Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Müsavat qarışdı, istefa tələbləri... – “Şəxsən Arif Hacılıdır”



Almaniya federal polisi tərəfindən mühacir alveri ilə məşğul olmaqda ittiham olunan şəxslərin saxlanması bu qalmaqalda adı hallanan Müsavat Partiyasında ciddi gərginlik müşahidə olunur. 

Partiyanın bir neçə tanınmış üzvü başqan Arif Hacılın məsuliyyət daşıdığını bildirir və onu istefa verməyə çağırırlar. Onların sırasında Müsavatın Divan üzvü Alya Yaqublu, son qurultayda başqanlığa namizəd Yadigar Sadıqlı da var.

Cenub.az xəbər verir ki, ABŞ-da yaşayan tanınmış müsavatçı fəal Arif Yunus da bu çağırışlara qoşularaq Arif Hacılını istefa verməyə çağırıb: “Gəlin, hər şeyi öz adi ilə adlandıraq: Almaniyadakı mühacirlərə saxta sənədlərin verilməsi ilə bağlı yaşanan qalmaqal bir daha Müsavat Partiyasının imicinə zərbə vurdu. 

Alman federal polisi tərəfindən açilmiş cinayət işində adı hallanan Avropada bu partiyanın AKM adı altında yaradılan mərkəzin təşəbbüskarı şəxsən indiki başqan Arif Hacılıdır. Bütün sivil dünyada, belə hallarda, partiyanı zərbədən uzaqlaşdırmaq ücün onun rəhbəri istefa verir. Məhz buna görə hörmətli Arif bəy, istefa mədəniyyətini göstərməyinizi və bu biabırçı vəziyyətin öhdəsindən gəlmək üçün növbədənkənar partiya qurultayını çağırmağı məsləhət görürəm”.

Arif Hacılı isə A.Yunusa cavabında qeyd edib ki, birbaşa Müsavat Partiyasına qarşı ittihamlar yoxdur: 

“Almaniya polisinin hansı sənədində Müsavat, AKM sözü var? Müsavata qarşı bu böhtan, qarayaxma kampaniyasına nə zaman son verəcəksiniz?

Siz Amerikaya mühacirət ərəfəsində (qısa müddət qalmış) partiyaya daxil olmusuz. Mühacirət edəcəyinizi gizlətmisiz. Sizi partiyaya qəbul edənləri aldatmısınız. İndi əməllərinizə görə sizi partiyaya üzv edənlər məsuliyyətmi daşıyır?!”.

Arif Yunus isə ittihamlara cavabında başqanı yalan danışmaqda qınayıb: 

“Arif bəy, sizə yaraşmaz belə ağ yalanlar. İsa bəyin imzası ilə Müsavatın rəsmi arayışını çap eləsəm ki, 1992-ci ildən mən Müsavat Partiyasının üzvüyəm və ilk gündən partiyanın bərpasında iştirak etmişəm, onda nə deyəcəksiniz? Mən Nazirlər Kabinetində Müsavatın o zamankı baş katibi Niyazi İbrahimlə partiyanın bərpa işləri ilə məşğul olanda siz Prezident Aparatında işləyirdiniz və yalnız hakimiyyətdən gedəndə sonra partiya işlərinə qoşuldunuz. Ayıbdır!”.

Arif Hacılı isə veteran müsavatçıya cavabı bu dəfə daha kəskin olub: 

“Onu düz deyirsiniz ki, yalan danışmaq sizə yaraşar. Mən partiyanın Bərpa Mərkəzinin üzvü olmuşam. İndi zaman dəyişib deyə belə danışırsız. O vaxt Müsavatın Bərpa Mərkəzinin həndəvərində belə fırlana bilməzdiniz. Bu nağılları sizi tanımayan gənclərə danışın. Partiyaya isə 2000 – ci ildə, ABŞ-a getmək ərəfəsində qəbul olmuşunuz”.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10