Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İrandakı etirazların Azərbaycana 5 mümkün təsiri – Qubad İbadoğlu açıqladı



“İranda getdikcə artan sosial etirazlar davamlı xarakter alarsa, ölkəni siyasi və iqtisadi böhrana sürükləyə bilər. Belə ki, idarəolunmaz formata keçən xalq etirazları qurbanlarının sayına, iştirakçıların kütləviliyinə və coğrafı əhatə dairəsinə görə son illərin ən şiddətli aksiyalarından sayılır”.

 

Cenub.az bildirir ki, bu fikirləri ADR sədri, iqtisadçı ekspert Qubad İbadoğlu qonşu ölkədəki prosesləri və onun Azərbaycana mümkün təsirlərini şərh edərkən bildirib.

 Ekspertin sözlkərinə görə, baş verənlər əsasında qurulan istənilən ssenaridən aydın görsənir ki, İranda qiymətlərin artımının yeni dalğası, milli valyutanın dəyərsizləşməsinin növbəti mərhələsi iqtisadi durumu daha acınacaqlı vəziyyətə sala bilər. Bu isə istənilən halda İrandan əmək miqrasiyasını və kapital axınını sürətləndirəcək.

 Q.İbadoğlunun fikrincə, Azərbaycan imiqrantlara ev sahibliyi, maliyyə transfertlərinə vasitəçilik etmək məcburiyyətində qala biləcək potensial ölkələrin siyahısındadır.

O, hər iki trendin iqtisadi təsirlərinin əvvəlcədən dəyərləndirilməsi və Azərbaycanın prosesə hazırlıqlı olması baxımından gözləntilərini aşıqlayıb:


“Birincisi, Azərbaycanın İranla sərhəddə yaşayan əhalisi üçün bu ölkə əvvəlki kimi alış-veriş və tibbi xidmətlər üçün faydalı olmayacaq. Bu isə xüsusilə də cənub rayonlarında onsuz da pisləşən sosial vəziyyəti bir az da gərginləşdirə bilər.


İkincisi, İrandan Azərbaycana əmək imiqratlarının gəlməsi ilk növbədə əmlak kirayəsi və istehlak bazarında qiymətlərin bahalaşmasına artırıcı təsir göstərəcək.


Üçüncüsü, İran və Azərbaycan arasında xarici ticarət döviyyəsi azalacaq. Lakin bununla yanaşı, İran mənşəli kapitalın Azərbaycana daşınması prosesi sürətlənəcək ki, bu da Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunu artıra bilər.

 Dördüncüsü, İran tüməninin dəyərdən düşməsi Azərbaycan manatına və dolayı yolla da ABŞ dollarına olan tələbatı artıra bilər. Bu da Azərbaycanın xarici şoklara həsas olan valyuta bazarında gərginliyi artıracaq.


Nəhayət, İranda hakimiyyətlə xalq arasında münasibətlərin gərginləşməsi qısa müddətli dövrdə dünya bazarında neftin qiymətinə artırıcı təsir göstərə bilər. Bu da Azərbaycanın neft gəlirlərinin artımını şərtləndirən amillərdəndir”.

 Qubad İbadoğlu fikirlərini yekunlaşdıraraq vurğulayıb ki, İranda baş verənlər Azərbaycan iqtisadiyyatına birmənalı müsbət və ya mənfi təsir göstərməyəcək. Bu təsirlərin hansının çox, hansının az olması qonşu ölkədəki hadisələrin gedişatından və Azərbaycanın prosesə hazırlıq səviyyəsindən asılı olacaq.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10