Azərbaycanda həyata keçirilən kadr islahatları nəticəsində bir neçə yüksək vəzifəli qocaman məmurun təqaüdə göndərilməsindən sonra diqqətlər Səhiyyə naziri Oqtay Şirəliyevə çevrilmişdi. Belə ki, onun da istefa ərizəsi yazacağı və təqaüdə çıxacağı deyilirdi. Lakin bu, baş tutmadı.
Cenub.az xəbər verir ki, Qaynarinfo O.Şirəliyevin istefa ərizəsi yazmamasının səbəbini araşdırıb.
Məlumatlı mənbədən məlum olub ki, Səhiyyə nazirinin təqaüdə göndərilməməsi onun rəhbərlik etdiyi qurumun taleyi ilə bağlıdır. Hazırda Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) birləşdirilməsi gündəmdədir.
"Hələ bu ilin mayında hakim partiyadan millət vəkili olan Məlahət İbrahimqızı demişdi ki, 2020-ci ildən etibarən bir çox səhiyyə müəssisələrinin Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq TƏBİB-ə verildiyi üçün nazirlik artıq səhiyyə qanunvericiliyinin tətbiqi qaydaları, beynəlxalq əməkdaşlıq, təlimatlar, instruksiyalar, xəstə-tibb işçisi arasında münasibətlər və bu kimi digər funksiyaları həyata keçirəcək. Bundan əvvəl isə o vaxtkı Baş nazir Novruz Məmmədov səhiyyə müəssisələrinin Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq, TƏBİB-in tabeliyinə keçirilməsi haqqında qərar imzalamışdı. Hökumətdə hesab edirlər ki, artıq Səhiyyə Nazirliyinin ayrıca bir qurum kimi fəaliyyət göstərməsinə ümumiyyətlə ehtiyac yoxdur, idarəetmənin təmərküzləşməsi baxımından bu qurumun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsi daha məntiqəuyğundur”, - deyən mənbəmiz əlavə edib ki, səhiyyə qanunvericiliyinin tətbiqi qaydaları, beynəlxalq əməkdaşlıq, təlimatlar, instruksiyalar, xəstə-tibb işçisi arasında münasibətlər və bu kimi digər funksiyalarla eləƏƏSMN-in tabeliyində hansısa xidmət, agentlik və ya bu tipli qurum kimi fəaliyyət göstərərək məşğul olmaq da mümkündür.
"Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsi yönündə hökumət daxilində müzakirələr davam etdiyindən və bu birləşmənin tərəfdarları artdığından Oqtay Şirəliyevin hələlik vəzifəsində qalması, onun yerinə təyinatın olmaması məqsədəmüvafiq sayılıb. Bir sözlə, Şirəliyev böyük ehtimalla Azərbaycan tarixinə sonuncu Səhiyyə naziri kimi düşəcək”, - deyə mənbə vurğulayıb.
O, hesab edir ki, sözügedən istiqamətdə qərar ən geci bu ilin sonunadək veriləcək.
Xatırladaq ki, O.Şirəliyev 2005-ci ildən hazırkı postu tutur. Onun gələn il 70 yaşı tamam olacaq.