Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Seks haqqında düşünməməli olan İran müxalifət döyüşçüləri


İranın əsas müxalif qruplarından biri – Xalq Mücahidləri (Mücahiddin-e-Xalq – XM) Təşkilatı 6 ildir ki, Albaniyada mənzillənib.

Ancaq onun yüzlərlə üzvü təşkilatın sıralarını tərk edib. Bəziləri qrupun nikahsızlıq əhdinə sərt riayət və ailə ilə təmaslara nəzarətdən şikayət ediblər.

İndi qrupun onlarla üzvü Albaniyanın paytaxtı Tiranadadır, onlar İrana qayıda bilmir və normal həyat yaşamaq imkanından məhrumdur.

İndi o, təəssüf hissi keçirərək şəhərdə dolaşır və keçmiş mücahid yoldaşları tərəfindən qatı düşmən – İran İslam Respublikası hökumətinin xeyrinə casusluq etməkdə ittiham olunur.

XM qrupu təlatümlü və qanlı bir tarixə sahibdir.

İslamçı-marksist radikal olan təşkilatın üzvləri 1979-cu ildə Şahı hakimiyyətdən devirən İran inqilabını dəstəklədilər.

Lakin qələbə çalan Ayətullah Xomeyni ilə münasibətlər qısa müddətdə pozuldu.

Hökumət sərt təqiblərə başlayanda, mücahidlərin qaçıb canlarını qurtarmaqdan başqa çarəsi qalmadı.

Qonşu İraq sığınacaq təklif etdi və İran-İraq müharibəsi zamanı (1980-1988) XM qrupu, özünün səhradakı istehkamından Səddam Hüseyn tərəfində İrana qarşı vuruşdu.

Qulam Mirzəyi, müharibənin əvvəlində Səddam Hüseyn qüvvələri tərəfindən ələ keçirilərkən İran ordusunda xidmət edirdi.

O, səkkiz il ərzində İraqda hərbi əsirlikdə qaldı.

Lakin bir müddət sonra Mirzəyi kimi başqa iranlı məhbusları birləşməyə çağırdılar. Və belə də oldu.

Mirzəyi Albaniyaya köçdükdən bəri təşkilatın sıralarını tərk etmiş yüzlərlə sabiq XM üzvlərindən biridir.

Ailədən alınan kömək sayəsində onlardan bəziləri insan qaçaqmalçılarına pul ödəyərək Avropanın başqa yerlərinə üz tutub. Ola bilsin ki, qrupun iki üzvü İrana qayıdıb.

Ancaq onlarla adam Tiranada qalır. Onların nə vətəndaşlığı, nə də işləmək hüququ var.

Bəs görəsən, döyüşlərdən keçərək bərkiyən, ABŞ və Avropada terrorçu tanınmış XM qrupunun üzvləri Avropanın bu guşəsinə necə yol tapıblar?

2003-cü ildə müttəfiq qüvvələrin İraqa müdaxiləsi XM üçün təhlükə yaratmış oldu.

Təşkilatın müdafiəçisi Səddam Hüseyn qəflətən yoxa çıxdı və mücahidlərə dəfələrlə hücum edildi – yüzlərlə adam həlak oldu və yaralandı.

Daha da ağır humanitar fəlakətdən ehtiyatlanan amerikalılar 2013-cü ildə Albaniya hökumətinə müraciət edərək, onu, 3000-ə yaxın XM üzvünü qəbul etməyə sövq etdi.

“Biz onlara həmlə və təqiblərdən azad, təcavüz, basqın və zorakılıq olmayan bir ölkədə normal həyat yaşamaq imkanını təklif etdik”, – keçmiş hökumət üzvü, hazırda müxalifətdə Demokratik Partiyanın lideri Lulzim Başa bildirir.

Albaniyada siyasət kəskin şəkildə qütbləşib – hər şey mübahisə olunur. Lakin qeyri-adi bir haldır ki, XM qrupunun mövcudluğu həmin mübahisədən kənarda qalır. Həm iqtidar, həm də müxalifət partiyaları iranlı qonaqları dəstəkləyir.

XM üçün Albaniya tamamilə yeni bir mühit idi. Hətta uşaqların da mobil telefonlara sahib olması Qulam Mirzəyini heyrətə gətirmişdi.

Mücahidlərin bir hissəsinin paytaxt kənarındakı çoxmərtəbəli binalarda mənzilləşdirilməsinə görə, əvvəlki ilə müqayisədə təşkilatın öz üzvlərinə nəzarəti zəifləyirdi.

İraqda onların həyatı tam nəzarət altında idi. Amma indi, müvəqqəti olaraq, müəyyən dərəcədə azadlıqdan yararlanmaq mümkün idi.

“Mənzillərin arxasında biyaban bir yer vardı, komandirlər orada gündəlik məşq etməyimizi istəmişdi”, – təşkilatı “tərk edən” daha bir üzv – Həsən Heyrani xatırlayır.

Heyrani və onun həmkarları nəzərə çarpmamaq üçün ağac və kolluqların arxasından keçərək yaxınlıqdakı internet kafeyə girib ailələri ilə gizlicə əlaqə qururdular.

“İraqda olduğumuz zaman evə telefon etmək istəsən, XM səni zəif adlandırırdı – ailələrimizlə əlaqə yox idi”, – Həsən Heyrani deyir.

“Ancaq Tiranaya gələndə şəxsi istifadə üçün interneti aşkar etdik”.

2017-ci ilin sonuna doğru XM yeni qərargaha köçdü.

Düşərgə, paytaxtdan təxminən 30 km aralıda yerləşən kənd ərazisinin təpələrində qurulmuşdu.

Möhtəşəm dəmir qapılar arxasında üzəri qızıl şirlərlə bəzədilmiş heyranedici mərmər tağ yerləşir.

Yanı ağaclı bulvar İran hökumətinə qarşı mübarizədə həyatlarını itirən minlərlə insanın xatirəsinə ucaldılmış abidəyə aparır.

Dəvətsiz gələn jurnalistlər burada xoş qarşılanmır.

Lakin bu ilin iyul ayında XM qrupunun düşərgəsində keçirilən Azad İran tədbirində minlərlə insan iştirak etdi.

Onların arasında müxtəlif ölkələrdən olan siyasətçi, nüfuzlu albanlar və yaxınlıqdakı Manze kəndinin sakinləri də var idi.

Minlərlə adi qrup üzvü ilə yanaşı tədbirə XM təşkilatının lideri Məryəm Rəcəvi də qatıldı.

ABŞ prezidenti Donald Trump-ın şəxsi vəkili Rudy Giuliani izdiham qarşısında çıxış etdi.

“Onlar azadlığa sadiq olan insanlardır, – eyni tərzli geyimdə olan və cinsinə görə ayrı oturan XM üzvlərindən ibarət auditoriyaya müraciət edən Rudy Giuliani dedi. – “Və əgər bunun bir kult olduğunu düşünürsənsə, demək ki, səhvə yol verirsən”.

Giuliani kimi qüdrətli siyasətçilər XM qrupunun İranda rejim dəyişməsi hədəfini dəstəkləyir.

Hərəkatın manifestində insan hüquqları, gender bərabərliyi və İran üçün iştirakçı demokratiya öhdəliyi var.

Amma Həsən Heyrani bunlara artıq inanmır.

O, rəhbərlik tərəfindən şəxsi həyata göstərilən təzyiq kimi qəbul etdiyi sərt nəzarətə qarşı çıxaraq XM sıralarını tərk edib.

Heyrani, təşkilata 20 yaşlarında ikən üzv olub. Onu cəlb edən, qrupun siyasi plüralizmə bağlılığı idi.

“Çox cəlbedici idi. Ancaq demokratiyaya inanırsınızsa, üzvlərinizin ruhu üzərinə basqı edə bilməzsiniz”, – o, deyir.

Heyraninin XM qrupunun icbari iclasında iştirakı mühüm məqama çevrildi.

“Bizim kiçik bloknotumuz vardı və hər hansı cinsi məqamlarımız olanda onları yazmalıydıq. Məsələn, “Bu gün səhər məndə ereksiya var idi”.

Romantik münasibətlər və nikaha XM tərəfindən qadağa qoyulub.

Həmişə belə olmayıb – valideynlər öz övladları ilə birlikdə mücahidlərə qoşulardular.

Ancaq iranlılar tərəfindən həyata keçirilən qanlı hücumdan sonra rəhbərlik iddia etdi ki, məğlubiyyətə səbəb diqqətin şəxsi münasibətlərə görə yayınması olub.

Bunun ardınca kütləvi boşanmalar başladı. Uşaqları uzaqlaşdırdılar. Bir çox hallarda onları Avropadakı uşaq evlərinə göndərirdilər. Üzvlər bu şəkildə, tək başına qalacağına söz verdilər.

Bloknotda, həmçinin hər hansı şəxsi xəyallar da qeyd olunmalı idi, Heyrani deyir.

Məsələn: “Televiziyada bir körpəni görəndə övlad və ya ailə sahibi olmaq hissini yaşadım.”

Mücahidlər gündəlik yığıncaqda komandirləri və yoldaşlarının qarşısında dəftərdəki yazıları oxumalı idilər.

“Bu, insan üçün çox çətindir”, – Heyrani deyir.

İndi o, Manzedəki XM düşərgəsini, Georg Orwell-in SSRİ-dəki Stalinist dövrünü tənqid edən “Heyvanıstan” əsərinə bənzədir.

“Bu, kultdur” deyir.

Tiranadakı diplomatik mənbə XM qrupunu “kult yox, kultvari – unikal mədəniyyət qrupu” kimi təsvir edib.

Təşkilatın müsahibədən imtinasına görə, BBC bunların heç birini XM-dən soruşa bilməyib.

Lakin onilliklər boyunca qapalı, kommunist rejiminə, təqiblərə tab gətirən Albaniyada XM rəhbərliyinin mövqeyinə müəyyən rəğbət var – ən azı şəxsi münasibətlərin qadağasına dair.

Fövqəladə vəziyyətlərdə fövqəladə seçim edirsən”, – yazıçı, qadın fəalı və hakim Sosialist Partiyasının keçmiş deputatı Diana Kuli deyir.

“Ölkələrini totalitar rejimdən qurtarmaq üçün bütün həyatlarını mübarizəyə həsr etdilər. Bəzən bir güclü inamı qəbul etməkdə çətinlik çəkirik. Bu şəxsi fədakarlıqdır və belə düşüncə tərzini başa düşürəm.”

Bununla belə, bəzi albanlar XM-in mövcudluğunun milli təhlükəsizliyə təhdid olmasından narahatdırlar.

İki İran diplomatı mücahidlərə qarşı zorakılıq planları ilə bağlı iddialardan sonra ölkədən xaric olunub.

Avropa İttifaqı isə Tehranı, Hollandiya, Danimarka və Fransa ərazisində XM üzvləri də daxil, rejim əleyhdarlarına qarşı sui-qəsd planları arxasında olmaqda ittiham edib.

İranın Tiranadakı səfirliyi BBC-nin müsahibə təklifini rədd edib.

Sosialist Partiyasının üst təbəqəsində olan mənbələrdən biri narahatdır ki, ölkənin xüsusi xidmətləri hərbi təlim keçmiş 2500-dən çox XM üzvünü monitorinq etmək imkanında deyil.

“Onları beyni olan heç kim qəbul etməzdi”, – o, deyir.

Bir diplomat deyir ki, təşkilatı “tərk edənlər” arasında güman ki, İran üçün işləyənlər var.

Qulam Mirzəyi və Həsən Heyrani Tehranın agentləri olmaqda ittiham olunublar. Onlar bu ittihamları rədd edirlər.

İndi hər iki şəxs fikirlərini gələcəyə yönəldir.

Heyrani İrandakı ailəsinin köməyi ilə qəhvə mağazası açıb və albaniyalı xanımla görüşür.

40 yaşı olan Heyrani yoldaşlarının əksəriyyətindən gəncdir və nikbin əhval-ruhiyyədədir.

Qulam Mirzəyinin vəziyyəti daha çətindir.

Onun səhhəti yaxşı deyil – İraqdakı XM düşərgəsinin bombardmana tutulmasından sonra o, çəliklə gəzir və pulsuzluqdan əziyyət çəkir.

O, yol verdiyi səhvlərə və ailəsi ilə ilk dəfə əlaqə qurarkən üzə çıxan bir məqama görə özünə yer tapa bilmir.

1980-ci ildə Mirzəyi İraqla müharibəyə getdikdə onun bir aylıq oğlu var idi.

İran-İraq müharibəsi başa çatdıqdan sonra onun həyat yoldaşı və qohumları Mirzəyini axtarmaq üçün İraqdakı XM düşərgəsinə baş çəkdilər.

Lakin XM onları yola saldı və gəlişləri barədə heç nə demədi.

Beləliklə, 60 yaşlı ixtiyar 37 illik fasilədən sonra evə zəng vuranadək həsrəti çəkilən ata və ər olduğu barədə xəbərsiz qalıb.

“Ailəmin İraqa gəlib məni axtardığını söyləmədilər. Həyat yoldaşım və oğlum haqqında heç nə söyləmədilər”, – Mirzəyi deyir.

“Bütün bu illər ərzində həyat yoldaşım və oğlum haqqında düşündüm. Bəlkə də onlar müharibədə həlak oldu … Mən sadəcə olaraq bilmirdim”

 Konkret.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10