Ermənistan Rusiya qarşısında hansı şərti qoyursa Kreml onu canla-başla yerinə yetirir. Bu münasibətlər əsrlərdir ki, davam edir. Amma, son iki ildir ki, bizim ölkə mətbuatı dayanmadan yazır ki, “Moskva İrəvana sürpriz hazırlayır”, “ Rusiya Ermənistanı cəzalandıracaq”, “Rusiya Qarabağı Azərbaycana qaytarır” və bu seriyadan saysız-hesabsız proqnozlar, politoloqların şərhləri, analitik yazılar gözümüzü yağır edib. Bu yazıların heç biri düşmənə qarşı yönəlməyib, erməni cəmiyyətinə təsir etmək üçün təbliğat vasitəsi olmayıb. Bu yazıların hədəfi bizik- Azərbaycan xalqıdır. Bu yazılar Azərbaycan cəmiyyətini aldatmaq üçün yazılıb və yazılır. Bu yazıların hədəfi sadə vətəndaşlardır. 26 ildir qəbul olunan, maraqlarımıza uyğun olmayan bütün beynəlxalq sənədlər- Lissabon sammitindən, Madrid prinsiplərinəcən, Kazan düzəlişi daxil əksər beynəlxalq sənədlərin hamısını bayram etmişik, mahiyyəti açıqlananda məlum olub ki, bütün qəbul olunan sənədlərin sonu Dağlıq Qarabağın müstəqilliyinə və ya Ermənistana birləşdirilməsinə gətirib çıxarır.
Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” bəyanatından sonra Lavrovun reaksiyası ermənilər üçün xoş olmadığından Ermənistanda anti Lavrov kompaniyası başladı, RF XİN naziri S.Lavrov ermənilərin könlünü almaq üçün Ermnistana səfər edib və iki gündür ki, erməni-rus dostluğundan danışır.
Paşinyan bu gün görüş zamanı S.Lavrova bildirib ki, “Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Rusiya ilə münasibətlər yeni sürət qazanıb”. Konkret olaraq üzünü Lavrova tutaraq:
“Ermənistanda dəyişikliklər olur və bu müddət ərzində ölkələrimizin münasibətləri yeni dinamika qazanıb. Baş nazir seçildiyimdən (2018-ci ilin mayında ) münasibətlərimizdə yeni bir dinamika meydana gəlib” Üzünü Lavrova tutub: “Sonuncu dəfə iki il əvvəl İrəvana rəsmi səfər etmisiniz. Bu müddət ərzində Ermənistanda böyük dəyişikliklər baş verib. Bu dəyişikliklər nəticəsində münasibətlərimizin daha dinamik hala gəldiyini vurğulamaq istəyirəm”- deyib.
Ermənistan hökumətinin başçısı gələn ilki rəsmi səfərlərə də toxunub və "bu yaxınlarda əldə olunmuş razılığa" işarə edərək, Moskvaya rəsmi səfərinin 2020-ci ilin birinci yarısında həyata keçiriləcəyini və bundan sonra Rusiya lideri Vladimir Putinin İrəvana rəsmi səfərinin davam edəcəyini bildirib. Göründüyü kimi, guya Paşinyan siyasətindən narazı olan Putin də yumşalıb və qarşılıqlı səfərlərə hazırlaşır.
Əsas məsələ Sergey Lavrovun ermənilərin könlünü alması olub. Rusiya Xarici İşlər Nazirliyinin başçısı, Ermənistandakı dəyişikliklərin ikitərəfli münasibətlərin davam etməsinə, bütün sahələrdə müttəfiq və strateji tərəfdaşlıq qurmasına mane olmadığını qeyd edib. “İqtisadi şöbələr arasında çox sıx əlaqələrimiz var, hökumətlərarası komissiyalar gələn ilin birinci yarısında İrəvanda işləməyə hazırlaşırlar. Rusiya-Ermənistan regionlararası forumu da burada keçiriləcəkdir. Qeyd etdiyiniz kimi, departamentlərimiz çox fəal təmasdadır ". “Bu da sənə Yuryev günü, nənəcan” məşhur rus məsələnin indiki variantını belə demək olar: , bu da sizlərə Lavrovun incikliyinin aradan qaldırılması, cənab “əyilə-əyilə gəzən” şərhçilər.
Bir də, keçən dəfə Tsisernakaberdə getməyən Lavrovu bu dəfə “soyqırım” memorialına da aparmağı və gül dəstələri qoymağı da yaddan çıxarmayıblar.
Lavrov Ermənistana gələndə Qarabağı da yaddan çıxarmayıb. Bizim 2016-cı ilin aprelində “əldə etdiyimiz və nəzarət etdiyimiz hektarlara”(?!) –konkret olaraq Talış kəndinə həmin kənd sakinlərindən 45 ailəni köçürməyin tam təhlükəsizliyinə qarantiya verib. Artıq onlar Talışdadırlar. Ermənilər qaçqınlarını öz kəndlərinə qaytarır, biz də qaçqınlarımızı Piriküşkül düzündə məskunlaşdırır, buna da şükr etməmizi məsləhət görürlər.
Bizim də bir məsləhətimiz var: Kreml-İrəvan davasına sadəlövhcəsinə inanıb, milləti də bu yolla aldadanlara bir daha xatırladırıq ki, bu dava heç vaxt olmayacaq. Yüngül narazılıq, inciklik Rusiyanı Pyotrdan qalma imperiya siyasətindən əl çəkdirəsi deyil, erməni də rusun kölgəsindən çıxmağı hələ ki, fikirləşmir. O vaxt çıxacaq ki, Rusiya yerlərdə sürünəcək. Biz düşmənlə davamızı özümüz etməliyik. Davaya, torpağı azad etməyə özümüz başlamalıyıq. Şimaldan günəş doğmayacaq...