Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Peyğəmbərimiz(s) bəzən evi də süpürər, xidmətçisi ilə birgə xəmir yoğurardı..."


Allahın Rəsulu Məhəmməd əleyhissəlamın ailəsi ilə rəftarı...



Əziz Peyğəmbərimiz (s) əxlaqı bütün bəşər üçün bir nümunədir. İnsanın ailəsinə göstərdiyi gözəl rəftarı, əxlaqı o Həzrətin (s) təkamül yolunda əldə etdiyi nailiyyətlərdən xəbər verir. O kəs ki, ailə üzvlərinə qarşı xoş rəftar göstərərsə, deməli, ümumiyyətlə xoş əxlaqlı insandır.



Həzrət Peyğəmbər (s) - İlahi əxlaqın ən üstün nümunəsi idi. O, əxlaqı təkmilləşdirmək üçün məbus olmuşdur. Ona görə də Həzrətin (s) ailə təcrübəsindən bəhrələnək və özümüz də bu cür olmağa çalışaq. (Erfan)



Həzrət Peyğəmbərin (s) həyat yoldaşı Aişə Həzrətin (s) əxlaqi xüsusiyyətlərinə agah idi. Feyz Kaşani “Muhəzzətil-bəyaz” kitabında Səyid ibni Həşamdan nəql edir: “Aişədən Peyğəmbərin (s) əxlaqı barədə soruşdum və o, dedi: “Məgər Quran oxumursan?”. Dedim: “Niyə? Oxuyuram”. Dedi: “Rəsulallahın (s) əxlaqı - Quran əxlaqıdır. Heç kim Peyğəmbərdən (s) xoş xasiyyət deyildir. Səhabələrindən və Əhli-beytindən (ə) kimsə onu çağırsa “Ləbeyyk”dən başqa bir söz demirdi”.



Bəli, Peyğəmbərimiz (s) Quranın buyurduqlarına həm qəlbində və həm də həyatında əməl edirdi. Ona görə də Həzrət (s) - Quranın təcəsümüdür. Belə ki, Quran buyurur: “Peyğəmbərimiz Rəbbi tərəfindən ona nazil olana iman gətirdi”. (“Bəqərə” 285).



Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərdən ən yaxşısı - həyat yoldaşı ilə xoşrəftar edəninizdir. Mən sizin hamınızdan həyat yoldaşlarıma qarşı xoş rəftar edənəm”.



Buna şahid olanlar yazırlar ki, Peyğəmbər (s) evində ailəsinə xidmət edərdi. Əti doğrayardı, keçisini sağardı. Paltarını yamayardı, dəvəsinə ot verərdi. Xidmətçisi ilə bir yerdə unu ələyər və xəmir yoğurardı.



İbni Şəhr Aşub “Mənaqib” kitabında yazır: “Rəsulallah (s) öz ayaqqabısını yamayardı. Geyimini tikərdi. Qoyunları və dəvərlərini sağardı. Xidmətçisi yorulan zaman ona kömək etməyə tələsərdi. Dəstəmaz suyunu özü gətirərdi. Bütün işlərdə ev əhlinə kömək edərdi. Ev əşyalarını bazardan öz çiynində evinə gətirərdi. Bəzən evini təmizlədiyini də görərdilər. Evi süpürür və deyərdi: “Həyat yoldaşına kömək etmək və mənzilin işləri Allah yolunda sədəqə və ehsan hesab edilir”.



Aişədən nəql edilir ki, deyir: “O zaman ki, imkan olurdu, Peyğəmbər (s) öz paltarını tikərdi. Ayaqqabısını yamayardı”.



İmam Əli (ə) ömrünün 30 ilini Peyğəmbərin (s) yanında olmuşdur. O, Peyğəmbəri (s) hamıdan çox tanıyırdı. Həzrətin (s) daxili və xarici əxlaqından xəbərdar idi. İmam Hüseyn (ə) buyurur: “Atamdan Peyğəmbərin (s) evdə gördüyü işlərdən sual verdim. Buyurdu: “O vaxt ki, evinə gedərdi, vaxtını üç yerə bölərdi: bir hissəsi Allah üçün, bir hissəsi ailəsi üçün və bir hissəsi də özü üçün. Özünə düşən payı özü ilə insanlar arasında bölərdi. Onu qohumları və səhabələrinə qərar verərdi. İmkanlarından heç birini onlardan əsirgəməzdi”.



Həzrət (s) özünə aid olan mövzulara görə əsəbləşməzdi. Ancaq Allaha aid olan mövzulara əsəbləşərdi. O da İlahi sərhədləri pozan zaman olardı.

Həzrət (s) həm həyat yoldaşlarına və həm də qızına, nəvələrinə və kürəkəninə qarşı xoş əxlaq göstərərdi. Nə zaman ki, Fatimə (s.ə) Peyğəmbərin (s) yanına gəlirdi, Həzrət (s) ayağa qalxır və onu öpər və öz yerində əyləşdirərdi.



Bu idi, əziz Peyğəmbərimizin (s) əxlaqı və xoş rəftarı. Az da olsa, ondan ibrət götürək və bu dahi insanın əxlaq və rəftarından ən gözəl şəkildə bəhrələnək.


/Deyerler.org/





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10