyevin tədbinə qatıla bilməz və s.. Erməni təxribatçı, həyasızının heç, misli yoxdur dünyada. Gəlib bu gün Bakıya girir maşınlarda gəzir, video çəkir və təhqir deyirlər. Ərdoğan kimi, böyük dövlət liderinin beynəlxaq tədbirini, min mühafizəçinin arasından keçərək pozurlar. Paşinyan, erməni heç də, biz təsəvvür etməyə çalışdığımız kimi, lap, süddən çıxan ağ qaşıq deyil. Qarabağ cavabları da riyakar, yalan idi, o boyda Xocalı soyqırımını dandı həyasızca. Bunlar, Paşinyanla Ata bir-birindən geri qalmaz.
Ata Abdullayevi kim göndərib?
Qalır əsas sual. Ata Abdulayevi Avropaya kilsə tədbirinə kim göndərmiş? Özümü, iddia edilən kimi, rəsmi Azərbaycan hakimiyyətimi? Atanın bu "cürəti" tapıb, qatı erməni millətçiləri tədbiri müdaxiləsinə, bunu planlamasına çətin ki belə başı olsun. Çıxışı zamanı özünü itirib, həyəcan, qorxudan xaotik davranış göstərməsi də, bunu tapşırıqla etməsi, amma ki, verilmiş rolu pis ifa etməsi aydın görünür. Belə arqumentlər çoxdur.
Rəsmi Azərbaycan hakimiyyətinin, bu təxtibata gedib, bu ucuzlu işi planlı təşkil etməsi isə, heç məntiqə sığmır. Hakimiyyət bu saat suyu üfürə üfürə içir, Avropada, Qərbdə üstü açılan bir çox korrupsiya skandallarından sonra. İndi, həyasız və yaxasını cırmağa bəhanə axtaran erməninin tədbirinə bir normal jurnalist, siyasətçi ya da ki, xüsusi xidmət kəşfiyyat əməkdaşı tapa bilmir ki bunu etsin? Bilmirmi, bu səviyyəsiz avara Atanı ora göndərməklə o ilk 5 dəqiqədəcə özünü ifşa edəcək? Bilmirmi bic ermənilər dərhal araşdırıb internetdə bu adamın kriminal keçmişini, siyasi aksiyaları dağıtma, prezidentlə şəkilini tapıb da, dərhal da, bu işi hakimiyyətə bağlayacaqlar? Və nəhayət, belə bir mənasız addımın nə xeyri olar, istənilən hakimiyyətə acı başağrısından başqa?
Belə bəsit səviyyəli "əməliyyatı" heç dağ rayonu polis bölməsi, heç, Ceyran-Çöldə gömrük postu əməkdaşları qurmaz. O ki qalsın dövlət xaricdə. Özü də, avara və psixopat birisinin icraçılığında.
Bəs kim, hansı amil olub bu ucuz Ata-Paşinyan konsertini təşkil edən? Öz bilgi, fikrimi birbaşa və açıq deyəcəm: bunu təşkil edən hakimiyyətə yarınmaq istəyən qeyri-rəsmi qeyri-leqal, özünü hakimiyyətin guya, dayaq orqanı kimi göstərən könüllü özfəaliyyət şəbəkədir, hesab edirəm ki!
Bu şəbəkənin özəyi vaxtilə etdikləri yanlışlarına görə, işindən qovulan yüksək çinlı, sabiq orqan işçiləridir. Əsasən ölkə içində guya məxfi orqan rolunda müxtəlif kirli işləri görmək, həm təhdid, təxribatlarla məşğuldurlar. İcraçıları da kriminal aləmdən seçilən, sındırılmış dələduzlar, oğrular, qadın təcavüzçüləri və sair kateqoriyadandırlar.
Məsələn, müxalifət mitinqində görürsən, mülki paltarda peyda olurlar və guya ki, polisə kömək edirlər, heç polis də tanımır onları, aranı qatırlar. Daha da iş korlayırlar guya qaş düzəldən yerdə.
Bunlar barəsində yaxınlarda yazmışdım, ziyanlı tərəflərini göstərib. Ümumən dövlətçiliyə və bir də, rəsmi dövlət orqanlarının işinə maneçiliyini. Adlar çəkib də detallara varmaq istəməmişəm. Dövlət rəhbərliyi və hüquq mühafizə orqanların bu məsələyə birlikdə son qoymasını, vacibliyini açıq yazmışdım. Əks halda isə, bu nizamsız və səviyyəsiz qeyri-leqalların problem yaradacagı barədə demişdim. Bu da nəticə-Ata timsalında.
Yəqin ki, dövlət rəhbərliyi bu son zərərli, Ata ilə bağlı işindən sonra bu şəbəkənin rədd edilərək kökünün kəsilməsi barədə konkret ölçü götürər.
Və sonda, ən əsas sual..
Bu məsələdə doğrusu məni təəccüb qoyacaq heç bir şey görmədim. Hamısı siyasət və həyatda olan şeydir. Bu məsələdə təəccüblü qalınası, yalnız bir qəribəlik oldu. Ermənistan və Azərbaycan cəmiyyətinin heç az olmayan qismi eyni birliklə, həmrəyliklə Atanı qınadı, Paşinyanı dəstəklədi. Bu nəydi?! Erməni cəmiyyəti heç öz ən axmaq, əclaf Atasını, Azərbaycan baş naziri ilə polemikaya görə qınayardımı? Və yaxud, hər nə olsa, Azərbaycan baş nazirini qoruyub da bu cür dəstəkləyərdimi ki, ax, yaxşıca cavab verdi? Niyə beləyik biz, bunun, kökü və səbəbləri nədi?
Onu bilirəm biz erməniyə qalib gələcəyik, yalnız fiziki güclə. Düşüncə, təfəkkürə qalsa isə, çətin.