Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Danışığında məntiq yoxdur, səviyyəsizdir, “bozbaş”dır” - Efir və toy qalmaqalı



Xəbər verdiyimiz kimi, Əməkdar artist Aybəniz Haşımova efirlərə bayağı mahnı oxuyanların dəvət almasından gileylənib: “Efirlərə buraxılan mahnılar nədir? Demirəm, yenilik olmasın. Özüm də tələbələr yetişdirirəm. Bayağı oxuyanların içində mənim də keçmiş tələbələrim var. Deyirəm, bu nədir oxumusan? Qayıdır ki, başqa mahnı oxuyanda, efirə çağırmırlar, toya aparmırlar”. 

Xanım müğənninin bu sözləri müzakirələrə səbəb olub. Görəsən, həqiqətənmi efirlər və toylar səviyyəli mahnı oxumayanların üzünə bağlıdır və oralara bayağı ifaçılar yol açıb? Bununla bağlı sənətçilərlə, şou-biznes nümayəndələri ilə əlaqə saxladıq, fikirlərini öyrəndik.

Bu barədə danışan teleaparıcı Elgiz Əkbər bu gün bayağı ifaçıların efirlərdə çox göründüyünü bildirib:

“Bəli, təəssüflər olsun ki, bu belədir. Bayağı ifaçılar efirlərə daha çox dəvət alırlar. Mən əvvəllər “Səhər-səhər” verilişinin aparıcısı olanda belə şeylər olurdu. İndi isə mən sosial verilişin aparıcısıyam, hazırkı verilişimdə oxumaq yoxdur, amma uzun  müddət “Səhər-səhər” verilişində oldum. Həmin proqramda bayağı müğənnilər gəlirdilər, xüsusilə də duet oxuyanlar... Az qalırdım dişimlə ətimi qopardam, o qədər əsəbləşirdim, xəcalət çəkirdim ki, bu nə  biyabırçılıqdır?! Biz bu biyabırçılığı görmək məcburiyyətindəyikmi? Bilirsiniz, təəssüflər olsun ki, reytinqi onlar verirlər, insanların zövqü dəhşətli dərəcədə korlanıb. Bilirsiniz ki, verilişlər rəqabət şəraitində çalışır, hamı istəyir ki,  öz verilişi baxımlı, reytinqli olsun. 

Efirə çağırırsan səviyyəli müğənni və o da təbii ki, öz səviyyəsini qoruyur, çox tərbiyəli, gözəl çıxışlar edir, amma bu insanları maraqlandırmır. Hansı ki, həyasızlıq edir, danışığında məntiq yoxdur, səviyyəsi son dərəcə aşağıdır,  bayağı, “bozbaş”dır, o adamlar daha çox baxılır. Ona görə də kanallar məcburdur. Təbii ki, bizim dövlət kanalımız var, orada  belə məsələlər yoxdur, çünki onlar sponsorlardan asılı deyillər, onları dövlət maliyyələşdirir. Bu tip problemlər özəl kanallarda olur. Özəl kanallar sponsorlardan asılıdır. Sponsor da baxır ki, hansı verilişin reytinqi varsa, o verilişə sponsorluq edir. Verilişin rentinqi yoxdursa, ona sponsorluq edilmir. Problem bundadır”.

Xalq artisti Nazpəri Dostəliyeva isə bu cür mahnı oxuyanlara musiqi təhsili almağı, efirlərdə klassik əsərlərə müraciət etməyi tövsiyyə edib:

“Mən  şəxsi fikirlərimi deyəcəyəm. Bir sənətkar olaraq, 12 ilin pedaqoqu olaraq, uzun illərin təcrübəsi ilə belə bir nəticəyə gəldim ki, toylar da bizimdir, səhnə də bizimdir. Xalqımız toylarda da bizi qiymətləndirir, hətta maddi cəhətdən, eyni zamanda, televiziyada da dəyərləndirirlər. Mən bunlar arasında ayrıseçkilik salmaq istəmirəm, amma var akademik ifa, var təhsil görməyən, sadəcə olaraq “mən belə istəyirəm, belə də oxuyum” deyənlər. Efirə çıxmaq üçün mütləq təhsil görmək lazımdır. Mən  bunu televiziya vasitəsilə də  gənclərimizə aşılamağa çalışdım. Mənə dedilər ki, bu sözlərim hətta bəzilərinin xətrinə də dəyib. Deyirlər, guya, İncəsənət universitetində təhsil almaq mütləqdirmi?  Bəli, mənim əzizlərim, Milli Konservatoriyamız, İncəsənət Universitetimiz var. Nə üçün onlar orada təhsillərini yüksəltməsinlər? 

Mənim bir arzum var, Azərbaycan sənətçisi səhnəyə ilk addımında ali təhsilə üz tutsun. İnanın mənə, orada hər şey var, toy da var, musiqinin gözəli də var, musiqidə olan bütün  gözəlliklər var. Akademik ifa  toyda da özünü göstərəcək, səhnədə də.  Mən hesab edirəm ki, hansı Azərbaycan musiqisi olursa olsun, heç olmasa, televiziyaya çıxanda mütləq və mütləq klassik  əsərlərimizə, bəstəkarlarımızın  əsərlərinə müraciət etsinlər. Ola bilər, onları bir müddət başa düşməsinlər, amma təhsili, zövqü, nüfuzu və eyni zamanda, yaxşı düşüncəsi olan insanlar hər zaman gözəl musiqi istəyir. Mən hesab edirəm ki, özünə hörmət edən müğənni heç olmasa, efirlərdə ali musiqini,  akademik ifaları göstərməlidir.  Bu bir nəfərlə başa gəlmir. Biri  desə ki, mən bunu çörək üçün edirəm, keçin mənə, olmaz. İnanın mənə, çörək üçün  də, gələcək üçün də bir gözəl  ifa var, o da akademik ifa, dəyərli əsərlərdir. Gəlin, hamımız gözəl əsərlərimizi təqdim edək və xalqın musiqi zövqünü o səviyyəyə çatdıraq. Xalq heç birimizdə fərq qoymasın ki, bu yaxşı oxuyur, o pis. Yaxşı sənət hər yerdə yaxşıdır. Mənim bircə tövsiyyəm budur ki, hər bir musiqiçi ali təhsil alsın və  efirlərdə də ali təhsil görmüş musiqiçi və müğənni iştirak etsin. Onlar da Azərbaycan musiqisini yüksək səviyyədə,  zövqlə xalqımıza təqdim etsin”. 

Müğənni Xuraman Şuşalı da bəzi ifaçıların efirə pul verərək çıxdığını bildirib:

“Yox, efirlərə çıxmaq üçün ancaq bayağı mahnı oxunmalı olduğunu düşünmürəm. Sadəcə olaraq, kütlə efirə baxır  və həmin kütləni cəlb etmək üçün belə edirlər. Bayağı oxuyan müğənniləri “raskrutka” edirlər. Bu da özəl kanalların öz prnsipidir, orada pulunu ödəyirsən və efirə çıxırsan. Bu kimi söhbətlər var. Ona görə də efirdə bayağı mahnılar oxunur. O əvvəllər idi ki, şura var idi, müğənnilər oradan keçirdi, mahnılara baxılırdı. Mənim müəllimim danışırdı ki, mahnının dəqiqəsinə kimi fikir verirdilər, hətta onlar buna görə qonorar da alırdılar. Bəzi müğənnilər var ki, onlar “platnı” müğənnilərdilər, onlar efirə çıxmaq üçün müəyyən məbləğ ödəyirlər və verilişlərin paketini alırlar. Mən ad açıqlamayacağam, çünki onlar özəl kanallardır və bunu etməyə ixtiyarları da var. Bu gün vəziyyət budur. Mən özüm pullu müğənni deyiləm, heç vaxt pul verib efirə çıxmamışam, heç vaxt da çıxmaram. Amma toylara getmək üçün daha əhval-ruhiyyə yüksəldən, ritmik mahnılardan istifadə olunur. Belə olduqda toylara daha çox çağrılırlar. Düzdü. reallıq budur. Müəyyən bir kütlə var, hamının publikası eyni deyil axı. Kim hansı publikaya işləmək istəyirsə, o publikaya da işləyir”. 

İfaçı son vaxtlar efirlərə çıxmamağının səbəbini də açıqlayıb:

“Mən  9 aydır ki, efirlərə çıxmıram. İnşallah, övladım dünyaya gələcək, bu halda istəmədim efirlərə çıxım. Şükürlər olsun, ayaqdayam, sənətimdəyəm, aktivliyim yerindədir. Yeni mahnılar yazdırıram. Ana olduqdan sonra efirlərə mütləq çıxacağam. Efirlərə çox dəvət alırdım, getmirdim, hətta buna görə inciyənlər də olurdu. Bilmirdilər ki, niyə hər dəfə efirə gəlməkdən imtina edirdim. Hər dəfə bir bəhanə edirdim. Yenidən efirlərə çıxacağam, mənim işim işdir. İşimi heç vaxt kənara qoymamışam, hamısına vaxt çatdırmağa çalışıram. Toylara gedirəm, işimin arxasındayam. Bir tək efirlərdə görsənmirəm, amma işim iş olaraq qalıb”.

/Yenisabah/





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10