Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ərlərinə cavan qız alan qadınlar - Azərbaycanda çoxarvadlılıq artır?


Xəbər verdiyimiz kimi, televiziya məkanında daha bir qəribə hadisə yaşanıb. Yaşlı qadın öz həyat yoldaşına cavan qız aldığını deyib.

Hadisənin üstü "Zaurla Günaydın" proqramında açılıb. Qadının bu addımı aparıcıları və digər qonaqları şoka salıb. Belə ki, efirdə “Talış nənələri” qrupunun ifaçılarından olan Həlimə adlı qadın həyat yoldaşını cavan qızla evləndirdiyini deyib.

Azərbaycanda qanunda olmayan, əslində bəzilərinin həyat tərzinə çevrilən  çoxarvadlılıq məsələsi az deyil. Bəzən inkar olunsa da, bu məsələ cəmiyyətimizdə baş verən hadisələrdən biridir. 

Məsələ ilə bağlı Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə ilə əlaqə saxladıq. Jurnalist “Yeni Sabah”a açıqlamasında  belə halların öıkəmizdə tez-tez baş vermədiyini bildirib:

“Belə hadisələr nadir hallarda baş verir. Hesab etmirəm ki, Azərbaycanda yaşlı qadınlar öz həyat yoldaşlarının gənc xanımlarla evlənməsində maraqlıdırlar. Azərbaycan qadını xəyanəti bağışlamır. O, həyat yoldaşını başqasıyla bölüşməyə heç vaxt razı olmaz. Belə hallar 40 ildə bir dəfə baş verir. Yəni, kişilər çox ümidlənməsinlər. Belə bir cəhd onların hətta izdivacda olduqları qadını da itirməsiylə nəticələnə bilər. Bu, həm də əxlaq məsələsidir. Özünə hörmət edən kişi həyat yoldaşının üstünə günü gətirməz”.

Lakin belə  hadisələrin nadir hallarda baş vermədiyini deyərək həyəcan təbli çalanlar da var. Maraq üçün xatırladaq ki, hələ ötən il “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova “Cümhuriyət”ə danışarkən bu barədə xəbərdarlıq etmişdi. O deyib ki, çoxarvadlılıq dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda sürətlə artmaqdadır:

“Bəzi qadınlar utanmadan deyir ki, o kişinin ikinci arvadıdır. Kimlərsə gizli, kimlərsə aşkar edir. Bəzi evlərdə bununla bağlı konfliktlər olur, qadınlar var ki, bunu qəbul etmir. Amma faktiki olaraq bu problem var. Bu məsələdə əsas rol qadının özünün qəbul etməsidir. Kimisə zorla nə ala, nə də arvad edə bilərlər. Bəzi hallarda istisnalar olur ki, qarşı tərəf evli olduğunu gizlədir. Belə faktlar da var ki, xanım deyir ki, əri ilə ailə quranda onun evli olduğundan xəbərsiz olub. Bu dini mənsubiyyətindən asılı olmayaraq, yayılmış məsələdir. Düzdür, bunu daha çox dini, inanclı adamlara şamil edirlər. Onların öz təbliğatı var. Guya ki, əxlaqsızlığın qarşısını almaq və ya bu məsələdə hansısa qadını kimsəsiz, baxımsız qoymamaq üçün dəstək verirlər. Amma qadına dəstək vermək istəyən bunu qadınla seksual münasibətdə olaraq etməz. Bir az bu formanı dəyişirlər və adını əxlaq, namus qoyub bu cür təbliğat aparırlar. Ola bilsin ki, qadınları da bu şəkildə cəlb edirlər. 

Əslində İslam dininə sitayiş edən, amma dindar olmayan şəxslər də bunu həyata keçirir. Bunların içərisində vəzifəlilər var ki, ikinci saxladıqları qadınları var. Bu məsələdə artıq maddi istifadədən söhbət gedir. Bir də var ki, heç bir maddi imkanı yoxdu, amma  hər rayonda bir qadın saxlayır və deyir ki, mən evliyəm. Əslində bunu dini nikahla bağlayır və adını da qanuniləşmiş forma qoyurlar. Qadınlar da bu dini nikahla razılaşırlar və onlara elə gəlir ki, dini nikah əsl nikahdır və bu bəs edəcək. Sonradan ki, həmin adamlar yoxa çıxanda və ya həyat yoldaşları bundan xəbər tutanda bəlli olur ki, onların heç birinin hüquqi statusu yoxdu, uşaqlarına da atalıq verilməyib.

Azyaşlı ilə cinsi münasibətdə olmağın məsuliyyətləri var. Amma 18 yaşından sonra şəxs ağlı başında olandan sonra özü seçim eləyir. Bir az sorğu-sual edib ailə quracağı adam barədə məlumatı toplamalıdır. İnsanlar heç bir məlumat toplamır, gözüyumulu sevincək olurlar ki, bir kişi tapıblar və bununla da sonrakı problemləri də yaşayırlar. Dini qruplar ki, var onlar bu işə şuurlu şəkildə gedirlər və hesab edirlər ki, bu belə olmalıdır. 

Amma digərləri aldanılmış formada gedirlər. Bu proses hələ də gedəcək. Qız uşaqlarının sayının azalması ilə bağlı ola bilsin ki, bu hal çoxalsın. Bu halının qarşını o formada almaq olar ki, qadının özünün seçim düşüncəsi formalaşsın. Yəni o yalnız uzun müddət birgə yaşaya biləcəyi  insanı seçim edə bilsin. Azərbaycanda qadınların özünün seçim imkanları yoxdur.Ya hansısa çətinlikdə olurlar, ya boşanmış, yaxud da ərə getmək istəkləri bütün istəklərdən yuxarıda dayanır. Nə qədər ki, iqtisadi asılılıq çərçivəsində ailə qurulacaq, bu proses hələ gedəcək. Mən inanmıram ki, proses dayanacaq.Yenə deyirəm qız uşaqlarının sayının azalması əskinə bu prosesi daha da artıracaq.Bu artıq o zaman həllini tapacaq ki, qadınlar öz həyatları ilə bağlı qərar verə biləcək”.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10