"Tofiq Yaqubludan Milli Şuradan istefa verilməsi istənilib”.
Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi öz feysbuk hesabında belə yazıb.
Nigar Həzi deyir ki, atası ilə danışıb. O bildirir ki, atasının əhvalı yaxşıdır, bütün dostlara salam söyləyib.
Tofiq Yaqublu deyib ki, onun Milli Şurada istefa verməsi və siyasətdən getməsi tələb olunub: "Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin bir zabit əməkdaşı saxlanıldığım təcridxanaya gələrək, məni 3 saatdan çox sorğu-suala tutdu. Məndən tələb edirlər ki, Milli Şuradan istefa verim və ümumiyyətlə, siyasi fəaliyyətdən əl çəkim. Əks təqdirdə məni "Bandotdel"ə aparıb orada ağır işgəncələr verəcəklərini bildirdilər”.
Nigar Həzi güman edir ki, atasını ailəsi ilə təhdid ediblər: "Yəqin ki, ən çox da mənimlə. Bilirəm ki, hər yazdığımı yuxarıdakılar oxuyurlar, oxumasalar da bu işlə məşğul olan muzdlu işçiləri var. Hər şeyi xəbər verirlər. Buradan bildirirəm, əgər atama bir şey olsa, buna birbaşa İlham Əliyev məsuliyyət daşıyır. Mənim, ailəmin başına bir iş gələrsə, bilin ki, bu təzyiqlər Tofiq Yaqublunu mübarizəsindən çəkindirmək üçündür. İstəyirsiniz öldürün, ancaq bu yolun geriyə dönüşü yox! Siz gedənə kimi mübarizə aparacağıq!”
Tofiq Yaqublu 19 oktyabrda Milli Şuranın keçirdiyi mitinqdə həbs olunub.
Hazırda Binəqədi Təcridxanasında saxlanılır.
Ona 30 sutka inzibati həbs cəzası verilib.///Toplum.Tv