Neçə gündür qonşu Gürcüstanda vəziyyət təzədən gərginləşib. Belə ki, ölkənin paytaxtı Tiflisdə, Batumi və Acarıstanda mitinqlər, etiraz aksiyaları keçirilməkdədir. Beləliklə də beynəlxalq aləmin diqqəti Gürcüstana yönəlib. Gürcüstanda nə baş verir?
Xatırladaq ki, bir müddət bundan əvvəl Gürcüstan hökuməti, o cümlədən hakim “Gürcü arzusu” partiyası xalqa proporsional seçki sisteminə keçidlə bağlı vədlər vermişdi. Bu vədlər xalqda, eyni zamanda, müxalifətdə ümidlər doğurmuş, yüksək qiymətləndirilmişdi. Lakin bu günlərdə partiyadan olan bir qrup deputat bu qanuna səs vermədi və layihə rədd edildi. Nəticədə müxalifətçilər ciddi etirazlara başladı.
Qeyd edək ki, proporsional sistemə keçid 2019-cu ilin iyununda Tbilisinin mərkəzində baş tutmuş etirazların iştirakçılarının əsas tələblərindən olub. O zaman qeyri-rəsmi lider və hakim “Gürcü arzusu” partiyasının sədri Bidzina İvanişvili bu tələbi yerinə yetirməyi vəd etmişdi.
Bəs Gürcüstanda yenidən “Qızılgül” inqilabı təhlükəsi varmı?
Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı: “İnqilabın təhlükəsi ondan ibarətdir ki, bir yerdə inqilab baş verirsə və inqilab yolu ilə hakimiyyət dəyişirsə, sonra bunun ardı-arası kəsilmir, digər inqilablar baş verir, əksinqilablar müşahidə olunur. Gürcüstanda da bundan əvvəl ”Qızılgül" inqilabı baş verdi, hakimiyyət dəyişdi. Bundan sonra müşahidə edirik ki, bu ölkədə hər il bu cür nəsə təpkilər, küçə yürüşləri, mitinqlər olur. Sonuncu olayların, etirazların səbəbi odur ki, hakimiyyət vəd verməsinə rəğmən, parlamentdə seçki qanunu keçmədi. Bu da müxalifəti narazı saldı. Həm də hakim partiyalar içərisində artıq qopmalar yaşanır. Nəticə hakimiyyət böhranına gətirib çıxara bilər. Beləliklə, vəziyyət getdikcə gərginləşir. Ölkəni və hakimiyyəti kənardan idarə edən oliqarx İvanaşvili gəlir ki, bu məsələlərə müdaxilə etsin. Əgər qərar verilməsə, hakim partiyadan daha çox parçalanmalar yaranacaq. Çünki bir tərəfdən İvanaşvili də vəd vermişdi ki, proporsional seçki keçiriləcək. Lakin partiyası bunun əleyhinə çıxdı. Amma bu, o demək deyil ki, partiyası İvanaşvilinin dediyini qəbul etmədi, ola bilsin ki, onun özü də oyun oynadı. Yəni bir tərəfdən xalqa vəd etdi, digər tərəfdən əks istiqamətdə hərəkət etdi. Bu da Tbilisidə və Batumidə vəziyyətin gərginləşməsinə gətirib çıxardı".
musavat.com