Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Oğul Stalini cəzalandıran, ata Stalin tərəfindən cəzalandırılan marşal – Novikovun bəraəti


“Mənim həbs olunmağımın iki səbəbi var idi. Mən bunu sonralar bildim. O da mənə agah oldu ki, Kreml də, şəxsən İosif Stalin də bilirdi ki, heç bir günahım yoxdur. Mən sadəcə vasitə idim, bütün titullarıma, vətən qarşısındakı xidmətlərimə baxmayaraq, kimlərinsə əlində oyuncağa çevrilmişdim və bu oyun düz altı il çəkdi, amma oyun meydançasında yox, Lefertovo türməsində...”

Bu sətirlər marşal Aleksandr Novikovun memuarlarındandır.

Maraqlıdır, heç bir günahı olmayan marşal hansı səbəbdən qəzəbə düçar olub?

1900-cu ildə Kostromada anadan olan Aleksandr Novikov Müəllimlər seminariyasını bitirdikdən sonra pedaqoji fəaliyyətlə məşğul olub. 1919-cu ildə hərbi xidmətə yollanıb, Vətəndaş müharibəsinin iştirakçısı olub. Hərbi xidmətini başa vurduqdan sonra Frunze adına Ali Hərbi Akademiyada təhsil alıb və hərbi hava qüvvələri qoşunlarında xidmətə başlayıb. Qüsursuz xidmətlərinə görə hərbi vəzifə pillələrini sürətlə qalxan Novikov artıq 1940-cı ildə Leninqrad hərbi dairəsinin hərbi hava qüvvələri komandanı vəzifəsinə təyinat alıb.

Müharibənin başlandığı ərəfədə Novikovun xidməti yeri Kiyev hərbi dairəsinə dəyişdirilib. 1942-ci ildə o, Kiyevdə Georgi Jukovla görüşüb. Bu görüşdə Jukov ona Sovet ordusunun hərbi hava qüvvələri komandanı vəzifəsini təklif edib. Təklif Kremldə də dəstəklənib və Novikov bu vəzifəyə təsdiq olunub. Bu təyinatdan sonra Novikovu “Jukovun uçan qanadları” adlandırıblar.

Aleksandr Novikov bu vəzəfəyə hərbi hava üvvələri sisteminin yenidən qurulması işi ilə başlayıb. O, ilk şəxs olub ki, hava döyüşlərini yerdən radioqurğularla idarə edib. Bütövlükdə götürsək Aleksandr Novikov yerdən dəqiq idarəetmə və koordinasiya ilə alman ordusunun üç mindən artıq təyyarəsini məhv etməyə nail olub.

Aleksandr Novikov 1943-cü ildə ilk olaraq aviasiya marşalı, 1944-cü ildə isə ilk olaraq baş aviasiya marşalı rütbəsinə sahib olub.

Üç dəfə “Lenin” ordeni, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif olunan Aleksandr Novikov 1942-ci ildən 1946-cı ilə qədər hərbi hava qüvvələri komandanı olmaqla yanaşı, həm də SSRİ müdafiə komissarının (nazirinin) müavini vəzifəsini də daşıyıb.

1946-cı ildə qara buludlar gözlənilmədən marşalın başı üstündə dolaşıb. Həmin ilin may ayında Novikov həbs edilib. Həbsi ilə bağlı Novikov xatirələrində yazıb:

“Sözün əsl mənasında həbs olunmağım mənim üçün bir “sürpriz” idi. Düzdür, mövcud Stalin rejimində bu qeyri-adi hal sayılmırdı. Amma həbsin səbəbi üçün zərrə qədər də günahım yox idi. Kremldə gizli planlar cızılırdı, gizli hökmlər oxunurdu. Mən bu çirkin oyunlardan uzaq olan bir hərbçi idim və istər siyasilər, istərsə də hərbi vəzifəlilər həmişə haqqımda yüksək fikirlər söyləyirdilər, xidmətlərim yetərincə qiymətləndirilmişdi, bir sözlə, fəaliyyətimdə narazı məqamlar yox idi. Bütün bunların qarşısında həbs olunmağın təbii olaraq mənə təəcüblü görünürdü. Həbs olunduqdan sonra məni Lefertovoya apardılar, məhkum olunduğum 5 ilin əvəzinə 6 il məni orada saxladılar. Gördüyüm işgəncələri sözlə ifadə etmək mümkün deyil. Müstəntiqlər növbə ilə sutkanın 16-20 saatını məni sorğu-suala tuturdular. İstintaq otağından kameraya səhər 5-də, bəzən isə 6-nın yarısında buraxırdılar. Bu məqsədli edilirdi. Daxili rejim qaydalarına görə, səhər 6-dan sonra yatmağa icazə verilmirdi və mənim yatmaq üçün cəmisi 20-30 dəqiqə vaxtım qalırdı. Yuxusuzluqdan dəli olmaq vəziyyətinə düşürdüm. Yeriyəndə, ayaq üstə olanda, oturanda, sorğu-sual zamanı gözlərim qapanırdı. Beləliklə də bu işgəncələrlə, öz dilləri ilə desək, məni “sındırdılar”, yuxulu huşsuz vəziyyətlərimin birində yazdıqları kağıza mənə qol çəkdirdilər...”
Sonrakı araşdırmalardan məlum olub ki, Novikovun həbsinin bir neçə motivi olub.

Birincisi, ona marşal Jukovun əleyhinə ifadlər vermək təklif olunub. Novikov bundan imtina etdikdə həbs qərarı verilib.
İkinci əsas motiv isə Stalinin oğlu Vasili ilə bağlı olub. Vasili Stalin məhz Novikovun tabeliyində xidmət edib.

Belə ki, Vasili Stalin Novikova qarşı aqressiv münasibətdə olub. Novikov Vasilinin özünü hədsiz dərəcədə “böyük” aparmasını qəbul edə bilməyib. Onun əyyaşlığına, xidmət dövründə qızğın qadın əyləncələrinə, xidməti yoldaşlarına qarşı kobud rəftarına, onlara hətta əl qaldırmağına, hərbi nizamnamənin qaydalarını kobud şəkildə pozmağına göz yummayıb. Novikov onu kimliyindən asılı olmayaraq dəfələrlə cəzalandırıb.

Vəzfə ranqına görə Vasili Stalinə bir xidməti maşın düşdüyü halda, o, üç maşından istifadə edib. Novikov iki maşını onun sərəncamından götürüb.

1945-ci ildə Novikov Vasili Stalinin general rütbəsi alması ilə bağlı təqdimata imza atmaqdan imtina edib.

Bu kimi münasibətlər Vasili Stalinin yaddaşından silinməyib və qisas üçün rəsmi şəkildə atasına yazılı müraciət edib. Müraciətdə hərbi hava qüvvələrinin balansında olan təyyarələrin texniki vəziyyətinin yarıtmaz olduğu göstərilib və qeyd edilib ki, məhz elə bu səbəbdən tez-tez qəzalar baş verir, hərbi təyyarəçilərin ölüm faktı artıq.

Milyonların “ədalətli hökmdar” saydığı İosif Stalin oğlunun müraciətini ciddi qəbul edərək müvafiq qurumlara araşdırma aparmaq üçün xüsusi göstəriş verib.

Bu məqamda kiçik bir haşiyə çıxmaq yerinə düşərdi. Vasili Stalinin heç bir ali təhsili olmayıb, orta təhsili də yarımçıq qalıb. O, yalnız bir illik mülki aviasiya kurslarını keçib. Bəzi mənbələrdə onun Jukovski adına Hərbi-Hava Akademiyasında təhsil alması göstərilib. Bu fakt doğrudur. Amma Vasili Stalin cəmisi 11 aydan sonra naməlum səbəblərdən həmin akademiyadan gedib, yaxud da uzaqlaşdırılıb. Amma buna baxmayaraq, Vasili Stalin artıq 21 yaşında polkovnik rütbəsini daşıyıb və yəqin ki, “ədalətli hökmdar” da bundan xəbərdar olub. Vasili Stalin haqqında böyük “əfsanələr” dolaşsa da, sonda onun əsl kimliyi də məlum olub.

Nəzəri cəhətdən heç bir texniki biliyə malik olmayan bir şəxsin hərbi təyyarələrin texniki vəziyyəti haqqında geniş arayış hazırlaması da yəqin ki, bu işin əvvəlcədən məqsədli şəkildə planlaşdırıldığından xəbər verir.

Beləliklə, sonda Viktor Abakumovun rəhbərliyi ilə “Aviasiya işi” açılıb. Marşal Jukovun əleyhinə ifadə verməkdən imtina edən Novikov hərbi kollegiyanın hökmü ilə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Maraqlı məqamlardan biri də odur ki, Novikov cəzasını Lefertovo türməsində çəkib. Lefertovo istintaq təcridxanası olduğundan məhkəmə sona çatdıqdan sonra orada saxlanılanlar düşərgələrə, həbsxanalara göndəriliblər. Marşal isə sona qədər, hələ bir il də artıq Lefertovoda qalıb.

Novikov xatirələrində bununla da bağlı açıqlama verib:

“Mən cəzamı sona qədər Lefertovoda çəkdim. Əslində məhkəmədən sonra məni hansısa bir həbsxanaya göndərməli idilər. Mənim Lefertovoda saxlanılmağım haqqında Stalin göstəriş vermişdi. Yəqin elə düşünüb ki, yenidən ona lazım ola bilərəm və məni uzağa buraxmayıb...”

1953-cü ildə Stalinin ölümündən sonra marşal Novikov bəraət alıb, rütbəsi və dövlət təltifləri geri qaytarılıb, hərbi xidmətini davam etdirib. 1956-cı istefaya çıxan marşal rütbəli professor Aleksandr Novikov Ali Aviasiya Məktəbinin rəisi vəzifəsində işləyib. Ömrünün son illərində memuarlarını qələmə alıb, aviasiya sahəsində bir neçə dərsliyin müəllifi olub.

Aleksandr Novikov 1976-cı ildə, 76 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10