Əmanəti xərcləyən bank hər hansı öhdəlik daşımırsa, bu halda vətəndaş ona borclu olan banka niyə pul qaytarmalıdır?
Müflisləşmiş banklarla bağlı vətəndaşlarımızı narahat edən məsələlərdən biri də əmanət və kredit öhdəliklərinə fərqli yanaşmanın tətbiq olunmasıdır. Son aylar bu məsələ ilə bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinə (CESD) müraciətlər daha çox qorunmayan əmanətlərin kredit öhdəlikləri ilə əvəzlənə bilməsi ilə əlaqədardır.
Məsələn, Biləsuvar rayon sakini Azad Mahmudovun müflisləşən bankların brində 10522 dollar əmanəti, 13800 manat isə kredit öhədliyi olub. Hər iki öhdəlik eyni bankda olub. Kredit götürülən zaman əmanət məbləği nəzərə alınaraq borclanma rəsmiləşib. Bank müflis olub. Əmanət qorunmayan olduğundan geri qaytarılmır, əksinə kreditə faizlər hesablanmaqda davam edir. Yəni, vətəndaş öz halal əmanətini ala bilmir, amma ondan kredit ödəmək tələb olunur.
Maraqlıdır ki, bank və daha doğrusu müflişləşmiş bank rəhbərliyi vətəndaşın əmanətini rahatca və əksər hallarda şəffaf olmayan şəkildə xərcləsə də, onu qaytarmağa məsul deyil. Amma vətəndaş öz vacib xərclərini ödəmək üçün kredit götürsə də, onu əmanəti ilə əvəzləşdirə bilmir.
Bu, o deməkdir ki, vətəndaşın pulunu xəcləyən müflisləşmiş bank rəhbərliyinin heç bir məsuliyyəti yoxdur, amma vətəndaş kredit öhdəliyindən azad olunmur. Bu da birbaşa qanunvericilikdəki boşluq ilə bağlıdır.
Əgər, vətəndaşın pulunu xərcləyən bank hər hansı öhdəlik daşımırsa, bu halda vətəndaş ona borclu olan banka niyə pul qaytarmalıdır? Halbuki, qanunvericiliyin təkmilləşdirilməsi və hər iki öhdəliyin müqayisə edilərək əvəzlənməsinə imkan verməlidir. Mövcud qanunvericilik, müflis olan banklarda vətəndaşdan daha çox bank rəhbərlərinin maraqalarını müdafiə etdiyindən onun dəyişdirilməsinə ehtiyac var.
Buna görə də biz təklif edirik ki, fiziki şəxslərin öhdəlikləri və eləcə də ona olan öhdəliklərin əvəzlənməsinə imkan yaradılsın. Belə ki, bank müflis olan zaman vətəndaşın bankda 17 877 min manat əmanəti olubsa və banka kredit borcu 13800 manat olubsa, o zaman kredit xətti bağlanmalı və vətəndaşa 4087 manat ödəməyə imkan verən qanunverici dəyişiklik həyata keçirilməlidir.
Eyni zamanda, bu əvəzləmələr banklar üzrə deyil, fiziki şəxslər üzrə aparılmalıdır. Belə ki, əgər vətəndaş bir müflis olan bankda əmanəti, digərində kredit öhdəliyi varsa, onların da əvəzlənməsinə imkan yaradılmalıdır. Bu baxımdan, müflis olan banklarda öhdəliyi olan vətəndaşlarımızın hüquqlarının tam qorunması üçün qanunvericiliyə dəyişiklik edilməsi zəruridir.