Bakı Metropoliteni: Gur saatlarda yaranan sıxlığın sərnişinlər tərəfindən anlayışla qarşılandığına ümid edirik
Metrodan istifadə edən sərnişinlərin sıxlığı son vaxtlar əməlli-başlı problemə çevrilib. Sərnişinlər qarışıqlıqdan əziyyət çəkir, üstəlik uzun dəqiqələr ərzində növbəti qatarların gəlməsini gözləməli olurlar.
Metrostansiyalardakı bu problemin həlli üçün yeni tədbirlər planı nəzərdə tutulurmu? Bu sualla “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədova müraciət edilib.
O deyib ki, ciddi texniki problemlər, uzunmüddətli ləngimələr olanda səbəblər barədə dərhal məlumat verilir: “Sərnişin sıxlığının tənzimlənməsi üçün gur saatlarda "Memar Əcəmi"dən və "Neftçilər"dən xəttə əlavə qatarlar çıxır. Belə olanda, "Dərnəgül-Memar Əcəmi" və "Həzi Aslanov-Neftçilər" istiqamətində interval çox olur”.
“Hər gün həmin vaxtlarda sıxlıq olur. Yalnız iki stansiya arasında və məhz həmin sahədə günün gur saatlarında sıxlığın sərnişinlər tərəfindən anlayışla qarşılandığına ümid edirik. Qaldı ki, qatarların texniki vəziyyətinə, Metoropoliten problemlərin yaranmamasına çalışır. Bunun üçün təmir bazası maksimum yaxşılaşdırılıb və proses davam edir”, - Məmmədov bildirib.
Qeyd edək ki, metroda sərnişinlər arasında narazılıqlardan biri də “Bakıkart” aparatlarının azlığıdır. Bu da pik saatlarda növbələrin yaranmasına səbəb olur. Həmin aparatların sayını artırmaq olmazmı?
Bəzən də, aparatlardan pulların boşaldılması prosesi məhz səhər saatlarında olur ki, bu da yenə ləngimələrə gətirib çıxarır. Eləcə də aparatların bəzi hallarda yalnız kağız və ya dəmir pul qəbul etməsi də sərnişinlərdə narazılıq yaradır.
Bu məsələyə cavabında “Bakı Metropoliteni” QSC-nin sözçüsü vurğulayıb ki, həmin aparatların Metropolitenə aidiyyəti yoxdur: “O aparatlar “Bakıkart”a məxsusdur və xidməti də onlar göstərirlər. Amma bu məsələni müvafiq tərəfə çatdırıb müzakirə etmək olar”.
ayna.az