Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Mühacir alveri ilə bağlı həbs edilməmişəm" - Sabiq ədliyyə işçisi




“Mənim mühacir alveri ilə hər hansı bir işim yoxdur və həbs edilməmişəm”.

Cenub.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında barəsində həbs xəbəri yayılan Elçin Əkbərov deyib.

“Həbs olunanlardan heç birini tanımıram. Hazırda işimin başında, ailəmin yanındayam. Yayılan bu xəbərlərdən sonra bütün yaxınlarım narahat olub. Məni necə həbs ediblər ki, xəbərim yoxdur. Mənim nə mühacirlərlə əlaqəm var, nə də başqa bir münasibətim”, – deyə Elçin Əkbərov bildirib.

Elçin Əkbərov qardaşı Elnur Əkbərovun barəsində səsləndirdiyi iddialara da cavab verib. O, bütün iddiaları təkzib edib:

“Təəssüflər olsun ki, qardaşım öz nəfsinin qurbanıdır. Sizə verdiyi açıqlamada paxıllıq və nəfskarlığın müasir formasını canlandırmağa çalışıb. Bunu yeniyetmə insanlar belə oxusa, anlaya bilər. O necə iddiadır ki, mən TIR-la Azərbaycana maşın üçün ehtiyat hissələri gətirirəm. Deyək ki, bu mümkün oldu gətirdim. Gülməli deyilmi? Həmin TIR-lara da adamları doldurub gizli şəkildə geri aparıram? O, bunu hansı ağıla qulluq edərək deyir? Azərbaycan çox güclü sərhəd qoruma sisteminə malikdir. Sərhəd və gömrük orqanları belə yüksək cinayətə nə göz yumar, nə də yol verər. Qardaşımın mülk ilə bağlı mənə qarşı iddiasına isə məhkəmə orqanları doğru qərarı verərək onun əsassız iddialarını rədd edib və xeyrimə qərar verib.

Qeyd edək ki, Elnur Əkbərov açıqlamasında qardaşının müsavatçılarla birgə mühacir biznesi ilə məşğul olduğunu deyib. Bundan başqa Elnur Əkbərovun qardaşının ona 600 min manat pul “atdığını” bildirib.

Onu da əlavə edək ki, Elçin Əkbərov vaxtı ilə Penitensiar Xidmətin 9 və 14 saylı cəzaçəkmə müəssisələrində rəis işləyib və Mədət Quliyevin əmri ilə işdən çıxarılıb. Onun Almaniyada həbs olunma xəbərini isə Berlində yaşayan siyasi fəal Həbib Müntəzir yayıb.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10