Türkmənistanın Miqrasiya Xidməti müxtəlif bəhanələrlə xaricə getməyə çalışan insanları hava limanında saxlamaqda davam edir.
Yeddi nəfərlik bir ailənin toy üçün Aşqabaddan İstanbula uçmasına imkan verilməyib. Miqrasiya xidmətinin əməkdaşları səfərin səbəbini öyrəndikdən sonra qızı evlənən ailənin atasını və qohumu olan daha iki kişini ölkədən buraxmayıblar.
Türkmənabad sakinləri qadağanın səbəblərini öyrənməyə çalışıblar. Miqrasiya xidmətinin əməkdaşı hava limanına Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşını çağırıb. Onları izahat yerinə təhqir eşitdikləri ayrı bir idarəyə aparıblar.
“Qızınız niyə bir türklə evlənir, türkmənləri bəyənmir?”, – deyə MTN əməkdaşı onların üstünə qışqırıb. Qızın atası isə cavab verib ki, qızı bir türkmənə ərə gedir, ancaq məmur onu dinləməyib:
“Hamınız satqınsınız, sadəcə Türkmənistandan necə qaçmağı düşünürsünüz. Niyə qızınız burada evlənmədi? Niyə evdə yaşamaq və işləmək istəmir? Sizin kimi insanlara görə hamı düşünür ki, pis ölkəyik”.
Adamların dindirilməsi bir saat davam edib, bundan sonra onlara heç vaxt ölkəni tərk edə bilməyəcəkləri bildirilib.
konkret.az