Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Baş katibin məhbus gəlini – Leonid Xruşov güllələndikdən sonra onun Lyubovunu da şərləyiblər



20-ci əsrin ən tanınmış və populyar siyasətçilərindən biri sayılan Çörçillin Nikita  Xruşovun fəaliyyəti ilə bağlı fərqli bir fikri var: “Xruşov öz siyasi fəaliyyətinə ölülərlə mübarizədən başladı və bu mübarizədən qələbə ilə çıxdı...”

Aydın məsələdir ki, Çörçill bu ifadədə “ölülər” deyəndə Stalini nəzərdə tutub. Bu da faktdır ki, Xruşovun Stalini tarixdən silmək cəhdi təkcə onun siyasi fəaliyyətinə görə olmayıb, o, həm də şəxsi qisasını almaq istəyib.

Xruşovun birinci nikahdan olan oğlu Leonidin ölüm səbəbi müxtəlif mənbələrdə fərqli göstərilib. Hadisənin canlı şahidləri olan Stalinin mühafizə rəisi general Vlasikin və Stalinin şəxsi katibi Poskrebışevin yazdıqlarına görə, Leonid Xruşov Stalinin göstərişi ilə güllələnib. Belə ki, oğul Xruşov almanlara əsir düşəndə Stalin bundan çox narahatlıq keçirib, elə düşünüb ki, SSRİ-nin siyasi elitasının fəaliyyətindən az-çox məlumatlı olan Leonid bildiklərini almanlarla bölüşəcək. Buna görə də o, nəyin bahasına olursa-olsun, Leonidi əsirlikdən geri almaq üçün bütün vasitələrə əl atıb. Lavrenti Beriya bu işi öz üzərinə götürüb və Leonid Xruşov çox qısa bir müddət ərzində əsir düşmüş alman zabiti ilə dəyişdirilib.

Oğlunu hansı aqibət gözlədiyini bilən Xruşov Stalinin yanına xahişə gedib. Vlasikin yazdığına görə, Xruşov Stalinin ayaqlarına yıxılaraq yalvarıb, Stalin isə mühafizəçiləri səsləyərək Xruşovu kabinetdən çıxarmağı əmr edib və oğul Xruşovu güllələtdirmək fikrindən dönməyib.

Xruşovun Stalindən qisas almaq ehtirasının səbəbi təkcə oğlu olmayıb. 1943-cü ildə Leonidin həyat yoldaşı Lyubov Sizıx da həds edilərək sürgünə göndərilib. Amma Xruşov bu dəfə Stalindən heç nə xahiş etməyib, daha doğrusu, bunun mənasız olduğunu anlayıb.

Lyubov Sizıx 1912-ci ildə Kiyevdə anadan olub. Geologiya institutunu bitirib. Könüllü paraşütçülər kursunda Xruşovun oğlu ilə tanış olub və 1940-cı ildə Leonid Xruşovla ailə həyatı qurub. Bu onun ikinci nikahı olub. Birinci həyat yoldaşından bir oğlu olan Lyobov Sizıxın Leoniddən bir qızı dünyaya gəlib.

1943-cü ildə Leonid Xruşovun ölümündən sonra Lyubov Sizıx “NKVD”-nin hədəfinə düşüb. O, xarici dövlətlərin kəşfiyyat orqanları ilə əməkdaşıq etməsində ittiham olunub.

Xruşovun gəlininə heç bir güzəşt edilməyib. “Lubyanka” türməsində onu “SMERŞ”-in başçısı Viktor Abakumov şəxsən sorğu-sual edib. Bütün təzyiq və təsirlərə baxmayaraq Lyubov Sizıx heç bir kəşfiyyatla əlaqədə olmadığını söyləyib. Ancaq buna baxmayaraq o, beş il müddətinə azadlıqdan məhrub edilib, daha sonra isə Qazaxstana sürgünə göndərilib.

Lyubov Sizıx sonralar yazdığı xatirəlrdə həmin günləri belə xatırlayıb:

“Mənim heç bir kəşfiyyatla əlaqəm olmayıb və ümumiyyətlə, belə bir məsələ heç vaxt ağlıma da gəlməyib. Mən Fransa səfirliyinin əməkdaşının həyat yoldaşı ilə rəfiqəlik edirdim. Onun atası general idi, hərbi orkestrə rəhbərlik edirdi. O, alman əsilli idi və mən bunu həbs olunduqdan sonra bilmişdim. Rəfiqəmin atasını həbs etdikdən sonra ailəyə yaxın adam kimi mən də “şübhəli şəxs” qismində saxlandım. Məni bir müddət Lubyankada saxladılar, “NKVD”-nin türməsində. Sorğu suala isə Abakumov gəlirdi. Saatlarla sual verirdi, mənən məni sındırmaq istəyirdi. Amma nə deməliydim? Axı heç bir günahım yox idi. Qayınatam Xruşov da istintaqla qətiyyən maraqlanmırdı. Düzdür, o vaxt o, hələ Kiyevdə işləyirdi, ölkə rəhbərliyinə çox da yaxın deyildi. Amma hər halda Kremldə onu yaxşı tanıyırdılar. İstintaq dövründə mənə qarşı heç bir fiziki işgəncə verilmirdi, amma əvəzində məni təkadamlıq kamerada saxlayırdılar, sutka ərzində yalnız 2-3 saat yatmağa icazə verilirdi. Mən dözürdüm, iki övladımın naminə iradəli olacağıma özümə söz vermişdim, beləliklə də həbsxana və sürgün həyatınının ağırlıqlarına təslim olmadım...”

Lyubov Sizıx həbs olunduqdan sonra onun Leoniddən olan qızı Yuliyanı Xruşov öz himayəsinə götürərək yanına aparıb. 16 yaşına qədər Yulya elə bilib ki, Xruşov onun atası, həyat yoldaşı Nina Petrovna isə anasıdır. Yalnız 16 yaşında komsomola daxil olarkən tərcümeyi-hal yazanda ona əsl valideynlərinin kim olduğu məlum olub.

Lyubov Sizıxın birinci nikahdan olan oğlu isə uşaq evində böyüyüb.

Sürgün müddətindən sonra Lyubov Sizıxa Moskvada yaşamağa icazə verməyiblər. O, bir müddət Karaqandada öz ixtisasına uyğun geoloq işləyib. Sonra isə öz doğma şəhəri Kiyevə köçüb.

Nəhayət, uzun illərdən sonra Lyubov Sizıx övladları ilə də görüşüb. Nina Petrovna ona qızı ilə görüşməyə icazə verib. Uzun illərin ayrılığından sonra ana-bala arasında mehriban münasibət yaranıb. O, artıq 25 yaşında olan oğlunu da tapıb.

Lyubov Sizıx uzun bir ömür yaşayıb. O, 2014-cü ildə 102 yaşında vəfat edib. 2012-ci ildə 100 illik yubileyində jurnalistlərə müsahibə verən baş katibin gəlini yaşadığı illər üçün heç bir təəssüf hissi keçirmədiyini söyləyib:

“Həyatımda baş verən hadisələrdən təəssüflənmirəm. Mən bilirdim ki, günahsızam, dövlət əleyhinə heç bir fəaliyyətim olmayıb, buna görə də arxayın idim ki, bütün çətinliklərdən çıxacam...” 

Uzunömürlülüyün səbəbini isə Lyubov Sizıx belə izah edib:

“Ürəyimdə heç kimə qarşı kin, qəzəb və nifrət olmayıb. Uzunömürlülüyümün sirri də bax elə bundadır...”

musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10