Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Hələlik Azərbaycana qayıtmaq fikrim yoxdur”



Rafail İbrahimov: “Peşəkar idmançı iki və daha artıq döyüş növü ilə məşğul olmalıdır”

 

Son zamanlar Azərbaycandan xaricə gedib, orada karyera quran gənclər çoxalıb. Onlar arasında idmançıların da sayı az deyil.

 

Rafail İbrahimov da belə idmançılardan biridir. Azərbaycanda real-aikido idman növü üzrə uğurlu nəticələr göstərən, üstəlik karate ilə məşğul olan idmançımız, sonradan Şimali Kipr Türk Cümhuriyyətinə köçüb. Hazırda fəaliyyətini orada davam etdirir.

- Hansı səbəbdən karyeranıza xaricdə davam etmək qərarına gəldiniz?

 

- Buna səbəb iş yerimi dəyişmək oldu. Bir il müddətinə işimlə bağlı Şimali Kipr Türk Cümhuriyyətinə gəlməli oldum. Hər işdə bir xeyir var. Planlarım dəyişdi və mən uzum müddət orada qalmaq qərarını verdim. Bu ölkədə döyüş növləri içində özünəməxsus yer tutan karatenin şotokan növü ilə tanış olmağa başladım. Amma deyim ki, mənim düşüncəmə görə peşəkar idmançı ən azı iki və daha artıq döyüş növü ilə məşğul olmalıdır. Karatedə yeni olsam da, burda öyrəndiyim döyüş texnikaları və baza hərəkətləri məni bir idmançı olaraq daha da möhkəmləndirir və idman sahəsində özümü tamamlamağıma yardım edir.

 

- Niyə məhz Şimali Kipr Türk Cümhuriyyəti?

 

- Sırf təsadüf deyək. İş təklifi gəldi, mən də qəbul edib getdim. Daha sonra istər iş, istərsə də idman karyeramda uğurlu nəticələr əldə etdim və orada qalmaq qərarına gəldim. Allahın izni ilə, daha böyük qələbələr üçün dayanmadan hazırlaşıram.

 

- Aikidodan niyə karateyə keçdiniz? Üstəlik, kikboksinqlə də məşğul olmusunuz...

 

- Bəli, bir müddət peşəkar idmana geri dönüş üçün bir neçə idman növü arasında seçim etməli oldum. Bu müddətdə bir az kikboksla da məşğul oldum. Amma son seçimim karatenin şotokan növü oldu. Bu yolda davam edəcəm. Digər idman növlərinə də marağım yüksəkdir. Gələcəkdə vaxt və şərait olarsa, cüdo və Braziliya ciu-citsusu ilə də tanış olmaq istəyərəm.

 

- Azərbaycanla Şimali Kipr idmanında nə kimi fərqlər var?

 

- Şimali Kipr ərazisinə görə Azərbaycandan daha kiçikdir. Buna görə də burada istədiyin idman növünü tapmaq bir az çətin olur. Hətta deyərdim ki, hər idman növü burada geniş yayılmayıb. Fərq sadəcə budur. İdman salonlarında, fiziki və texniki məşqlərdə heç bir fərq görmürəm.

- Çox idman növü ilə məşğul olmaq nəticəsiz qalmağa səbəb ola bilər. Birinin üzərində dayanmaq daha yaxşı olmazmı?

 

- Çox idman növü dediyimdə, digərləri ilə həvəskar şəkildə məşğul olmağı nəzərdə tuturam. Amma peşəkar olaraq mənim sahəm şotokandır. Bir də Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olmaq ayrıca bir zövq verir.

 

- Yarışlara hansı ölkənin adından qatılırsınız?

 

- Sonuncu yarış mənim üçün titul xarakterli olduğu üçün klubumuzun adından çıxış etdim. Amma gələcək mötəbər yarışlarda Azərbaycanın - Vətənimin adından döyüşəcəyəm

 

- Azərbaycana geri dönmək fikriniz yoxdur?

 

- Önümüzdəki ildə geri dönməyəcəm. Amma sonrakı illərlə bağlı belə bir düşüncəm var. Hələlik söz vermirəm.

 

- Şimali Kiprdə azərbaycanlı idmançılar çoxdur?

 

- Mən yaşadığım Girnə şəhərində azərbaycanlı idmançıların sayı azdır. Amma Mağosa şəhəri var ki, orada azərbaycanlı idmançılar var.


ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10