Akademik M.Mirqasımov adına Respublika Xəstəxanası. Adi bir gün. Səhər saat 9-a az qalıb, növbəyə düşmək üçün evdən tələsik çıxmışıq. Girişdə bir tibb bacısından öyrəndik ki, 2 manata kart açdırsaq, xəstəxanada bir qəpik belə artıq çıxmayacaq. Kartı açdırdıq.
Həs kəs öz növbəsini səbrlə gözləyirdi. Ümumi analiz üçün qanvermə otağına yaxınlaşdıq. 3 cərgə olan oturacaqların birində yer tapıb gözləməyə başladıq. Analiz otaqlarının qapıları açıq olduğundan içərini aydın görmək olurdu.
"Get kimə şikayət edirsən, et”
Nimdaş geyimli qadın ümümi analiz otağından çıxıb, yoldaşının qulağına nəsə dedi. Eşitdiyindən narazı qalan kişi həkimə tərəf üz tutdu: "Qaçqınam, ay həkim. Kefimdən bura gəlməmişəm, yoldaşımın halı yoxdur dayanmağa. Cibimdə olan 55 manatı sizə verim, özüm neyləyim? Dövlət sizə maaş verir də, biz niyə verməliyik?”
Həkim nəsə deyir.
"Ay xanım, vallah, yoxdur”,- kişi cibində olan pulları çıxarıb göstərdi. İçəridə həkimlə anlaşa bilməyib, çölə çıxdı: "Ver o telefonu, çəkib bunları ifşa edəcəm. Sənə demədim telefonu götür? Mənə deyir "get kimə şikayət edirsən, et”.
Qadın ağlamsındı: "Bu dəfə ver, nəzir olsun. Axı analizlər vacibdir”.
Kişi narazı halda iki 20 manatlıq uzatdı.
Bu vaxt növbəsini gözləyən yaşlı kişi dilləndi: "Verdin, a bala? Telefona niyə çəkirsən, bir taksiyə 3 manat ver, get korrupsiya idarəsinə şikayət elə”.
Analiz otağından çıxan başıbağlı qadın burnunu tutub deyindi: "İydən dayanmaq olmur, burda sağlam adamı da xəstəlik tapar”.
Bir tibb bacısı xəstə ilə nəsə qızğın söhbət edə-edə biz oturan tərəf gəlirdi. Bu zaman yanımda əyləşən yaşlı kişi ondan hansısa həkimin otağını soruşdu.
Qadın hirslə cavab verdi. Tibb bacısının dediklərini başa düşməyən kişi deyindi: "Bu günlərdə məni də elə əsəbi adamlar tapır”.
Analizləri üçün gəlmiş başqa bir qadın xəstəxanada ona kömək edən tibb bacısına minnətdarlıq edib 3 manat uzatdı.
"Bizdə 5 manatdan aşağı xidmət yoxdur"
"Bu, nə puldur, ay xanım? Bizdə 5 manatdan aşağı xidmət yoxdur”, - tibb bacısı narazılıq etdi. Qadın pərt halda gülümsünüb pulunun olmadığını dedi.
"Yox, bu azdır, 5-dən aşağı olmur”, - tibb bacısı israrla dilləndi. Əlacsız qalan qadın çantasından 5 manat çıxarıb uzatdı.
Sonrakı söhbətləri dinləməyə macal tapmayıb, rentgendən keçmək üçün 4-cü mərtəbəyə qalxdıq.
Burada 2 USM otağı, 2 ginekologiya,1 lazer yoxlama otağı var. Otaqların qarşısı adamlarla dolu idi. Hər yaş qrupundan adam vardı. Növbədə neçənci adam olduğumuzu müəyyənləşdirə bilmirdik. Adamların əllərindəki dördkünc kağızdan bilmək olurdu ki, onlar da bizim kimi pulsuz müayinə kartı açdırıblar.
İçəridən əlində qara qeydiyyat dəftəri tutan bir xanım çölə çıxıb "növbə dörd” deyə səsləndi. Sonra bizim də adımızı kitabçaya qeyd etdi. Bir pasiyentin yoxlanışı yarım saata qədər çəkirdi. Gözləməkdən yorulan adamlar bir-birini tanımasalar belə, söhbət edirdilər.
Qadınlardan biri qırmızı əlillik vəsiqəsini göstərib dedi: "Qarabağ ailələri növbədənkənar qəbul olunmalıdırlar əslində. Yoldaşım Qarabağ müharibəsində könüllü vuruşub, onun bəlası da elə oradan gəldi. Heç nəyindən yararlana bilməmişik, heç olmasa bu vəsiqəsindən yararlanaq. Bu dəfə qapı açılanda özüm girəcəm”.
"Ay bala, burda kim-kimədir?"
Bu zaman hamilə gəlinini yoxlatmağa gətirən yaşlı qadın dilləndi: "Ay bala, burda kim-kimədir? Yıxılıb ölsən, kimsə üzünə su tökməz. Gəlinimi ilk dəfə bura qanaxması olanda gətirmişdim. Nə qədər "təcilidir” desəm də, bizə nə növbə verən oldu, nə də içəri qəbul edən”.
Atasını gətirdiyini deyən başqa bir qadın da söhbətə qoşuldu: "Hamının öz dərdi var. Sənin ərin indi Qarabağda vuruşub, biz nə edək?”
Hərdən qeydiyyat aparan qadın, "bunların növbəsi keçir” - deyib istədiyi adamı növbədənkənar içəri qəbul edirdi.
Bir neçə saat keçdikdən sonra bizim də növbə çatdı. Sənədləri aldıqdan sonra son baş çəkəcəyimiz yerə - kardiologiya otağına düşdük. Xoşbəxtilkdən burda növbəyə duranlar az idi. Yoxlanışdan çıxan qadın onu gözləyən başqa bir qadına üzünü tutub dedi: "Bunları elə biz qudurduruq. Deyirəm, göndərişlə gəlmişəm”, - deyir: "Heç olmasa aparata 3 manat ver”.
"Özümüz pulu veririk, öyrəşdiririk"
Bir nəfər kişi dilləndi: "Bizi asmaq lazımdır. Özümüz pulu veririk, öyrəşdiririk. Axırda da bax belə”.
Müayinəsinin cavabını almaq üçün içəri daxil olan qadın tez də bayıra çıxıb növbədə dayananlardan 10 manata xırda olub-olmadığını soruşdu. Nəhayət, anket otağında pulunu xırdaladıb yenidən kardiologiya otağına girdi. Otaqdan çıxandan sonra isə təəssüratlarını bölüşməyi də unutmadı: "Şükür, heç nə çıxmadı. Özəldə təkcə qeydiyyat 50 manat, ürəyi eko eləmək 80 manatdır. Allah bu həkimlərdən razı olsun, özələ baxanda 3-5 manat nə puldur ki?”
Özəl xəstəxanalarla dövlət xəstəxanalarının fərqini, ikincinin pulsuz adı altında rüşvət topladığını və bunun qanunsuz olduğunu izah etmək istəsək də, mümkün olmadı. Qadın getmişdi...