Mingəçevir sakinləri qan müayinəsinə getməsinlər, çünki cihaz xarab olub
Mingəçevir sakini Elxan Rəşadov yaşadığı şəhərin mərkəzi xəstəxanasından şikayətçidir. Onun sözlərinə görə, 05.11.2019-cu ildə qan analizi verib, amma bu gün cavabını götürməyə gedəndə məlum olub ki, biokimyəvi analizlər aparılmayıb: “Səbəbini soruşdum, cavab verdilər ki, “artıq üçüncü gündür, bu analizləri yoxlamaq üçün aktivlər (reaktivlər – müəll.) şəhərdə olmadığına görə qəbul etmirik”. Görün, nə gündəyik, Respublikanın dördüncü şəhəri olan Mingəçevirdə, 3 gündür aktiv yoxdur ki, biokimyəvi analizləri etsinlər”.
Şikayətçinin müraciəti ilə əlaqədar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının (MŞMX) direktoru Könül Ələkbərovla əlaqə saxlanılıb. O bildirib ki, hazırda icbari tibbi sığorta layihəsi ilə əlaqədar şimal rayonlarından birindədir, amma xəstəxanada onu əvəz edən rəhbərlik var.
Buna baxmayaraq, şikayətə aydınlıq gətirən direktor qeyd edib ki, xəstənin şikayəti əsassızdır: “Xəstəxanamızda xəstələrə yalnız həkim göstərişi əsasında qan müayinələri təyin olunur. Ola bilər ki, xəstə öz istəyi ilə əlavə analiz istəyib, bundan imtina olunub. Bundan əlavə, bizim qan müayinəsi üçün reaktivlərimiz heç vaxt bitə bilməz, çünki xəstəxanada hər zaman 3 aylıq reaktiv ehtiyatı olur. Adıçəkilən xəstənin və ya başqasının şikayəti, iradı varsa da, xəstəxana rəhbərliyinə, xəstə hüquqları ilə məşğul olan şöbəyə müraciət edə bilər”.
Xəstəxananın baş həkimi Eldar Kərimov isə deyib ki, problem reaktivlərlə bağlı deyil, xəstəxanada heç vaxt reaktiv çatışmazlığı olmayıb: “Bizim istifadə etdiyimiz xarici aparat (Roche Cobas İntegra 400 Plus) xarab olub. Xarici aparatların təmiri uzun çəkdiyindən problem yaranıb. Şikayətçinin qan müayinələri həyati əhəmiyyətli, təcili olmadığından aparat düzələn kimi müayinənin cavablarını götürə bilər. Onlarla icbari tibbi sığorta ilə gələn xəstəmiz var, nə ilə bağlı sözü olan varsa, gəlib bizə deyə bilərlər”.
Problemlə bağlı yazını hazırladığımız müddətdə direktor Könül Ələkbərov redaksiyamızla əlaqə saxlayaraq, son saata olan mövcud vəziyyəti açıqlayıb: “Hazırda aparat hələ də işlək vəziyyətdə deyil, bir müddət əvvəl aparatın plata deyilən hissəsi dəyişilmişdi, hətta bir illik zəmanət də verilmişdi. Plata təkrar yanıb, yenidən təmirə ehtiyac duyulub, bu səbəbdən Bakıdan mütəxəsislər çağırılıb. Aparat düzələn kimi müayinələrə davam ediləcək”.
Qeyd edək ki, İcbari Tibbi Sığorta Mingəçevirdə pilot layihə olaraq tətbiq edilir və sınaqdan keçirilir.
ayna.az