Son zamanlar “İnstagram”da istər məşhur şəxslərin səhifələrində, istərsə də böyük səhifələrdə “Givaway” adlı müsabiqə keçirilir. Müsabiqənin şərtlərinə əsasən təşkilatçı şəxslər müəyyən məbləğ qarşılığında digər səhifələri sponsor təyin edirlər. Bu məbləğ daha kiçik səhifələrdə 5-10 AZN, daha böyük səhifələr də isə 150-300 AZN təşkil edir. Hətta bəzən məbləğ 500-900 AZN-ə qədər çıxa bilir. Mükafat olaraq da məşhur və böyük izləyici kütləsinə sahib səhifələr avtomobil, “Apple” şirkətinin son istehsalı olan “İphone” telefonları, xarici ölkələrə səyahət, 1000 AZN nəğd pul kimi bir sıra bahalı hədiyyələr təqdim edirlər. Bu hədiyyələri qazanmaq üçün isə izləyicilər müsabiqədə sponsor olaraq elan edilən səhifələri mütləq şəkildə izləməli və yarışmanın elan edildiyi postda ya “qatıldım” sözünü yazmalı, ya da öz dostlarını işarə edərək onların da sponsor səhifələrini izləməli olduğunu bildirməlidir. Beləliklə də müsabiqədə iştirak edən səhifələr izləyici, iştirakçılar bahalı hədiyyələr, təşkil edən şəxs isə heç bir əziyyət çəkmədən külli miqdarda pul qazanır. Hətta bunu bir çox səhifələr artıq biznesə çeviriblər deyə bilərik.
Cenub.az Yeniavaz.com-un mövzu haqqında paylaşımını təqdim edir.
Bu yaxınlarda da haqqında danışdığımız müsabiqəyə Yeniavaz.com saytı olaraq “İnstagramda” yeniavaz.com_official adlı səhifəmizi sponsor olaraq bir müsabiqəyə qoşulduq. Səhifənin mesaj bölməsinə @semal9_ adlı bir xanım Azərbaycanın məşhur cütlüklərindən olan @leila_land, həyat yoldaşı @igoguseinov, müğənni Xatirə İslamın (@xatireislamm) və onun qardaşı Tural (@zumrud.tural) bundan başqa bir digər azərbaycanlı məşhur cütlük olan @ayparali səhifələrində eyni vaxtla başlayacaq müsabiqə haqqında məlumat verdi.
Bunun qarşılığında da 300 AZN pul istədi və səhifədə 20.000 izləyici artımı olacağını bildirdi. Müsabiqədə isə qaliblərə avtomobil, İphone 11 Pro Max, 1000 AZN nəğd pul, 500 AZN dəyərində geyim, planşet, Parisə səyahət və bu kimi bahalı hədiyyələr veriləcəyi bildirildi. Biz də razılaşaraq, ödənişi bizə verilən Səmədov Anar Yaşar oğluna məxsus bank hesabına yüklədik. 10 noyabr tarixində başlanılacağı deyilən yarışma isə daha çox insanları aldadaraq dələduzluq yolu ilə pul qazanmaq üçün 15 noyabr tarixinə qədər uzadıldı.
Yarışma başladıqdan sonra isə gözlənilən nəticə vermədi. Deyildiyi kimi müğənni Xatirə İslamın və @igoguseinov səhifəsində paylaşılmadı. 3 səhifədə (@leila_land, @zumrud_tural, @ayparaali) aparılan yarışmadan isə 20.000 deyil də cəmi 5000 izləyici artımı oldu. Bundan başqa yarışma bitdikdən sonra heç bir qalib seçilmədi və nəticədə nə avtomobil verildi nə də digər hədiyyələr. Yeniavaz.com olaraq məsələ ilə bağlı məsuliyyət daşıyan səhifələrə yazıb etirazımızı bildirdik və ödənişi geri tələb etdik. Lakin, bəziləri ya mesajımızı oxuyub cavab vermədi, ya da görməməzlikdən gəldi. Müsabiqədə isə yeniavaz.com_official səhifəsi ilə yanaşı 138 səhifə iştirak edirdi. Verdiyimiz 300 AZN ödənişi nəzərə alaraq dələduzluq edərək sözügedən şəxslər ümumilikdə 41 700 AZN gəlir əldə etdilər. Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə min manatdan iki min manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Daha sonra müğənni Xatirə İslamla əlaqə saxladıq. Sənətçinin meneceri yeniavaz.com-a açıqlamasında belə bir təklif olunduğunu, lakin onun bu təkilifi qəbul etmədiyini bildirdi: “Xatirə xanıma belə bir təklif gəldi, lakin o vaxtı olmadığı üçün təklifi qəbul etmədi. Qardaşı da (@zumrud_tural) ödənişini hələ də həmin şəxslərdən ala bilmir. Bizə zəng edən də Əli adlı bir şəxs olub. Həmin şəxsi heç tanımırıq”.
Sözügedən Əli adlı şəxs isə əslində Əli Rüstəmovdur. O, “İnstagramda” @elirstmv adı altında ( artıq profilini silib) fəaliyyət göstərir. Eyni zamanda, @bizim.xeberimiz, @bizim.telecom səhifələrin CEO-dur. Həmin səhifələr də artıq silinib. Dələduzluqla minlərlə insanı aldadan Ə.Rüstəmov və digər təşkilatçılar hətta haqlarını tələb edən insanları səhifələrini bağlatmaqla hədə qorxu gəliblər.
Ə.Rüstəmova məxsus nömrə ilə dəfələrlə əlaqə saxlasaq da zənglərimizə cavab verən olmadı. Ə.Rüstəmovla yanaşı bəzi səhifələr ödənişi Əsgərli Altay Heydər oğluna məxsus bank hesabına yükləyiblər. Hətta avtomobil hədiyyəsinin də ona verildiyi iddia edilir.
Bir sözlə təşkilatçılar səhifələrini bağlayaraq pulları mənimsəyib və aradan çıxıblar. Yarışmanı öz səhifələrində paylaşan, bahalı həyat sərgiləyən azərbaycanlı cütlüklər isə məsuliyyətdən boyun qaçırır və oların da aldadıldığını bildirirlər. Halbuki, başqa vaxt sözügedən məşhurlar əvvəlcədən ödəniş almamış heç bir reklam xarakterli məlumat paylaşmırlar və əlaqə saxladığımız nömrəni hər biri öz profilində əlavə məlumat almaq üçün paylaşmışdılar. Hər halda heç kim tanımadığı bir şəxsin nömrəsini öz hesabında paylaşmaz.