Rusiya tərəfi Fransadan müraciət daxil olacağı təqdirdə Smolenskdə tapılmış Napoleon Bonapartın generalı Sezar Güdenin nəşini fransızlara təhvil verməyə hazırdır.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Mətbuat katibi əlavə edib ki, Moskva fransız generalın nəşinin Parisə göndərilməsinə hər cür kömək edə bilər. Onun sözlərinə görə, Prezident Vladimir Putin bu məsələni bilir və ona Smolenskdə tapılmış insan cəsədi qalıqlarının Napoleonun generalı Sezar Şarl Etyen Güdenə aid olması barədə DNT analizinin nəticələri barədə məlumat verilib. Rusiya Prezidentinin mətbuat katibi deyib: “Bu məsələdə bizim və Fransanın arxeoloqları həqiqətən əla iş nümayiş etdiriblər: onlar sənədləri araşdırıb, birgə qazıntı aparıblar”.
Rus-fransız arxeoloji ekspedisiyası 2019-cu ilin mayından Smolenskdə qazıntılar aparıb. İyulda tarixçi, Fransa-Rusiya Tarix Təşəbbüslərinin İnkişafı Fondunun prezidenti Pyer Malinovski bəyan edib ki, 1812-ci ildə Napoleonun qoşunları ilə döyüşün baş verdiyi ərazidə qazıntılar zamanı Güdenin olduğu ehtimal edilən cəsəd qalıqları tapılıb.
Sezar Güden Napoleon ordusunda diviziya komandiri olub. Valyutina dağı ətəyində döyüşlər zamanı ağır yaralanan general Smolenskdə vəfat edib.