Türkiyədə üçüncü dəfə keçirilən Türkiyə-Azərbaycan Qardaşlıq Mükafatları təntənəli mərasimində mükafatlar sahiblərinə təqdim edilib.
Qaliblər sırasında Bakı Slavyan Universitetinin professoru, jurnalistika kafedrasının müdiri, əməkdar jurnalist Şəlalə Həsənova “ilin ən yaxşı PR Mütəxəssisi” mükafatına layiq görülüb.
Cenub.az xəbər verir ki, İstanbul-Azərbaycan Dostluq Dərnəyinin təşkil etdiyi ənənəvi tədbirdə hər iki ölkənin sənət, siyasət, iqtisadiyyat, elm, incəsənət, media və digər sahələrdə qazandıqları nailiyyətlərə görə tanınmış simalar bir araya gələrək mükafat sahibləri kimi icitmaiyyətə təqdim olunublar. “Məqsədimiz iki qardaş ölkənin ən yaxşılarını bir arada tutaraq bütünlüyümüzü və birliyimizi bütün dünyaya yaymaqdan ibarətdir” – gecənin təşkilatçıları Atakan Taşur və Hülya Ağasoy açılış nitqində bu fikri önə çəkiblər.
Tədbirdə Azərbaycanın İstanbuldakı Konsulluğunun məsul şəxsləri iştirak ediblər.“Bir millət, iki dövlət” şüarı ilə təşkil olunan tədbir hər iki ölkə tərəfindən canlı yayımlanıb, Türkiyənin xəbər proqramlarında və saytlarında geniş işıqlandırılıb.