Rusiyada Şərq kosmodromunun tikintisi zamanı yol verilən irimiqyaslı korrupsiya və obyektin tikintisinin illərdir tamamlanmaması prezident Vladimir Putini qəzəbləndirib.
Putin bu məsələ ilə bağlı keçirdiyi müşavirədə məmurları sərt tənqid edib.
“Yüz dəfə deyilib-təmiz işləyin! Böyük pullar ayrılır, layihə milli xarakter daşıyır. Yox! Yüz milyonlarla oğurlayırlar!”,-Putinin bu sözlərini Kremldə akreditə olunmuş jurnalist Dmitri Smirnov özünün Telegram-kanalında sitat gətirib.
Dövlət başçısının sözlərinə görə, oğurluq, mənimsəmə davam edir, baxmayaraq ki, onlarla cinayət işi qaldırılıb.
Uzaq Şərqdə kosmodromun tikntisi 2012-ci ildə başlayıb, layihənin dəyəri 92 milyard rubl qiymətləndirilir. Obyektin istifadəyə verilməsi müddəti dəfələrə təxirə salınıb, 2015-ci ilin yanvarında aparılan hesablamalara görə layihədən 13 milyard rubl mənimsənilmişdi.
Virtualaz.org