"Gilan Holdinq” şirkətinin 2020-ci ilin yanvarın 1-dən "Qəbələ” klubuna sponsorluğu dayandıracağı haqda məlumat vermişdik.
Cenub.az xəbər verir ki, həmin xəbərlərə görə şirkət növbət il üçün kluba pul ayrılmayacaq və bu klubun başqa sponsor tapa bilməyəcəyi halda dağılması ilə nəticələnəcək.
Qol.az saytı yazır ki, sponsorluqdan imtinaya holdinqin özünün maliyyə çətinlikləri ilə üzləşməsi səbəb olub. Belə bir durumun yaranacağından "Qəbələ” rəhbərliyi bir neçə ay əvvəldən məlumatlı olub. Ona görə də klub rəhbərliyi hələ bir müddət əvvəl yeni sponsor axtarışına çıxıb.
Bununla bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla görüş də keçirilib. Federasiyanın "Qəbələ”yə kömək edəcəyini bildirsə də, iddialara görə, hələlik bununla bağlı real addımlar atılmayıb.
Amma yanvar ayından AFFA-nın "Qəbələ”yə maliyyə yardımı ayıracağı da istisna deyil. Hazırda isə durum belədir ki, ortada konkret heç nə yoxdur və "Qəbələ”nin vəziyyəti qeyri-müəyyəndir. Buna görə də klubun yanvarın əvvəlindən fəaliyyətini dayandıracağı ehtimalı az deyil.
Hər şeyə yaxın vaxtlarda dəqiqləşəcəyi gözlənilir. Əgər qısa müddətdə sponsor tapılmasa, təəssüf ki, Azərbaycan futbolu üçün böyük işlər görmüş klub dağılmalı olacaq. Bununla da daha bir bölgə kluba tarixin yaddaşına köçəcək.
Qeyd edək ki, “Qəbələ” klubunun prezidenti Tale Heydərov istefa verdikdən sonra atası Kəmaləddin Heydərova məxsus “Gilan Holding”in də sponsorluqdan imtina edəcəyi gözlənilirdi.