Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Çəpərüstü söhbət 10 fevral 2010||--||



- Qıza, daha başçılığın da karı qalmayıb e. Yer üstündə gözə dəyən nə varsa - torpaq, hökumət binası, vəzifə... hamısını satıblar. Biz tərəflərdə yerin altında neftdən-qazdan da yoxdur ki, onu xırıd eləsinlər.

- Elə həmişə günəşi gəndalaş oxudun da. Neft yoxsa da, turbası var. Sovet hökumətini bəyənməsələr də, ondan qalan əmlakı elə həvəslə satırlar ki, əsil kommunistlər bunu görsəydi özlərini lezvalayardı. Deməli, 20-25 il öncə Muğan kəndlərini su ilə təmin etmək üçün Viləşçay dəryaçasından Muğanın ən ucqar kəndlərinə qədər, təxminən 12-15 kilometrlik məsafəyə diametri... 630 millimetrlik turbalar düzüb basdırmışdılar. Əvvəl bu turbaların metrəsini 40-50 manata satırdılar. Sonralar turbalar o qədər çoxaldı ki, qiymət düşdü 20-30 manata. Qəriblər tərəfdə isə turbalar daha yoğun, yəni 830 millimetrlik olduğu üçün metrəsini əvvəl 100, indi isə 50 manata satırlar. Bax, hesabla da, hər kilometrdə 1000 metr, bunu da vur 15-ə. Elədi 15 min metr. İndi bu 15 mini 20-30 manata vuranda 300-400 min manat edir. Başçı özü də bu turbaların qazılıb yerdən çıxarılmasını su ilə məşğul olan Hacı müdirlərin əlilə edir.

- Mən sənə deyirdim də, bu başçımız çox zirək, qorxmaz adamdır.

- Mən də elə bilirdim. Amma axır vaxtlar özü ilə cangüdən gəzdirməyi məni çaşdırır. Görəsən, o kimlərdən belə qorxur?

- Bəlkə bu sualın cavabını rayonumuzdakı siyasi xadimdən soruşaq?

- Qıza, siyasi xadim olar deputatdan, ölkə rəhbərlərindən, kənd yerində də siyasi xadim olar?

- Vallah, mən də məəttəl qalmışam. Keçən dəfə işçilərinin hər birindən 100-150 manat istəyən telekom müdiri (o həm də YAP rayon təşkilatının sədridir) tənqidimizdən nəticə çıxartmaq əvəzinə aparat iclasında deyib ki, mən siyasi xadiməm, gör, onların (yəni bizim) başına nə oyun açacağam. Mən də qorxumdan qaçdım YAP-ın rayon qərargahına tərəf ki, orada adam çoxdur, siyasi xadim məni döymək istəyəndə hayıma gələnlər tapılar. Gördüm ki, bu binaya oranın 2-3 nəfər işçisindən başqa gələn yoxdur. Fikirləşdim ki, bunların sayı ölkə üzrə 500 mini keçib, bu qədər adam öz qərargahlarına gəlməyib bəs hara gedirlər? Sonra yadıma siyasi xadimin və onun güvəndiklərinin dünənindən, bu günündən xeyli maraqlı momentlər düşdü. Məsələn,..

- Bax, burada saxla. Siyasi xadim bu yaxında 1-ci müavin olmağa hazırlaşır. İndi cavandır, çaşıb, bir-iki kəlmə deyib, buna görə dünyanı qara boyamayacaqsan ki... Bir də nəzərə alsaq ki, siyasi xadimin baş qohumları kiçik torpaqdandır, onda böyük zərbələrdən qorunmaq lazımdır.

- 1-ci müavin dedin, yadıma əmioğlular düşdü. Onların davası nə yerdə qalıb?

- Hər iki tərəf bir-birindən göz qırpa-qırpa qalıb. Lap bəzi məxluqlar kimi göz-gözə yatırlar ki, biri o birinə xətər yetirməsin.

- Qıza, bunların yeri dəyişəndə nə dəyişəcək ki. Oduye e, bir neçə məntəqə sədrini saxtakarlığa görə dəyişdilər. Yerlərinə də oğlanlarını təyin etdilər. Guya balaları dədələrindən az saxtakarlıq edəcək.

- Belə işlər iqtidarın hörmətini daha da artırır. O sübut edir ki, saxtakarlarını, işverənlərini heç vaxt darda qoymur.

- Nənəli, bu gün lap çox danışdıq. Mənim də 2 dənə işverənim dükanda gözləyir. Gedim, söhbətləşib görüm nə xəbər gətiriblər. 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10