Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şaiyədir, ya doğru?


Şaiyədir, ya doğru?Həqiqətənmi müəllimlərdən kütləvi şəkildə pul yığılır?

Son vaxtlar hara gedirsən, bir söhbət dolaşır – müəllimlərdən kütləvi şəkildə pul yığılır.
Bu istiqamətdə yayılan söhbətlər ondan ibarətdir ki, bir neçə həftə öncə Təhsil nazirliyinin iqtisadiyyat şöbəsinin 3 əməkdaşı Masallıda yoxlamalar aparıb. Bu yoxlamalar heç də əvvəlkilərə bənzəməyib. Belə ki, yoxlayıcılar rayona gəldikdən sonra sadəcə olaraq təhsil şöbəsinə məlumat veriblər ki, biz məktəblərə gedəcəyik. Sonra əyləşiblər öz maşənlarına və başlayıblar istədiyi məktəblərə gedib yoxlama aparmağa.
Verilən məlumatlara görə, yoxlayıcılar olduqca peşəkardır və “durnanı” gözündən vururlar. Yəni, məktəblərdə artıq ənənə şəklini almış saxtakarlıqların gizlədildiyi yerləri əla bilirlər.
Digər yoxlamalardan fərqli olaraq onlar nəinki nə məktəb direktorlarından, nə təhsil şöbələrindən rüşvət almır, heç onların çörəyini yeyib, çayını da içmirlər.
Bəs yoxlamalar nələri aşkarlayıb?
Öncə bəlli olub ki, Masallı Rayon Təhsil Şöbəsinin kadr işində rüsvayçı nöqsanlar var. (Hansı ki, biz həmin nöqsanları vaxtaşırı olaraq oxuculara təqdim etmişik. Bu nöqsanlara yol verənlər isə nəinki cəzalanıb, hətta rəhbərlik səviyyəsində təriflənib)
Masalli təhsilində hansı rüsvayçılıqlar olub?
Yayılan məlumatlara görə, 5-10 il öncə məktəbdən getmiş, ölmüş, heç bir ixtisası olmayan şəxslərə, hətta texniki işçilərə illərlə dərs yazılıb və 10 min manatlarla pul mənimsənilib.
Əgər rayon təhsil şöbələri təxminən 20 müəllimi Təhsil nazirliyinin keçirtdiyi müsabiqəyə görə işə qəbul ediblərsə, bundan 10 dəfə artığını, təxminən 200 nəfərini müvəqqəti əmrlə, necə deyərlər, çöldən çölə, nazirliyin razılığı olmadan işlədirlər.
Məktəblərdəki müvəqqəti təyinatlar jurnalı yoxlayıcılar üçün saxtakarlığın canlı nümunəsinə çevrilib.
Məlum olub ki, müəllim seçki prosesinə cəlb edilir – amma adı orda da gedir, məktəbdə də.
Müəllim kursa gedir – həm kursda oxuyur, həm dərs deyir.
Müəllim bülletənə çıxır – həm də dərs deyir və sair.
Verilən məlumata görə, təkcə yalançı ixtisasartırma kursların sənədləşdirilməsi yolu ilə hər rayonda ən azı on min manatlarla pul yeyilir. Bu işdə Müəllimləri Təkmilləşdirmə İnstitutunun Cəlilabad filialının da adı günahkarlar sırasında hallanır.
Ezamiyyə xərcləri, idman yarışlarına sərf olunan məsrəflər xəstə uşaqlara evdə dərs keçirilməsi və sair işlərə görə də külli miqdarda pul mənimsənilməsi söylənilir.
Digər məlumatlara görə, hər rayonda bir neçə yüz şagirdin adı bir neçə məktəbdə gedir. Sinifləri bölmək üçün sentyabrda uşaqların adı bir məktəbə yazılır, tarfikasiyadan sonra isə həmin şagirdin adı əvvəl təhsil aldığı məktəbə ötürülür.
Qısası, nöqsanların, saxtakarlıqları, yeyintinin ucu-bucağı görünmür. Belə məlumat da dolaşır ki, yoxlayıcılar Masallı rayonunun Ərkivan qəsəbəsindəki Cəfər Cabbarlı adına tam orta məktəbə gedib və orada ”nöqsan” tapmayıblar. Yoxlayıcıların yekun fikri isə belə olub ki, bu məktəb deyilən binada təhsil adına heç nə yoxdur!!! Yəni, bura məktəb demək olmaz.
Daha sonra həmin yoxlamalar Cəlilabad rayonuna gediblər.
Yayılan şayiələrdə o da vurğulanır ki, guya Lənkəran, Astara və digər rayonlar Masallıda “gözü çıxan qardaşlardan” nümunə götürərək “sən gəlmə, özüm gəlləm” prinsipi ilə işləyərək, özləri yoxlayıcıları qabaqlayıb və onlaın rayona gəlişini əngəlləyiblər.
Qayıdaq əsas mətləbə - müəllimlərdən kütləvi şəkildə pul yığılır, ya yığılmır?
Onlarla müəllim deyir, yığılır – müəllimin dərs yükündən asılı olaraq 20-100 AZN arası pul toplanır. Hətta yayılan şayiələrə görə bəzi məsul təhsil işçilərinin özünə də, saxtakarlığının dərəcəsindən asılı olaraq “tas” qoyulub. Digər şayiələrə görə, istənilən xərci ödəmək üçün direktorların bəziləri banklardan kredit götürməli olub. Bu təzyiqə dözməyib, guya dünyasın dəyişən direktorlar da var.
Bəli, deyirlər, danşırlar, lakin bir nəfər də olsun, bunu adı ilə, imzası ilə təsdiq etmək istəmir.
Deyirlər, təhsil naziri bildirib ki, belə şey ola biməz, olsa, mənə bildirin. İndi tutaq ki, hansı müəllimsə bunu bildirdi, uzaqbaşı həmin məktəbin direktoru bada gedəcək, çünki əsas əməliyyat müəllim və direktor arasında gedir. Sonda nə təhsil şöbəsi, nə nazirlik bu tapşırığın arxasında qalmayacq. Ya da klassik üsuldan istifadə edib, 20 müəllimdən izahat alıb, həmin müəllimin üzünə durquzacaqlar ki, belə söhbət yoxdur.
Əgər deyilənləri ümumləşdirəsk, təkcə Masallı rayonundan bu əməliyyat çərçivəsində 150-200 min manat pul yığılmalıdır. Xatırladırıq ki, Masallının icra başçısının ağsaqqallarla görüşdə bildirdiyinə görə bu il Masallıda abadlıq işlərinə cəmi 95 min manat pul ayrılıb. Yəni, həmin müəllimlərdən yığılan puldan 2 dəfə az.
İnanırıq ki, bu şayilərə həqiqətə çevriməz. Bizim təhsil nazirimiz də, digər rəhbərlərimiz də təmiz və pak aaamlardır – onlar bu böyüklükdə çirkinliyə getməz. Təhsil kimi müqqədəs sahəni mal-qara bazarına çevirnləri cəzasız qoymazlar. Yoxlamalrın nəticəsini xalqa bəyan edərlər.
Eləcə də az qala ağzına gələnləri danışan bədxahlar da bu pul söhbətin dillərinə gətirdikləri üçün utanıb yerə girərlər. Personalında minlərlə Hacı, Kərbəlayı, Məşədi, “Tərəqqi ” medallı, nə bilim Prezident təqaüdçüsü, “İlin müəllimi”, “Qızıl qələm” mükafatçısı və sair olan yerdə belə murdar əməllərin olması mümkünsüzdür.
Qeyd-1. Əgər Masallı təhsilindəki bu rüsvayçılıqdan sonra da bu rayonun təhsil şöbə müdiri Astan İbişov cəzasız qalacaqsa, vəzifəsində saxlanılacaqsa, mən rayonun ən görkəmli yerində ona heykəl qoyulmasına razıyam.
Qeyd -2. Xətrimizi istəyən dostlardan biri dedi ki, şaiyə də olsa, bunları yazma, başın ağrıyar. Amma mən bir vətəndaş kimi təmiz, vicdanlı, ləyaqətli rəhbərlərimizin paklığına kölgə salacaq belə şaiyələri onların diqqətinə çatdırmağı lazım bildim. Axı, niyə kişilərə şər atırlar?
Qeyd-3- Masallının 3 min 500-lük müəllim ordusu bu yazıya rəy bildirsə, lap böhtan yazdığıma görə məni söysə belə, çox şad olardım.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10