Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Həqiqətlərin hamısı üzə çıxmayıb, bunlar bilinməlidir və xalq öz tarixinə bu dərəcədə biganə olmamalıdır...”



“Təsəvvür edin ki, Azərbaycanın o dövrdə hakimiyyətdə olan elitası, hələ korrupsiyaya bulaşmamış, rüşvətox sayılmayan, ölkənin problemlərini həll etməyə çalışan, tutduğu vəzifəni həqiqətən də ləyaqətlə təmsil edən çox adlı-sanlı görkəmli dövlət xadimləri məhv edildi”

Bunu professor Qulu Məhərrəmli Qarakənd faciəsi haqda danışarkən deyib. Professor hadisənin dəqiq araşdırılmasının vacibliyini vurğulayıb:

“Bəzən bu hadisə noyabrdan-noyabra yada düşür, amma bu həm bizim müstəqillik dövrümüzdə, həm də Qarabağ münaqişəsi tarixində ən böyük faciələrdən biridir. Məqsədinə görə ən məkirli terror hadisəsidir. Təsəvvür edin ki, Azərbaycanın o dövrdə hakimiyyətdə olan elitası, hələ korrupsiyaya bulaşmamış, rüşvətox sayılmayan, ölkənin problemlərini həll etməyə çalışan, tutduğu vəzifəni həqiqətən də ləyaqətlə təmsil edən çox adlı-sanlı görkəmli dövlət xadimləri məhv edildi. O dövrdə Azərbaycanın müstəqillik elan etməsi hələlik sözdəydi və hələ də Rusiyadan müəyyən asılılıqlar qalırdı, nə ordusu formalaşmışdı, nə də hadisələrə təsir mexanzimi cilalanmışdı. 

Belə bir dövrdə xalq hərəkatı və hakimiyyətə güclü basqılar var idi. O vaxtkı ölkə rəhbərliyi özü də bunun qarşısını almaq, Qarabağ müharibəsində müəyyən uğurlar əldə etmək, ən aşağısı zərərləri minimuma endirmək üçün güclü addımlar atırdı. O vaxt dövlət strukturları 20 yanvar hadisələrindən sonra müəyyən qədər özlərinə gəlmişdi və işləyirdi. Yerlərdə bu qədər insanlar qaçqın düşməmişdi. Eləcə də Rusiyanın mərkəzi strukturlarından istifadə etmək cəhdi var idi, hər halda Qarabağda rus qoşunlarının müəyyən kontingenti var idi və onlarla da əməkdaşlıq edilirdi və s. Belə bir vəziyyətdə o vaxt hakimiyyətdə olan milli düşüncəli, milli kökə bağlı çoxlu sayda insanlar var idi, onların zəngin idarəçilik təcrübəsi vardı. Bu adamları sıradan çıxarmaq isə elə bilirəm ki, düşünülmüş addım idi. Faktiki olaraq bu adamlar o vaxtkı prezident Ayaz Mütəllibovun komandasının öndə gedənləri idi. 

Məsələn, dövlət katibi Tofiq İsmayılov, keçmiş daxili işlər naziri və dövlət müşaviri Məhəmməd Əsədov, millətə can yanğısı olan İsmət Qayıbov, Zülfü Hacıyev və s. Onlar işlərini bilən insanlar idi, yəni həm bələdçiliyi bilirdilər, həm də millətə, dövlətə sayğıları olan bacarıqlı, dürüst insanlar idi. Belə bir komandanın bir vertalyota yığılıb məhv edilməsi hesab edirəm ki, dəhşətli bir hadisə idi və bundan sonra da o adamların sıradan çıxarılması Qarabağda da faciələrin əsasını qoydu, proseslərin sürətləndirdi, Azərbaycanın lazımi müqavimət gücü olmadı o hadisələrin qarşısın almağa. Ona görə hesab edirəm ki, bu hadisələr tam araşdırılmayıb, o barədə həqiqətlərin hamısı üzə çıxmayıb, bunlar deyilməlidir, bilinməlidir və xalq öz tarixinə bu dərəcədə biganə olmamalıdır. Mən hesab edirəm ki, bu faciə deyil, dəhşətli qanlı terror hadisəsidir”.

Qeyd edək ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayounun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan helikopter zamanı Azərbaycan tanınmış insanları həlak olub. Bu gün həmin hadisədən 28 il ötür.

moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10