Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

ReAL-da nə baş verir? – Azər Qasımlı “lüstrasiya”dan, Erkin Qədirli “qaçmaq”dan danışır



“Müxalifətdə lüstrasiya (təmizlənmə) olmalıdır”. 

Bu sözləri Respublikaçı Alternativ Partiyası (ReAL) Məclisinin keçmiş başqanı Azər Qasımlı deyib. Azər Qasımlının bu fikirləri müxalifət daxilində iqtidarın “minalarının” olması barədə mülahizələri gücləndirib. O hesab edir ki, müxalifət təmizlənməsə, YAP iqtidarına qalib gəlmək mümkün olmayacaq. 

Fəqət, Azər Qasımlı detallara varmayıb. Konkret olaraq hansı müxalif təşkilatın, yaxud fərdin hakimiyyətlə işbirliyində olduğunu, ümumiyyətlə, bu prosesin xarakterik əlamətlərini açıqlamayıb.  Bəzi ehtimallara görə, Azər Qasımlı bu fikirləri səsləndirərkən ReAL Partiyasını nəzərdə tutub. Onun sonda “sualları olan realçıları bu günki tədbirimə dəvət edirəm” söyləməsi bu ehtimalları bir qədər də qüvvətləndirib. 

Digər tərəfdən Azər Qasımlı bu günlərdə ReAL-dan istefa verib. O, istefasını ReAL-ın sədri İlqar Məmmədovun partiya quruculuğu ilə bağlı irəli sürdüyü təkliflərin qəbuledilməz olması ilə izah edib. Onun fikrincə, İlqar Məmmədov ReAL-da avtoritar üsul-idarə yaradır. Azər Qasımlının mövqeyinə haqq qazandırıb ReAL-ı tərk edənlərlə yanaşı, onu və ardıcıllarını tənqid edən realçılar da var. 

Azər Qasımlının müxalifətin təmizlənməsi ilə bağlı fikirndən 1 saat sonra ReAL-ın əsas simalarından sayılan Erkin Qədirli keçmiş Məclis sədrinin və tərəfdarlarının istefası barədə fikirlərini açıqlayıb. O, İlqar Məmmədovun partiyada diktatura qurmaq istəyi barədə iddiaların yanlış olduğunu bildirib: “Açdığınız mövzu, etdiyiniz söhbət kökündən yanlışdır. Hər şeyi atıb getmisinizsə, siyasətdə bir daha olmayacaqsınızsa, o zaman anlaşılır. Belə halda sizə heç bir qınağım yoxdur. Yox, əgər bundan sonra siyasətdə qalmaq, ola bilsin hətta Azərlə davam etmək istəyirsinizsə, onda bilin - bunu belə etməzlər. Sizdən əvvəl də ReAl-dan gedənlər olub, onların da ReAl-a atılası daşları var. Amma onlar bir tək ReAl-dan deyil, ümumiyyətlə siyasətdən gediblər.

"İlqar Məmmədov təkbaşınalıq yaradır", "İlqar Məmmədov diktatura qurur", "adamın partiyası yox, partiyanın adamı olmaq lazımdır" sayağı söhbətlərin boş olduğunu özünüz görmürsünüz? Görmürsünüzsə, deyim, əsl anti-demokratik və prinsipsiz hərəkəti siz etdiniz. Məclisdə qalıb, İlqarın təklifinə qarşı çıxıb əleyhinə səs verməkdənsə, hamınız İlqarın təklifinə (o cümlədən Məclisin buraxılmasına) səs verdiniz, sonra da ReAl-dan çıxıb ReAl-da demokratiyanın boğulduğundan yazdınız. Bu, nə davranışdır belə?!”

O, ReAL-dan istefa verənləri mübarizədən qaçmaqda ittiham edib.  “ReAl-dan hər kəs gedə bilər. Amma getməyi də bacarmaq lazımdır. Siz getmədiniz, qaçdınız. "ReAl-ın gəmisi batır" deyə düşündünüz, bəlkə, bilmirəm. Elədirsə, tələsdiniz. ReAl-ın gəmisi nəinki batmır, o, hələ heç dənizə çıxmayıb, limandadır, lövbərdə dayanıb uyğun hava gözləyir. Uyğun hava nədir? Qarşıdan gələn parlament seçkiləri”, - deyə Erkin Qədirli vurğulayıb.

Güman ki, Azər Qasımlı bu gün keçirəcəyi tədbirdə həm yuxarıdakı fikrinə bir qədər işıq salacaq, həm də Erkin Qədirlinin iddialarını cavablandıracaq.


YeniSabah





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10