Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanlılardan bəhs edən film Türkiyədə qətliam yaratdı


1945-ci ildə sosialist bir ölkədən Türkiyəyə sığınan, daha sonra düşmənə təslim edilərkən sərhəddə şəhid edilən 150 türkün əziz xatirəsinə həsr olunur

Bu sözlər Türkiyə istehsalı olan “Günəş nə zaman doğacaq” adlı filmin sonluğudur. Bəli, o sosialist ölkə SSRİ idi. 1945-ci ildə Türkiyəyə sığınan o 150 nəfərsə azərbaycanlıydı. Dövlətlər arası münasibətə, kapitalist və sol blok arasında yarana biləcək daha böyük ixtilafların qarşısını almaq üçün azərbaycanlı mühacirlər SSRİ-yə təslim edildi. Halbuki, onların başına nə gələcəyini bilirdilər. Amma dövlət marağı, dərin siyasət o insanların həyatından daha önəmli oldu. Burada Stalin diktaturasının Türkiyəyə böyük basqısını da nəzərə almaq lazımdır.

Bu film Türkiyə siyasi səhnəsində böyük dəyişikliklərə, terrorun daha da artmasına, sonda isə ölkədə hərbi çevrilişə rəvac verən bir amilə çevrildi.


Zaman-zaman bu olay Türkiyədə sol və sağ bloklar arasında bir-birini qınamaq və ya təbliğat maşınına çevrildi. Təsadüfi deyil ki, Türkiyə prezidenti Ərdoğan bu olaya parlamentdə xüsusi toxundu:

“1945-ci ildə 145 azəri ziyalı Stalin zülmündən qaçır və Türkiyəyə sığınır. Azərilər öz qardaşlarının yurduna gəlib, qardaşları ilə qucaqlaşır. Stalin bu mühacirləri geri istəyir. Hökumət sərhəd polisinə teleqraf yollayır və həmin azərilərin geri təhvil verilməsi əmrini verir. Sərhəd polisinin komandiri gözlərinə inanmır. Azərilər türk əsgərlərinin ayaqlarına düşür. “Nə olar bizi siz öldürün, amma onlara təslim etməyin” deyirlər. Azəriləri təslim edirlər. Sərhəddə türk əsgərlərinin gözləri önündə azərilər öldürülürlər. Komandirin də hadisədən sonra intihar etdiyi deyilir. Amma biz Azərbaycana da, Suriyaya da, Qəzzaya da köksümüzü irəli verərək gedə bilərik”.

Image result for güneş ne zaman doğacak

Həmin azərbaycanlılara həsr edilən film 1977-ci ildə çəkilib. Daha çox şovinist və millətçi ruhda olan kino Türkiyə solçuları arasında böyük narazılıqla qarşılandı və toqquşmalara rəvac verdi.

Hər nə qədər azərbaycanlılara həsr olunsa da, film SSRİ tərkibində olan digər türk xalqlarından - Krım türklərinin həyatından, mücadiləsindən bəhs edir. Filmin Türkiyə siyasətində yer almasına əsas səbəbsə Maraş qətliamıdır. Zatən film kinoteatrda izlənilərkən terror aktı törədilmişdi.

Film sosialist bir ölkədə təzyiqlərə dözməyərək iki türkün həyatını verir. Bunlardan biri Alp Giray Türkiyəyə qaçmaq üçün illərlə öz kimliyini gizlətmiş və dövlət vəzifəsində yüksək mövqeyə sahib olmuşdu. Yavuzla birgə Türkiyəyə qaçmaqlarına baxmayaraq sovet kəşfiyyatı onların izini buraxmır.

Film azan səsiylə başlayır. Görüntüdə isə dini qadağalar və qapısı kilidlənmiş, hasarlanmış məscid. Yavuz kilidi qırır, minbərə çıxır və azan oxuyur. Əslində isə Yavuz azan oxumur, bu simvolik olaraq möcüzə kimi qeybdən oxunan kimi verilmişdir. Gizli azadlıq mücadiləsi aparan Alp Giray Nuriyev KQB-də polkovnik rütbəsinə kimi yüksəlmişdi. Buna baxmayaraq o, əsl kimliyini gizlətməyi bacarmışdı.

Azana görə həbs olunan Yavuz böyük işgəncələr görür, dəli damğası ilə KQB-nin otaqlarında əzab çəkir. Lakin Anqolaya xidmət üçün göndərilən KQB polkovniki Apl Girayın sayəsində qaçaraq Türkiyəyə sığınırlar. Onların Türkiyə sərhədlərinə çatması “Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına” mahnısı ilə süsləndirilib.

Image result for güneş ne zaman doğacak

Onlar azad olan Türkiyənin xəyallarındakı kimi cənnət olduqlarını görmürlər. Bir növ yanıldıqlarının fərqinə varırlar. Əxlaqi keyfiyyətlər məhv olmuş, qardaş-qardaşı vəzifə, pul üçün öldürür, cinayətlər törədir. Qəzetlər SSRİ kimi ölkələri vəd edilmiş cənnət kimi təqdim edir. Bununla belə porno mətbuatlar, aclıq, içki, işsizlik, haqsızlıq bir-birini qarışıq formada əvəz edirdi. Türkiyə kəşfiyyatı tərəfindən agent olub-olmadıqlarını yoxlanılarkən, bir tərəfdən də SSRİ onların geri verilməsini tələb edir. SSRİ-də anasını qorumaq üçün iki sovet əsgərini öldürən Yavuzun geri verilməsi qərara alınır. Bir-birindən ayrılmaq istəməyən Nuriyev və Yavuz bu kərə türk polisindən qaçmağa məcbur olur.

Bu qaçaqaçda onlar qəssab Mehmet və qızı Cəmilə ilə qarşılaşırlar. Solçu və SSRİ tərəfdarı olan Cəmilə Yavuzun sayəsində SSRİ-nin heç də cənnət olmadığını, türklərin əsir və yurdlarının müstəmləkə olduğunu anlayır. Zaman keçdikcə Cəmilə Yavuzun sayəsində millətçiyə çevrilir və dünyanın hər yerində yaşayan türklərin azadlığını hayqıran birinə çevrilir. Alp Giray Türkiyədəki KQB agentləri tərəfindən öldürülür. Yavuz isə tutularaq sərhəddə sovet əsgərinə təslim edilir. O isə, elə körpü üzərində rus əsgərləri tərəfindən güllələnir.

“Yeşilçam” 1970-lərin ikinci yarısında erotik filmləri çəkməyə daha çox meylli olduğundan tam əksinə bu cür filmin ortaya çıxması ayrı bir detal nümunəsidir. Filmin ingilis alt yazısı ilə ayrıca verilməsi də onun daha çox xarici bazar üçün hesablandığını deməyə əsas verir.

Image result for güneş ne zaman doğacak

Bu filmdə Türkiyənin məşhur, film tarixində imzasını həkk etdirmiş aktyorlar rol oynayıb. Aydemir Akbaş, Oya Aydoğan və Cüneyt Arkının adlarını çəkmək bunlara bariz sübutdur.

Filmdə Allahsızlığı yaymaq bürosu başqanıyla uşaqların görüşməsi, onların beyninin yuyulması da xüsusi qeyd edilənlər arasındadır. Kommunist rəhbərliyin dəbdəbəli həyatı, zövqlü içkilər, əyləncəli həyatına nisbətən işçi sinfinin aclıq çəkdiyi film boyu göstərilir.

Bu film 1978-ci ilin dekabrında Türkiyə tarixinin ən böyük qətliamlarından biri olan Maraş qətliamının əsas səbəbi kimi göstərilməkdədir. Film göstərildiyi kinoteatrlarda və ya onun ətrafında tez-tez terror aktları baş verirdi. Maraşdakı ilk izlənim zamanı filmin ortasında bomba partladılır.

Image result for güneş ne zaman doğacak

Filmin göstərildiyi yerlər MHP-nin mitinq və ya təbliğatına çevrilirdi. “Günəş nə zaman doğacaq” filminin ortaya çıxmasından sonra sağ və sol blok arasında dərinləşmə daha da artdı və bir millət fanatikcə bir-birini düşmən görməyə başladı. Terror aktını isə qızılbaş ələvilərin törətdiyi xəbəri tezliklə ölkədə yayılır. Daha sonra bunu digər sol düşüncəli insanların etdiyi də bildirilir. Eyni zamanda Sovet kəşfiyyatının barmağı olduğunu hər kəs bildirməyə başlayır. Amma daha maraqlısı isə 2006-cı ildə Bülənt Ecevitin arxivindən çıxan sənədlərə əsasən, bu qətliamları əslində Milli Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən törədilməsiydi.

Bir il davam edən Maraş toqquşmaları zamanı 111 nəfər ölür, 1000-dən artıq insan yaralanır. Bu hadisədən sonra 13 vilayətdə fövqəladə vəziyyət elan edilir, 835 nəfər ittiham olunaraq məhkəmə önünə çıxardılır.

İki il sonrasa ölkədə hərbi çevriliş baş verdi…

Bu hadisələr zamanı bombadan istifadə etdiyi sübut olunan Ökkeş Şendillerin məhkəmədə edamı istənilir. Qəribədir ki, o, möcüzəvi formada azad edilir və 1991-ci ildə millət vəkili kimi Türkiyə parlamentinə daxil olur.

Filmin rejissoru Mehmet Kılıç, ssenari müəllifi isə Tufan Günerdi.

“Günəş nə zaman doğacaq” sualını verən filmdən 14 il sonra Azərbaycana günəş doğdu. Krımdasa günəş hər zaman buludların arxasında gizləndi.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10